"Onlar da bu işdə ölkəmizə dəstəyini əsirgəməməlidir"
Tanınmış azərbaycanlı iş adamı, "Dünya Azərbaycanlıları İttifaqı"nın rəhbəri Füzuli Məmmədov (Frenk Elkapone) Prezident İlham Əliyevin sərəncamına dəstək olaraq, Cocuq Mərcanlının bərpasına 3 milyon manat vəsait ayırdığını bəyan edib.
Bu barədə iş adamı açıqlamasında bildirib. O, dünyada yaşayan iş adamlarını da eyni məsuliyyətlə Prezidentimizə və hökumətimizə dəstək nümayiş etdirməyə çağırıb: "Çox ümid edirəm ki, Cocuq Mərcanlıdan sonra erməni işğalından azad olunacaq Xankəndinin, Xocalının, Şuşanın, Ağdamın, Laçının, Qubadlının və Azərbaycanın digər şəhər və kəndlərinin də bərpasında iştirak edəcəyik. Bu gün Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirərək, vətənimizi etibarlı müdafiə edir və onun işğal olunmuş torpaqlarını addım-addım azad edirlər. Biz, bütün dünyada olan azərbaycanlı iş adamları, öz növbəmizdə, əsl vətənpərvərlik göstərməli və Azərbaycan hökumətinə bu ərazilərin bərpa olunmasında kömək etməliyik".
Xaricdəki azərbaycanlı iş adamının bu addımını necə qiymətləndirmək olar?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, bu addımı yalnız təqdir etmək olar: "Cocuq Mərcanlı bizim üçün çox simvolik bir məna daşıyır. Görürsünüz ki, istər ölkə daxilində, istərsə də xaricində ora ciddi diqqət var. Əhali könüllü olaraq orada yaşamaq istəyir. Bu, eyni zamanada, işğal altında olan torpaqlara böyük köçün əsasını qoyan bir hadisədir. Proses Azərbaycan Ordusunun aprel zəfərindən sonraya təsadüf edir. Bu da insanlarda ruh yüksəkliyini artırır. Sübut olunur ki, vətəndaşlarımız heç bir zaman işğal faktoru ilə barışa bilməz. Oğullarımız hətta milyonlarını xərcləməyə belə həvəslə girişir. Mən mətbuatdan oxudum ki, artıq bəzi yerli iş adamları da həmin kəndə sərmayə qoymağa hazırdır. Görürsünüzmü, artıq insanlarımızda geriyə deyil, irəliyə doğru hərəkətin olacağına dair inam var. Hesab edirəm ki, bu addım xaricdəki başqa imkanlılarımız üçün örnək olmalıdır. Onlar da bu işdə ölkəmizə dəstəyini əsirgəməməlidir. Dövlətin həmin kəndin bərpası üçün kifayət qədər vəsaiti var. Ancaq belə addımların böyük simvolik mənası var. Əhalidə ruh yüksəkliyini daha da artırır".
Məhəmmədəli QƏRİBLİ