Hamdi Yazır Əlmalılı osmanlıların son zamanlarında yetişən məşhur din adamlarındandır. 1878-ci ildə Antalyanın Əlmalı qəsəbəsində anadan olub. Atası Seriya məhkəməsinin baş katibi olan alim Numah bəydir. Anası Əlmalı alimlərindən olan Əsəd bəyin qızı Fatma xanımdır.
Hamdi Yazır Əlmalılı oxumağı və yazmağı öz atasından öyrənməyə başlayıb. İlk və orta məktəbi Əlmalıda tamamlayıb. İlk orta təhsili ilə hafizliyini də Əlmalıda tamamlayan Hamdi Yazır təhsilinə davam etmək üçün dayısı Mustafa bəylə birlikdə İstanbula gedib və kiçik Ayasofya Mədrəsəsinə yerləşib. Ərəb dilini öyrənərək Qurani-Kərimi əzbərləyib. Daha sonra Müqəddəs kitabımızı türkcəyə tərcümə edib. Bəyazid camisində tanınan ilahiyyatçı Mahmud Hamdi bəyin dərslərinə davam edərək diplom alıb. Müəllimi ilə eyni adı daşıdıqlarına görə, onları ayırmaq üçün müəlliminə Böyük Hamdi, ona isə Kiçik Hamdi adı verilib. Yazılarında da bu imzadan istifadə edib. Soyad qanunu çıxdıqda atasının kəndinin adını - Yazır soyadını götürübsə də, daha çox doğulduğu yerə görə Əlmalılı deyə məşhur olub.
Təhsil aldığı zaman baqqal Arif bəylə Sami bəyin ictimai dərslərinə davam etmək üçün onlardan icazə alıb və Məktəb-i-Nüvvabda davam etdirdiyi təhsilini birinciliklə bitirib. Digər tərəfdən də öz arzusu ilə ədəbiyyat, fəlsəfə və musiqini öyrənib.
Əlmalılı Hamdi Yazır 1904-cü ildə alim adına layiq görülüb. Beləcə, Bəyazid camisi müəllimi olaraq dərs verməyə başlayıb. Bir tərəfdən də Məktəbi Nüvvab (hakim yetişdirən təhsil ocağı) məktəbində təhsilini davam etdirərək buranı da bitirib və hüquqşünas olub. Riyaziyyat, fəlsəfə, ədəbiyyat sahələrində də elmi araşdırmalar aparıb. Bu arada farscanı da öyrənib. Digər tərəfdən dövrün xəttatlarından Sami və Akif bəylərdən hüsnü-xətt dərsləri alaraq gözəl yazmağı öyrənib. Dövrünün alimlərindən Kayserili Mahmud Hamdi bəylə elmi araşdırmalarına davam edib. İstanbulun digər tanınan müəllimlərinin dərslərində də iştirak edərək elmini inkişaf etdirən Hamdi bəy 1906-cı ildə "Bəyazid ustadı" diplomuna layiq görülüb.
1906-cı ildə Müşihat (Diyanət İşləri Dairəsi) idarəsində işləməyə başlayıb. 1909-cu ildə Sultan II Əbdülhəmid xanın taxtdan endirilməsi üçün yazılan fitvanın qaralamasını hazırlayıb. Məşrutiyyətin elanı ilə Antalyadan millət vəkili seçilərək Məclisə girib. Bu arada dərs verməyə də davam edib. Mülkiyeyi Nüvvabda Dürer, Ankamı Evkaf və Süleymaniyyə mədrəsəsində məntiq dərslərini verib. 1909-cu ildə Mülkiyə məktəbində "Vəqf və ərazilərə dair ehkamlar" fənnindən dərs deməyə davam edib və həmin illərdə Qazilər məktəbində Fiqh mövzusunda dərs deməyə başlayıb. Daha sonra "Dar əl-Hikmə əl-İslamiyə"yə üzv, bir müddət sonra da həmin təşkilata sədr seçilib.
Bəyazid mədrəsəsində iki il davam edən müəllimlikdən sonra II Konstitusiyanın ilk məclisinə Antalyadan deputat olaraq girib, II Əbdülhəmidin taxtdan endirilməsinə razı olmayan Nuri bəyi razı salıb, fətva qaralamasını yazaraq bu mövzuda təsirli bir rol oynayıb. Daha sonra Şeyxülislamlıqda bir vəzifə sahibi olub, Məktəbi Nüvvab və Məktəb-i Kudatda fiqh, Süleymaniyyə mədrəsəsində məntiq, Mülkiyə məktəbində vəqf hüququ dərslərini verib. 1915-1917-ci illərdə hüzur dərslərinə muhatab olaraq qatılıb.
Hamdi Yazır Əlmalılı ərəb və fars dillərini şeir yazacaq qədər üst səviyyədə bilirdi. Amma yazılarında sadə bir türkcədən istifadə edib. Bunlarla yanaşı o, fransızcanı da öyrənib. Hətta "əl-Mətalib vəl-Məzahib" adında kitabı fransızcadan tərcümə etdiyi fəlsəfə tarixindən bəhs edən bir kitabı var.
