Dilavər Əzimli: "Hazırda lobbiləri və əllərindəki biznes imkanları vasitəsilə Fransanın siyasətinə təsir edə bilirlər"
Qabil Hüseynli: "Onda Fransada ermənilərə müstəqillik verin"
Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, "Madrid prinsipləri" tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri öz müqəddəratını müəyyən etməlidir. Ollandın bu cür açıqlama verməsi Azərbaycan ictimaiyyətinin və rəsmilərin ciddi etirazına səbəb olub. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa rəhbərliyinin açıq şəkildə ermənipərəst mövqe sərgiləməsi vasitəçilik missiyasına tamamilə ziddir.
Maraqlı sual yaranır: Fransanın ermənilərə bəslədiyi sevginin kökündə hansı tarixi məqamlar durur?
Tarixçi-alim Dilavər Əzimli qəzetimizə bildirdi ki, ermənilərlə fransızlar arasında çox qədim zamanlara söykənən tarixi yaxınlıq axtarmaq yersiz olar: "Çünki biz daim deyirik və tarixi faktlar da sübut edir ki, ermənilərin elə də qədim tarixi yoxdur. Xüsusilə də Avropada onların kompakt yaşadığı zaman olmayıb. Fransa ilə onların tarixən köçəri şəkildə yaşadığı məskənlar arasında məsafə yaxınlığı da yoxdur. Ancaq son iki əsrdə ermənilərin Fransada möhkəmlənməsi hallarına rast gəlinir. Bundan sonra onların diasporu, lobbisi həmin ölkədə formalaşıb. Hazırda elə vəziyyətdədir ki, lobbiləri və əllərindəki biznes imkanları vasitəsilə Fransanın siyasətinə də təsir edə bilirlər. Ermənilər xislət baxımından hiyləgər olduqları üçün, onlardan bir etnos olaraq böyük ölkələr öz maraqları üçün istifadə edib. Fransa da ambisiyası olan ölkədir. Onlar Almaniya ilə Avropada hegemonluq uğrunda daim mübarizə aparır. Bu yarışmada ermənilərdən istifadə olunması kimi tarixi faktlara rast gəlinir. İkinci detalı isə mən sırf xristian təəssübkeşliyi ilə izah edərdim. Onlar kilsə faktorundan daim yararlanmağa çalışıb. Ermənilərin dindən məharətlə istifadəsi kimi qədim bilgiləri bu gün də özünü göstərir".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Fransanın ermənipərəst olduğu ilə bağlı ortaya çıxan fakt bizim üçün yenilik deyil: "Amma bu qədər açıq formada, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə beynəlxalq hüquq normalarına sığmayan fikir söyləmək prezidentə yaraşan hərəkət deyil. Ollandın ermənilərin öz müqəddəratını təyin etmək hüququnun olması ilə bağlı dediyi fikirlər obyektivlikdən uzaqdır. Məgər Fransa prezidenti bilmir ki, Dağlıq Qarabağ
Azərbaycanın tərkibində muxtar vilayət olub və müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsidir?! Olland "Qarabağ xalqı" ifadəsini işlədir. Əvvəla belə xalq yoxdur. Cəmi 30-40 minlik ermənini xalq səviyyəsinə qaldırmaq yersiz davranışdır. Fransada yarım milyondan çox erməni yaşayır. Millətlərin öz müqəddəratını təyin etmək hüququna belə hörmət bəsləyirsinizsə, onda Fransada ermənilərə müstəqillik verin. Görünür, hakimiyyətdən getməyə hazırlaşan Olland ölkəsindəki erməni diasporunun rəğbətini qoruyub saxlamaq üçün saxta tezisləri səsləndirməyə davam edəcək".
Məhəmmədəli QƏRİBLİ