"Ermənistanın tarixdə elə də zəngin dövlətçilik ənənəsi olmayıb ki, belə yaxınlığın qədim zamanlarda olduğunu iddia edəsən"
Ermənistan prezidenti Serj Sarkisyan yenə özünü məsxərə obyektinə çevirib. Fevralın 7-də Sarkisyan Tailand Krallığının Ermənistana yeni təyin olunan səfirini qəbul edib. Sarkisyanın mətbuat xidmətinin məlumatına istinad edərək məlumat verilir ki, görüşdə Ermənistanla Tailand arasında mehriban münasibətlərin qədim tarixi köklərə bağlı olduğu vurğulanıb.
Ermənistan prezidentinin səfirə bu münasibətlərin dinamik şəkildə inkişafının zəruriliyini bildirdiyi deyilir.
Yeni səfirin cavabında isə diplomatik notlar hiss olunur. Çünki o, Sarkisyana ümumi anlamda cavab verib və tarixi dostluqdan bəhs etməyib. Yalnız iki ölkə arasında münasibətlərin gələcək inkişafından danışıb.
Sarkisyanın Ermənistanla Tailand Krallığı arasındakı münasibətlərin tarixi köklərə bağlandığını ifadə etməsi nəyin əlaməti sayıla bilər?
Politoloq Vəfa Heydərli qəzetimizə açıqlamasında bildirdi ki, o açıqlamada siyasi nəsə yoxdur: "Bu yalnız qeyri-normal düşüncənin, siyasətdən uzaq olmanın əlaməti sayıla bilər. Son vaxtlar Sarkisyanın davranışları və açıqlamalarında analoji gülməli hallara rast gəlinir. Bunun da səbəbi bəllidir. Ölkədə olan daxili vəziyyət, siyasi oponentlərinin onu dalana dirəməsi, hətta Ermənistanın öz daxilindən Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına dair fikirlərin baş qaldırması, dünyada olan erməni diaspor fəallarının Ermənistan prezidentinə açıq meydan oxuması, ölkədə səfalətin hökm sürməsi Sarkisyanı özünə yeni tarixi "dost" axtarmağa vadar edib. Tailand Asiya qitəsində yerləşir. Ermənistanla onların arasında hansısa qonşuluq, mədəni, dini, ortaq bağlılıq yoxdur. Bir-birinə tamamilə uzaq və yad olan ölkələrdir. Ermənistanın tarixdə elə də zəngin dövlətçilik ənənəsi olmayıb ki, belə yaxınlığın qədim zamanlarda olduğunu iddia edəsən. Sarkisyanın bu məntiqindən onun necə siyasətçi olduğu aydın olur. Bizə bu bəlli olub. İndi qoy dünya "tarixi" Ermənistan-Tailand dostluğu ilə bağlı Sarkisyanın sərsəmləməsinə baxıb zövq alsın".
Məhəmmədəli QƏRİBLİ