İsmayıl Ağayev: "Şübhəsiz ki, abidənin ucaldılmasına icazə verənlərlə bağlı müvafiq araşdırmalar aparılacaq"
Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Bu sensasion məlumatı Türkiyənin tanınmış araşdırmaçı jurnalisti və yazarı Saygı Öztürk öz məqaləsində bildirib.
Məqalədə qeyd olunur ki, erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş Monte Melkonyanın da adı var: "Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə altımızı qazmağa çalışır. Həmin abidənin açılış mərasimi bu il aprelin 26-da keçirilib. Mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıb. Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub. Abidə üzərində bu sözlər də yazılır: "Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir". Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özünümüdafiə kimi istifadə edir".
Jurnalist yazır ki, bütün bu faktları Əli Erdinçin rəhbərlik etdiyi Tələt Paşa Komitəsi ifşa edib: "Bu komitə olmasa, bütün bu hadisələrdən heç kəsin xəbəri olmayacaqdı".
Məsələnin maraqlı tərəfi onunla bağlıdır ki, bu ciddi mövzuya jurnalist toxunmasaydı, abidə yerində də qalacaqdı. Erməni terrorundan ən çox əziyyət çəkən ölkələrdən birinin Türkiyə olduğunu nəzərə alsaq, onda sual yaranır: belə bir abidənin inşasına kim icazə verib, necə olub ki, ondan indiyə kimi xəbər tutan olmayıb?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, bu mövzu hamı kimi onları da dərindən narahat edib: "Türkiyədə, demək olar ki, Azərbaycanla bağlı olan memorialların hər birinin açılışında yaxından iştirak etmişik. Bu sadə bir prosedur deyil. Hətta qardaş ölkə olsaq belə, bir neçə prosedurdan keçməli olursan. Xüsusilə də yerli bələdiyyə məsələyə ciddi nəzarət edir. Bu təkcə Azərbaycana qarşı deyil, ilk növbədə Türkiyə əleyhinə olan çox böyük təxribatdır. Biz bir çox qurumlarla əlaqə saxlayıb bununla bağlı haqlı narazılığımızı onların diqqətinə çatdırmışıq. Hesab edirəm ki, Türkiyənin müvafiq qurumları bu yanlışlığı dərhal aradan qaldıracaq. Şübhəsiz ki, abidənin ucaldılmasına icazə verənlərlə bağlı müvafiq araşdırmalar aparılacaq. Bu artıq Türkiyənin əlaqədar qurumlarının səlahiyyətinə aid olan məsələdir.
Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, hətta ötən əsrin 90-cı illərində Qarabağ və Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər törətmiş Monte Melkonyanın da adı varsa, deməli, təxribatdan söhbət gedir".
Məhəmmədəli QƏRİBLİ