"Məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaqdır"
Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası çərçivəsində görüş keçirilib. Görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
S.Şoyqu deyib ki, bu il Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında əlaqələr plan üzrə gedib: "Bu plana əlavə kimi bizim beynəlxalq terrorla mübarizəyə qarşı birgə işimizi göstərmək olar. Burada beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində vəziyyətin dəyişməsi xüsusi rol oynayır. Bizim hərbi əməkdaşlıq sahəsində planlarımız yerinə yetirilir".
Rusiyanın müdafiə naziri onu da deyib ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur: "Ona görə də biz bu sahədə daha effektli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq".
Şoyqunun Azərbaycanı Xəzər regionunda təhlükəsizlik forpostu adlandırması hansı anlamı daşıya bilər?
"Atlas" Araşdırmalar Mərkəzinin qənaətincə, bu açıqlamada bəzi hədəflər nəzərə alınıb: "Rusiyanın müdafiə naziri S.Şoyqu azərbaycanlı həmkarı Z.Həsənovla görüşdə dedi ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur. S.Şoyqunun bu cümləsi Moskvanın Xəzərdə gələcək planları ilə bağlıdır. Rusiya 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı ortaq strukturunun yaradılmasına çalışır. Rəsmi Bakının bu təklifə hələ ki, konkret cavabı yoxdur. Çünki işğalçı Ermənistanın hərbi müttəfiqi avtomatik olaraq Azərbaycanın hərbi müttəfiqi ola bilməz. Rusiyadan silah və sursat almaq başqa, bu dövlətlə birgə hərbi struktur yaratmaq başqa. Ümumiyyətlə, iki nazirin görüşünün sonunda iki ölkənin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalandı. Əməkdaşlıq planına qərargah danışıqları və təhsil aiddir. Ancaq Rusiya Müdafiə Nazirliyi əməkdaşlığa dair əlavə müddəalar təklif etməyi planlaşdırır. Aydındır ki, bu təkliflər elə Xəzərdə birgə əməkdaşlığın genişlənməsini ehtiva edir. Görünür, bu yolla Moskva iki məqsədinə çatmaq istəyir. Birinci məqsəd ABŞ-ın Xəzər akvatoriyasında mümkün fəallığının qarşısını almaq, ikinci məqsəd isə Azərbaycanı hərbi əməkdaşlığa cəlb etməklə Vaşinqtonun çox çalışdığı "Transxəzər" (Xəzərin dibi ilə qaz boru xəttinin tikintisi) layihəsinin reallaşmasını əngəlləməkdir".
Məhəmmədəli QƏRİBLİ