Ukraynanın ölkədən qaçmış deputatı Aleksandr Onişenko, Qərb ölkələri tərəfindən yenidən islahatlar məqsədilə ölkəyə göndərilən milyardlarla dollarlıq beynəlxalq yardımların prezident Petro Poroşenkonun iqtidarını gücləndirmək üçün istifadə edildiyini iddia edir.
Baki-xeber.com xəbıər verir ki, “Russia Today”ə açıqlamasında Onişenko, Ukraynaya verilən pulların böyük hissəsinin müharibə üçün istifadə edildiyini, Poroşenko və müttəfiqlərinin nüfuzlarını və hərbi güclərini artırdığını deyib.
Onişenko gələn həftə Vaşinqtonda mətbuat konfransı keçirəcəyini bildirib. Siyasətçini Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə vətənə xəyanətdə ittiham edirlər.
O, hərbi sahədəki bütün işlərin tenderlə Poroşenkoya yaxın şirkətlərə verildiyini deyir: "Poroşenko, bütün milliləşdirilmiş şirkətlərdə nəzarəti əlində saxlamaq istəyir. Xüsusilə də dövlətə aid enerji şirkətlərini. Poroşenkonun müttəfiqləri pulları yığır və daha sonra bunları onu nüfuzunu gücləndirmək üçün istifadə edirlər".
“Azadlıq radiosu” yazır ki, Onişenko Poroşenko barədə kompromatı əvvəlcə ABŞ, ardınca Rusiya xüsusi xidmət qurumlarına ötürdüyünü açıqlayıb. Onun ötürdüyü materiallar arasında Poroşenko ilə danışıqların audioyazıları da var. Onişenko iddia edir ki, bu danışıqlar Poroşenkonun "Ukrgazdobycha" şirkətindəki korrupsiya sxemlərindən xəbərdar olmasının və öz adamı - Ukrayna Radasının deputatı İqor Kononenko vasitəsilə nağd pul almasının sübutudur. Onişenko dövlət başçısının komandasındakı korrupsiya sxemlərinə şəxsən qatıldığını etiraf edib: "Tsentrenergo" dövlət şirkətinə baxın, mənim şirkətlərimə baxın. Onlar daim qaz təchizatına dair dövlət tenderlərini udublar. Özünüz düşünün, mən onları necə uda bilərdim? Nəzərə alın ki, qaz maksimum qiymətə satılırdı. Bu satış həmişə 2 min qrivnayadək pulun (təxminən 186 manat) Kononenkoya verilməsi şərtinə əsaslanırdı. Belə sxemlər "Tsentrenergo"ya da şamil edilirdi, Odessa emal zavoduna da. Onlar qaz biznesindən bütün gəliri özlərinə götürürdülər... Nağd şəkildə".
Onişenko Kononenkodan aldığı sms-i də açıqlayıb. SMS-də yazılır: "Salam. "Tsentrenergo"ya dair məlumat, 30.06 tarixi üçün qaz. Ümumi dəyəri 54 milyon 389 min (təxminən 3 milyon 700 min manata yaxın – red.) olan 3 milyon 812 min kubmetr qaz satılıb... Odessa liman zavoduna gəlincə, 2 min qrivna (təxminən 186 manat – red.) verilməlidir. Daha yüksək qiymət “itələməyə” çətinlik çəkirəm, ancaq öz hesabıma mümkündür".
"Bax, dövlət müəssisələrinə qaz satışı bu şərtlərlə baş tutur. Həmin idarələrin hamısında onların adamları var. Onlar bütün bu idarələrə nəzarət edirlər", - Onişenkonun sözləridir.
Ukraynanın hüquq-mühafizə orqanları, hələlik, Onişenkonun iddiasına münasibət bildirməyiblər. Keçmiş deputat iddia edir ki, məlumatı ABŞ-ın Ədliyyə Departamentinə ötürüb. Ancaq amerikalı mütəxəssislər də, hələ ki, bu məsələdən söz açmayıblar.
Siyasətçi prezidentlə danışıqlarını, qanunsuz olaraq, qol saatındakı səsyazma qurğusuna yazdığını bildirib. Onun iddiasına görə, bu səs yazılarında müəyyən qanun layihələrini parlamentdən keçirmək üçün Rada deputatlarının satın alınmasının sübutu var. Belə qanun layihələri arasında islahatlardan ötrü zəruri olanları da var. Üstəlik, "112" kanalının satın alınması da şifahi müzakirə edilib. Alıcı - Poroşenko telekanalın qiymətini 25 milyon dollardan 17 milyon dollara endirməyə çalışıb. Onişenkonun sözlərinə görə, "Ukrgazdobycha" şirkətindən alınan pullar Poroşenkonun siyasi nüfuzunun gücləndirilməsinə xərclənə bilərdi.