ABŞ və İran arasında diplomatik müstəvidə qarşıdurma gedərək daha kəskin xarakter almaqdadır. Ən yüksək səviyyədə tərəflərin bir-birinə qarşı həmləsinin tezliklə hərb müstəvisinə keçəcəyindən narahatlıqlar artır. Xatırladaq ki, ziddiyyətin dərinləşməsinə səbəb ötən ay Tehranın ballistik raket sınağı keçirməsi oldu.
Elə bundan sonra ABŞ İrana yeni sanksiyalar tətbiq etdiyini elan edib. Yeni hakimiyyətə gələn Donald Tramp administrasiyası İranın ballistik raket sınağına cavab olaraq 13 nəfərə və onlarla şirkətə sanksiya tətbiq edib. Bununla yanaşı, Tramp bildirib: "İran odla oynayır. Onlar prezident Obamanın nə qədər mərhəmətli olduğuna qiymət verməyib. Lakin mən o deyiləm!". ABŞ prezidenti İranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı heç nəyin, o cümlədən güc tətbiqinin masa üzərindən götürülmədiyini bildirib. İranın xarici işlər naziri Cavad Zərif Trampa cavab olaraq bildirib: "İran hədələrdən qorxmur, bizim təhlükəsizliyimiz xalqımızdan qaynaqlanır". Bunun ardınca İran prezidenti Həsən Ruhani İslam İnqilabının 38-ci ildönümü münasibətilə keçirilən bayram tədbirində deyib ki, İrana hədə-qorxu gələnlər peşman olacaq. Cavab olaraq Donald Tramp Həsən Ruhanini sözlərində ehtiyatlı olmağa çağırıb: "Yaxşısı budur, o, sözlərində ehtiyatlı olsun". ABŞ-ın müdafiə naziri Cim Mattis isə bildirir ki, İran dünyada terroru dəstəkləyən əsas dövlətdir. Milli təhlükəsizlik müşaviri Mayk Flinn də daha əvvəl rəsmi Vaşinqtonun İrana xəbərdarlıq etdiyini bəyan edib. Onun sözlərinə görə, ABŞ İrana rəsmən xəbərdarlıq edib: "Obama administrasiyası İranın bəd əməllərinə, o cümlədən silah ötürməsinə, terrorizmə dəstəyinə və beynəlxalq normaların başqa pozuntularına adekvat cavab verməyib. Tramp administrasiyası İranın Yaxın Şərq və ondan kənarda təhlükəsizliyə, firavanlığa və sabitliyə zərbə endirən və amerikalı həyatlarını risqə qoyan bu cür əməllərini pisləyir".
Bütün bunlar İranla bağlı vəziyyətin dəyişdiyini və ABŞ-ın bu ölkəyə qarşı hərbi əməliyyatlara start vermə ehtimalının artdığını göstərir. Təbii ki, baş verənlər regiona, o cümlədən Azərbaycana da müəyyən təsir göstərmək iqtidarındadır. Məsələ ilə bağlı Türkiyənin "Milli Qəzet" nəşri də yazır ki, ABŞ-ın İrana müdaxiləsi artıq tamamilə mümkündür və hazırda yeni dünya müharibəsinə yol açacaq risqli vəziyyət yaranıb: "Müharibələr terror təşkilatları vasitəsilə aparılır, buna paralel olaraq, qlobal miqyasda sürətlə silahlanma gedir. Başqa sözlə, bəşəriyyət tanınmaz hala düşüb. Maraqlıdır ki, Tramp İranın ballistik raketi sınaqdan keçirdiyini əsas gətirərək, sanksiyaları yenidən gündəmə gətirdi və bəyan etdi ki, Obama kimi yumşaq davranmayacaq. Faktiki olaraq bu, bütün region üçün böyük təhlükədən xəbər verir. O da mümkündür ki, Tramp növbəti mərhələdə İrana hərbi müdaxiləni gündəmə gətirsin. Çoxdan məlumdur ki, İraqdan sonra hədəf Suriya olacaqdı. Suriyadan sonra İran, ən sonda isə Türkiyə. Türkiyənin Suriyadakı siyasətindən sonra İranla Türkiyənin yeri dəyişdirildi və hədəfdə Türkiyə oldu. ABŞ-ın Obama dönəmində PKK-nın Suriya qolu olan PYD-ni "müttəfiq" adlandırması əslində Türkiyəyə siqnal idi. İndi yenidən İran önə çıxıb və hədəfdə odur. Görünür, Türkiyə sonrakı mərhələyə saxlanıb. Trampın İrana hərbi müdaxiləsi ehtimalı güclüdür. Lakin o da dəqiqdir ki, İran İraq olmayacaq. İranın daxili faktorları ilə yanaşı, onun Rusiya və Çinlə münasibətləri də ABŞ-a ciddi təhlükələr yaradır". Qeyd olunur ki, İranla ABŞ-ın qarşıdurmasından Türkiyə də zərər çəkəcək: "Əslində İraq birinci qurban idi və region üçün böyük təcrübə hesab oluna bilər. Yəmən, Liviya, Suriya, Misir - bütün bu ölkələr bir-bir hədəfə alındı. Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında səslənən "bizim ölkəmiz asimmetrik hücumlarla qarşılaşır, buna qarşı həm daxildə, həm də xaricdə hər cür addım atılacaq" sözləri təhlükənin miqyasını göstərir. Aydındır ki, Suriya və İraqdan sonra müzakirə olunan məsələlər sırasına İran da daxil olacaq. Hesab etmək olar ki, yaxın gələcəkdə region alovlanacaq. Artıq bunun ilk simptomları görünməkdədir". Beləliklə, qonşuluğumuzda bütün region üçün təhdid yaradan yeni dəhşətli müharibənin alovlanma ehtimalı artır.
Yaranmış vəziyyət İranla əldə edilən nüvə razılığının da tezliklə sona çata biləcəyini göstərir. Xatırladaq ki, Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur. Amma ABŞ-ın yeni siyasəti fonunda İran nüvə proqramını yenidən bərpa edə biləcəyini istisina etmir. Bu isə müharibə risqini daha da artırır.
Tahir TAĞIYEV