Cari ilin ötən dövrü ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində hələ də hansısa mühüm danışıqların aparılmadığı müşahidə olunur. Bu fonda əksər ekspertlər proqnozlaşdırır ki, danışıqlarda yaranan mövcud vəziyyət müharibə risqini indi daha çox yüksəldir.
Digər tərəfdən cəbhədə düşmənin artan təxribatları da müharibəni tətikləyən daha bir amildir. Yeri gəlmişkən xatırladaq ki, son dəfə 3 gün əvvəl Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.
Ümumiyyətlə, real vəziyyətin təhlili göstərir ki, müharibə başlasa, bu dəfə daha genişmiqyaslı olacaq və Ermənistanın qısa müddətdə məğlubiyyəti qaçılmaz reallıq kimi çıxış edəcək. Bunu Ermənistanda da açıq etiraf edirlər. Hazırda bununla bağlı ölkəni yeni müharibə xofu bürüyüb. Erməni politoloq Riçard Kirakosyan da vurğulayır ki, Qarabağda ən yaxın zamanlarda yeni müharibə başlaya bilər: "Ehtimal ki, bu, apreldə olacaq". Onun sözlərinə görə, Qarabağ ətrafında son danışıqlarda "Lavrov planı" müzakirə olunurdu: " Plan bu ərazilərin qaytarılmasını nəzərdə tuturdu. Rusiya və Azərbaycan Ermənistan olmadan bu məsələdə razılaşmışdılar. Ümumiyyətlə, Rusiyanın əsas məqsədi Qarabağa öz sülhməramlılarını yerləşdirməkdir. Bu gün Qarabağ münaqişəsi ətrafında diplomatiya dalana dirənib və çox təhlükəli vəziyyət yaranıb. Bu, yaxın günlərdə yeni müharibənin başlanmasına işarədir. Güman ki, yeni müharibə apreldə başlaya bilər. Yeni müharibə olarsa, Azərbaycan daha çox ərazi əldə edəcək". Erməni politoloq qeyd edib ki, Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək: "İndi Ermənistan üçün daha təhlükəli vəziyyət yaranıb. ABŞ-da Donald Tramp prezident seçiləndən sonra dünyada da bir çox şey dəyişib. Trampın dövründə bizim üçün hər şey daha da pis ola bilər. Biz yalnız ona ümid etməliyik ki, Tramp Cənubi Qafqaza diqqət yetirməsin. Lakin bu gün deyə bilmərik ki, Tramp bu regionu tamamilə Vladimir Putinə verib. Rusiya Qarabağ məsələsində liderliyini qorumaq üçün addımlar atacaq və Putin münaqişənin öz nəzarəti altında həllinə tələsəcək". Bununla yanaşı, o da məlumdur ki, Rusiyanın Qarabağ planlarına Ermənistanda müqavimət rəsmi İrəvana kifayət qədər baha başa gələ bilər.
Rusiyalı ekspert Vadim Dubnov da hesab edir ki, Ermənistanın Rusiyadan kənar hərəkət etməsi ona baha başa gələ bilər: "Bunu bir çox erməni də başa düşür. Hər şeydən öncə Rusiya ermənilər üçün işləmək və pul qazanmaq yeridir. Onların əksəriyyəti ailəsini məhz Rusiyada qazandığı pulla dolandırır". Dubnov qeyd edir ki, Ermənistan hakimiyyətinin yanlış addımı Rusiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməsini şərtləndirəcək. Erməni ekspertlər də Sarkisyan hakimiyyətinin Kremldən kənar hərəkət edə bilmədiyini etiraf edir. Politoloq Stepan Qriqoryan xatırladır ki, Ermənistanda bank sektorunun, energetikanın, ümumilikdə iqtisadiyyatın 80 faizi Rusiyanın əlindədir: "Ermənistan sərbəst hərəkət etməyə qərar verəcəksə, Rusiya Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın maraqları çərçivəsində həllinə strat verəcək". Lakin erməni politoloq ölkə daxilindəki vəziyyətin partlayış həddində olduğuna da diqqət çəkib: "Hakimiyyət Rusiyanın istəyinə uyğun hərəkət etməyə davam etdikcə, ölkə daxilində siyasi partlayış vəziyyəti yetişir. Xüsusilə vətəndaş cəmiyyətinin fəallığı yüksəkdir". Erməni politoloq hər iki halda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyindən çıxış edəcəyini hesab edir: "Hakimiyyət siyasi partlayışın baş verməməsi üçün sərbəst addımlar atarsa, Moskva dərhal Qarabağ kartından istifadə edəcək. Yaxud bunun əksi baş verərsə, siyasi inqilab nəticəsində Rusiyameylli hakimiyyət devrilərsə, yenə eyni nəticələr olacaq". Ermənistanda ehtiyat edirlər ki, Rusiya bu ölkədən dəstəyini çəkib müharibə meydanında onları tək qoysa, Azərbaycan onlara həlledici zərbə vuracaq. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bu fonda diqqəti ona yönəldir ki, son günlər cəbhədə erməni tərəfinin verdiyi itkilər barədə məlumatlar gəlməkdədir: "Qarşı tərəf verdiyi canlı itkiləri gizlətmək məcburiyyətində qalıb. O da məlumdur ki, Xankəndindəki tibb müəssisələrində yaralılara yer çatışmır. Buna görə də onlar İrəvana təxliyə olunur. Bu bir daha sübut edir ki, Ermənistan rəhbərliyi öz çirkin əməllərindən əl çəkməyib. Cəbhə xəttində verilən itkilər artıq Ermənistan ictimaiyyətini də narahat edir. Bilirlər ki, hərbi cəhətdən irəliləyişə nail ola bilməyəcəklər". Elə bütün bunlara görədir ki, Ermənistanda cəbhədə vəziyyətin gərginləşə biləcəyindən və bunun yeni müharibəyə yol açacağından çox ehtiyat edirlər.
Tahir TAĞIYEV