1918-ci ildə Şeyxülislamlıq quruluşunda qurulan Darul-Hikmet-ül-İslamiyyə azadlığına üzv olub, bir müddət sonra isə bu müəssisənin rəhbərliyinə təyin edilib. İsrarlı təkliflər üzərinə Fərid paşanın birinci və ikinci hökumətlərində Evkaf naziri olaraq fəaliyyətə başlayıb. Bu məsul vəzifədə ikən ikinci rütbədən Osmanlı nişanı ilə təltif edilib. 15 sentyabr 1919-cu ildə tanınmışların heyətinə üzv seçilib, elmi rütbəsi ilə Süleymaniyyə Mədrəsəsi müdirliyinə yüksəldilib.
Birinci Dünya müharibəsindən sonra Vəqflər Nazirliyində işləməyə başlayıb və bu ərəfədə Əyanlar Məclisinin üzvü olub.
Əlmalılı Hamdi Yazır 1922-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılması ilə İstanbuldan Ankaraya köçüb. Ankarada fəaliyyətə keçən Seriyye və Evkaf Nəzirliyində işləməyə başlayıb.
Həmin ilki seçkilərdə Antalyadan millət vəkili seçilib və II Konstitusiyanın birinci məclisində "Qanun-i Əsasi"nin dəyişdirilməsində mühüm rol oynayıb. Ölkəni müasir elm və mədəniyyət səviyyəsinə çatdıracağı ümidilə məşrutiyyət idarəsini müdafiə etməyə başlayıb və bu fikri təmsil edən İttihat və Tərəqqi Cəmiyyətinin elm şöbəsinə üzv olub. Avropa tərzində bir konstitusiya yerinə şəriətə uyğun bir konstitusiya modeli gətirmək üçün ciddi çalışmalar edib.
Cumhuriyyətin elan olunması ilə təşkilatlar ləğv edilincə açıqda qalıb. Milli Mücadilə zamanı İstanbul hökumətində vəzifə daşıdığına görə İstiqlal məhkəməsi tərəfindən edama məhkum edilən Hamdi bəy Fatihdəki evindən alınaraq Ankaraya aparılıb və qırx gün həbsdə qalıb. Sonunda, İttihad və Tərəqqi Cəmiyyətinə üzv olduğuna görə günahsız sayılaraq sərbəst buraxılıb və İstanbula dönüb. Bundan sonra camiyə getməkdən başqa heç bir zaman evindən çıxmayıb. Bir gəliri olmadığına görə maddi sıxıntılar çəkdiyi bu dövrdə yarımçıq qalan əsərlərini tamamlayıb. O zamanlar Türkiyə Böyük Millət Məclisində türkcə bir təfsir hazırladılması qərarı alındıqda Diyanət İşləri Başqanlığı bu işi Əlmalılıya təklif edib. O isə bu təklifi qəbul edərək təfsiri yazmağa başlayıb: "Haqq dini Quran dili" adını verdiyi bu əsərini vəfatından əvvəl bitirməyə müvəffəq olub. 27 may 1942-ci ildə uzun sürən ürək xəstəliyindən Eren kəndində kürəkəninin evində vəfat edib və Səhrayicedid qəbiristanlığında dəfn edilib.
Hamdi Yazır Əlmalılı İslam ümmətinin ictimai vicdanını itirməsinin böyük fəlakətlərə səbəb olacağını, müsəlmanları avropalılaşdırmanın bir xəta olduğunu və qurtuluşun Avropanı içimizdə əridib öz dəyərlərimizi qorumaqla mümkün ola biləcəyini yazılarında israrla bildirib. Qeyd edib ki, ona görə də Qərbin dəyərlərindən deyil, elmindən faydalanmaq lazımdır. Çünki insanlar ancaq İslami əsaslara bağlı qalmaqla xoşbəxt ola bilər. "Əslində, insanlıq özünü davam etdirə bilmək üçün bir gün mütləq müqəddəs İslamı mənimsəyəcək və gələcəkdə İslam dini daha yaxşı anlaşılıb uyğulanacaq"-deyə o yazıb.
Hamdi Yazır Əlmalılı, müqəddəs İslamdakı dərin elmi bilgilərlə yanaşı, fəlsəfi düşüncə və müsbət elmlər sahələrində də sağlam anlayışa sahib olub. Belə ki, dini əndişələrlə müsbət elmlərin qarşısına əngəl qoyulmamasını müdafiə edib. Müqəddəs dini öz arzuları ilə yaxşılıq edəcək və kamala qovuşacaq insanlar yetişdirən bir təhsil müəssisəsi və ya insanları öz istəklərilə təbiətdə gözlənən çətinlik və təzyiqlərin üstünə yüksəldəcək olan bir hürriyyət yolu olaraq görüb.
