Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün yaratdığı ən böyük fəsadlardan biri də bu ölkənin demoqrafik durumu ilə bağlıdır. Sözügedən münaqişə səbəbindən Ermənistanın üzləşdiyi sosial-iqtisadi fəlakətlər, təhlükəsizliyinin təhdid altında olması gedərək daha çox sayda erməninin ölkəsini tərk etməsi ilə müşayiət olunur. Məhz bu konflikt Ermənistanda işsizlik səviyyəsinin davamlı şəkildə artması əhalinin ölkəni, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini tərk edərək xaricə qaçmasını tətikləyən ən başlıca faktordur.
Erməni sosioloqlarının, demoqrafiya mütəxəssislərinin uzun müddətdir həyəcan təbili çalmasına baxmayaraq, vəziyyət gedərək pisləşir. Özü də Ermənistanı əsas etibarı ilə əmək qabiliyyətinə malik şəxslər, gənclər tərk edir və bu hal demoqrafik durumu daha da ağırlaşdırır. Digər tərəfdən, rəsmi açıqlamalarda miqrasiya tempinin azaldılmasına cəhdlər olsa da, müstəqil araşdırmalar ölkəni tərk edənlərin sayının Ermənistan üçün çoxdan fəlakət həddini keçdiyini üzə çıxarır. Məsələn, "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanı il ərzində azı 50 min insan tərk edir: "Təkcə son 3 ildə Ermənistan əhalisinin 5 faizi ölkəni tərk edib. Özü də bu, rəsmi statistikaya əsasən yayılan məlumatdır. Rəqəmlə ifadədə bu 5 faiz azı 150 min nəfər deməkdir. Ermənistanın Milli Statistika Xidmətinin rəqəmlərinə görə, ötən il ölkəni tərk edib geri qayıtmayanların sayı 54 min 31 nəfərdir. Başqa sözlə, ötən il 54 min nəfərdən çox adam Ermənistanı geri dönməmək şərtilə tərk edib. Bu, 2016-cı il üçün mühacirət statistikası hesab oluna bilər. Müqayisə üçün, 2015-ci ildə bu göstərici 47 min 676 nəfər idi, 2014-cü ildə isə 47 min 74 nəfər olmuşdu. Ötən il Ermənistanı tərk edənlərin sayının əvvəlki illərlə müqayisədə 6300 nəfərə yaxın olması apreldə Qarabağda baş vermiş 4 günlük müharibə və daha sonra bu müharibənin doğurduğu nəticələr - "Sasna Tsrer" qiyamı ilə əlaqəlidir". Burada bir məqamı xüsusi vurğulamaq lazım gəlir ki, həqiqətən də ötən ilin aprelində baş verən hərbi toqquşmalar da Ermənistanda miqrasiyanı sürətləndirən mühüm faktorlardan birinə çevrilib. Çünki məhz bu toqquşmalar Ermənistan cəmiyyətinə bir daha göstərdi ki, Azərbaycan ərazilərinin işğalda saxlanması Qarabağ münaqişəsinin hər an alovlana biləcəyini göstərir. Sadə ermənilər isə ölkədəki mövcud hakimiyyətin ambisiyaları üzündən Azərbaycan ərazilərində həyatlarını itirmək istəmirlər və bu səbəbdən hərbi xidmətdən yayınmaq üçün ölkəni tərk etəmyə üstünlük verirlər. Məhz bu yolla onlar zorla Dağlıq Qarabağa hərbi xidmətə göndərilməkdən yayına bilirlər.
Burada bir mühüm məqamı da xüsusi olaraq vurğulmaq lazım gəlir ki, məlum aprel savaşından sonra Ermənistan Müdafiə Nazirliyi rəsmən təsdiqlənmiş itkilərinin 130 nəfərə yaxın olduğunu açıqladı. Amma Azərbaycan Müdafiə Nazirliyinin hesablamalarına görə, düşmən bundan üç dəfə çox itki vermişdi və 300-dən çox hərbçisini itirmişdi. Özü də bu siyahıya yaralılar aid olunmur. Yeni müharibə qorxusu bütün Ermənistanı bürüdüyündən, ölkəni tərk edənlərin sayı, "Aykakan Jamanak" qəzetinin qeyd etdiyi kimi, sürətlə artır. Qarabağ münaqişəsinin həll edilməməsi, aydındır ki, bundan sonra da daimi müharibə qorxusu altında ölkədən köçün daha da sürətlənməsinə rəvac verəcək.
Bununla yanaşı, yuxarıda göstərildiyi kimi, Ermənistanı hər il orta hesabla azı 50 min nəfərin tərk etməsini rəsmi qaydada Ermənistan Milli Statistika Xidməti təsdiq edir. Amma "Şrak" analitik mərkəzi ölkəni tərk edənlərin sayının daha çox olduğunu bəyan edir. Bildirilir ki, ötən il ölkəni azı 65 min insan tərk edib v onların da çoxu əmək qabiliyyətli şəxslərdir: "Bu səbəbdən kəndlərdə əsasən qadınlar, uşaqlar və yaşlı insanlar yaşayır. Həmin ailələrin əmək qabiliyyətli kişiləri isə ölkə xaricinə miqrant kimi gedib və geri dönməyib. Son bir ildə Ermənistanı 65 min insan tərk edib". Maraqlıdır ki, erməni deputatlar da miqrasiya tempinin sürətlənməsinin Ermənistana böyük fəlakətlər gətirəcəyini indi açıq etiraf edirlər. Bu fonda ümumi rəqəmlərə diqqət çəkən Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan bildirir ki, 2015-ci ildə ölkədən gedən vətəndaşların 57 mini, 2016-cı ildə isə 60 mini Ermənistana geri qayıtmayıb: "Ümumilikdə, son beş ildə Ermənistanı tərk edənlərin sayı 230 mini keçib. Bu statistika ölkədəki "Şrak" və "Zvartnots" aeroportlarından alınan hesabat əsasında hazırlanıb. Kütləvi miqrasiyanın qarşısını almaq üçün hələ bir neçə il əvvəl proqram hazırlanıb. Bu proqramda sərhəd mühafizəsinin gücləndirilməsi, nizamsız miqrasiyanın idarə olunması, xaricdəki ermənilərin geri dönüşü və digər məsələlər əksini tapıb. Amma yenə də bütün bunların qarşılığında miqrasiyanın qarşısını almaq mümkün olmayıb. Həllini tapmayan Qarabağ münaqişəsi, işsizlik, yoxsulluq insanları ölkədən getməyə məcbur edir. Başqa bir səbəb isə ölkənin pis idarə olunması ilə bağlıdır".
O bildirir ki, Qarabağ münaqişəsi həllini tapsaydı, Ermənistan hərbiyə indikindən daha az vəsait xərcləyərdi. Amma hakimiyyət hələ də bu barədə düşünmədiyindən, ölkəni sürətlə fəlakətə doğru aparır. Aram Manukyan vurğulayır ki, Qarabağ konfliktinin həllinin uzanması fonunda ölkədə ağır sosial-iqtisadi vəziyyətin yaranması, yoxsulların sayının artması təbii haldır. Yenə də Ermənistan Milli Statistika Xidmətinin məlumatları əsasında o xatırladır ki, Qarabağ münaqişəsi fonunda hakimiyyəti əldə saxlayan Serj Sarkisyan prezident seçiləndə ölkədə yoxsulluğun səviyyəsi 26,5 faiz olub. Amma ötən il bu göstərici rəsmi rəqəmlər əsasında 30 faizi keçib və bu da o deməkdir ki, hazırda hər 3 Ermənistan vətəndaşından 1-i kasıbdır. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2008-ci ildən sonra Ermənistanın dövlət borcu 2,6 dəfədən də çox artıb. Yəni 1,9 milyard dollardan 5,5 milyard dollara çatıb. Sarkisyanın prezidentliyinin birinci ilində ümumi daxili məhsul 11,9 milyard dollar səviyyəsində olduğu halda, 2016-cı ildə 1,9 milyard azalaraq 10 milyard dollara düşüb. Bütün bunların əsas səbəbi isə ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin Ermənistana gətirdiyi iqtisadi fəlakətlər və bu konfliktdən istifadə edib hakimiyyətini möhkəmləndirməyə çalışan Sarkisyan hakimiyyətinin yarıtmaz siyasətidir. Düzdür, bu fonda hakimiyyətin yarıtmaz və soyğunçuluq siyasətinə qarşı etirazlar səngimək bilməyib, amma real nəticələr də əldə edilməyib. Belə vəziyyətdə əsas çıxış yollarından biri kimi Ermənistandan mühacirət edənlərin sayı artıb və bu proses indi də səngiməyib. Hökumət isə vəziyyətdən çıxış yolu üçün heç bir addım atmır. Ölkəni tərk edənlərin əksəriyyəti birdəfəlik gedənlərdir və onlar ailələrini də özləri ilə aparır. Bu, Ermənistana xaricdən göndərilən pulların ifadəsində də öz əksini tapır. Belə ki, əksəriyyət ailəsini özü ilə apardığından, daha Ermənistana pul göndərmir. Göndərilən pulların azalması isə Ermənistanda daha ağır iqtisadi durum yaradır. Çünki ölkə iqtisadiyyatı hələ də xeyli dərəcədə pul transfertlərindən asılıdır. Təkcə ötən il və bu il Ermənistana xaricdən göndərilən fərdi transfertlərin ümumi həcmi 42 faiz azalıb. Ermənistan Milli Bankının sabiq rəisi Baqrat Asatryan qeyd edib ki, bu hal Ermənistan əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə enməsinə, yaşayış səviyyəsinin pisləşməsinə gətirir. İqtisadçılar Ermənistanda cari ildə iqtisadi göstəricilərin daha da pisləşəcəyini və yoxsulluq səviyyəsinin artacağını proqnozlaşdırır. Bu isə Ermənistanı daha ağır günlərin gözlədiyini deməyə əsas verir. Yalnız hakimiyyət rəhbərliyində yer alanlar və onlara yaxın olanlar rüşvət, korrupsiya, inhisarçılıq hesabına böyük miqdarda varidat əldə edərək yüksək səviyyədə yaşayışlarını təmin edə biliblər. Onlara qarşı cəmiyyətdə artan etirazın boğulması üçün isə əsas etibarilə Qarabağ kartı ortaya atılır. Amma son dövrlərdə cərəyan edən hadisələr göstərir ki, Qarabağ münaqişəsi ilə bağlı hakimiyyətin gətirdiyi arqumentlərin özü də artıq narazılıqla qarşılanır. Hesab edilir ki, hakimiyyət, bu arqumentlərdənsə, münaqişənin həlli üçün artıq əməli addımlar atmalıdır. Əks halda Ermənistanı bürüyən xaos daha da dərinləşəcək, miqrasiya tempi yüksəlməkdə davam edəcək. Rəsmi rəqəmlərdə cəmi 3 milyon əhalisi olan Ermənistanı ildə ən azı 50 min insanın tərk etməsi isə sözün həqiqi mənasında bu ölkə üçün xaos, onun əhalisiz ölkəyə çevrilməsi deməkdir.
Erməni demoqraf Ruben Ovesyan vurğulayır ki, miqrasiya ilə yanaşı, daha bir problem əhalinin artım səvyyəsi ilə bağlıdır. Onun sözlərinə görə, doğum səviyyəsi azalmaqda davam edir və bütün ehtimallarda bu tendensiya yaxın illərdə də davam edəcək. Ruben Ovesyan burada Dağlıq Qarabağ münaqişəsinin də prosesə mənfi rakursda əhəmiyyətli dərəcədə təsir göstərdiyini diqqətə çatdırır. Bildirir ki, ölkədə reproduktiv yaş indi 1990-cı illərin nəsli hesab olunur. Amma həmin nəslin yetişməsi, formalaşması hələ də həllini tapmayan Qarabağ münaqişəsinin mövcudluğu dövrünə təsadüf edir və bu dövr kifayət qədər böyük çətinliklərlə zəngindir. Digər tərəfdən Ruben Ovesyan qeyd edir ki, 1990-cı illərin nəsli öz sələflərinə görə azdır: "Daha bir bəla odur ki, artıq ölüm tempi də sürətlənib. Bu isə onunla əlaqədardır ki, bizim nəslin yaşlı insanlarının sayı durmadan artır. Qarabağ münaqişəsi, iqtisadi problemlər üzündən vəziyyət daha da pisləşəcək. Elə bu ağır vəziyyətdə ölkəni tərk edənlərin sayı da sürətlə artır. Bunun daha bir real təsdiqi Ermənistanda təkcə son illər ərzində onlarla məktəbin bağlanmasıdır. Bu isə çoxsaylı vətəndaşların Ermənistandan baş götürüb xaricə üz tutması ilə bağlıdır".
Beləliklə, real vəziyyətin təhlili göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistana, sosial-iqtisadi fəlakətlərlə yanaşı, demoqrafiya baxımından da böyük problemlər yaşadır. Düşmən ölkənin əhalisi sürətlə azalır, ölkəni tərk edənlər ilbəil çoxalır. İstisna olunmur ki, Qarabağda aktiv hərbi əməliyyatlar yenidən başlasa, Ermənistanı tərk edənlərin sayı daha çox olacaq. Artıq bu hal aprel müharibəsindən sonra özünü göstərdi. Azərbaycan torpaqlarında ölmək istəməyən ermənilər, bundansa, ölkədən birdəfəlik çıxıb getməyə daha çox üstünlük verir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.