Məşhur təfsir alimi Hamdi Yazır Əlmalılı deyir: "Elm insanların islahı üçün kafi deyil. Nəfsi əmmarənin elə pis duyğuları var ki, insanları bildiklərinin əksinə açıq-açıq pisliklərə sövq edir. Ona görə insanların əxlaqını düzəltmə işində, elmdən başqa, duyğuların islahı üçün əməli bir tərbiyə də əhəmiyyətlidir. Duyğularımızı islah edəcək əməli tərbiyəyə əhəmiyyət vermək məcburiyyətindəyik. Əvvəl özümüzə və ailəmizə İslami tərbiyəni verə bilməsək, cəmiyyətə yol göstərmək çox çətin olar. Ruh tərbiyəsinə laqeyd yanaşan insanlar hər zaman nəfsinə və şeytana tabe ola bilər. Hesab şüuruna sahib olmayan fərdlər mənfəətlərini və arzularını həmişə ön plana çəkə bilər. Bütün bunlar isə insan həyatının İslamdan uzaqlaşmasına səbəb olar. Bildiklərimiz, öyrəndiklərimiz, başqaları üçün olduğu qədər, özümüz üçün də olmalıdır. Yəni özümüzü tanımalı, əsl vəzifəmizi unutmamalıyıq. Həmişə başqalarını irşad etmək və ya tanımaq üçün oxuduğumuz İslami hökmləri özümüzü tanımaq üçün də oxumalıyıq. Uca Yaradanın Kitabında bəyan edilən xüsusiyyətləri, təriflənmiş xüsusiyyətləri qazana bilmək üçün səy göstərməliyik, qınanmış, tənqid edilmiş şeylərdən də mümkün qədər uzaqlaşmalıyıq. Heç qarışqalar bir-birinə sahib çıxıb, gələ biləcək təhlükələrə qarşı bir-birini xəbərdar edərkən, zərərvericilərdən qorumağa çalışarkən, yaradılmışların ən şərəflisi olan insanın insanlara zərərli olması, bir-birinə köməkçi olmaması, şərlilərdən qorumaması və yaxşılıqlara sövq etməməsi düşünülə bilərmi?"
Bu da bir həqiqətdir ki, Əlmalılının yazdığı təfsir günümüzdə də İslam alimləri tərəfindən güvənilən bir təfsir olaraq qəbul edilir.
Türkiyədə Cumhuriyyət elan edildiyi zaman Hamdi Yazır Əlmalılı "Mütəxəssislər" mədrəsəsində məntiq müəllimi işləyirdi. Mədrəsələr ləğv edildikdən sonra evində inzivaya çəkilib, elmi tədqiqat və araşdırmalarına davam edib. İyirmi ilə qədər davam edən bu inziva dövrü "Haqq dini Quran dili" adlı kitabının türk dilində təfsirini yazmasına imkan verib.
Hamdi Yazır Əlmalılı zamanının incəsənət nümunələrindən olan xəttatlıq və musiqi ilə də maraqlanıb. Xüsusilə "nəsx" və "sülüs" yazı növlərində xəttat olub. Eyni zamanda Quran hafizi olduğu üçün alaturka musiqisinin müxtəlif məqamları ilə ciddi bir şəkildə məşğul olub.
Üç-dörd il fəlsəfə ilə də məşğul olan Hamdi Yazır Əlmalılı bəzi Qərb yazarlarının məntiq və fəlsəfə kitablarını tərcümə etmək, pozitiv və təkamül nəzəriyyəsi başda olmaqla müxtəlif fəlsəfi sistemləri tənqid etməklə fəlsəfədə də söz sahibi bir elm xadimi olduğunu göstərib. Elmlər arasındakı əlaqələri düzənləyərək sintez etməyi önəmli görən Əlmalılı digər mütəfəkkir və alimlərdən bağımsız olaraq düşünə bilməsi və onları tənqid edərək fərqli fikirlər irəli sürməsi baxımından müsəlmanların təfəkkür həyatının canlanmasına təsir edib.
Bənzərinə az rast gəlinən mütəfəkkir bir din alimi olan Hamdi Yazır Əlmalılı, türkcə, ərəbcə və farsca şeirlər yazmasına baxmayaraq, ədəbi yönü ilə də çox tanınıb. Əsərlərində istifadə etdiyi dil üzərində aparılan incələmələrdən aydın olur ki, Əlmalılı yazılarında, ümumiyyətlə, sadə türkcə kəlmələrə üstünlük verib. Elmi və dini mövzularda yazdıqlarında isə olduqca ağır bir üslubdan istifadə edib, müxtəlifliyi ilə seçilən cümlələr qurub.
Hamdi Yazır Əlmalılının "Haqq dini Quran dili", "əl-Mətalib vəl-Məzahib", "İrşad əl-Ahlaf fi əhkam əl-Əhqaf" adlı kitabları İslam tarixində xüsusi yer tutur.
Biz bu tarixi şəxsiyyətimizin xidmətlərini həmişə yad etməyə borcluyuq.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor