Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda Ermənistan hələ də konstruktiv mövqe nümayiş etdirməkdən yayınır. Əksinə, erməni rəsmiləri vasitəçilərin də səylərini heçə endirərək, əksər hallarda qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürür.
Belə vəziyyət isə münaqişənin hərbi müstəvidə çözülməsi ehtimalını daha da artırır. Azərbaycan bu fonda ən yüksək səviyyədə bəyan edib ki, məsələnin istənilən an güc yolu ilə çözülməsi hüququnu özündə saxlayır. Proseslər göstərir ki, Azərbaycanın bu hüququndan istifadə etməsi indiki gedişlə qaçılmaz olacaq. Çünki yuxarıda qeyd olunduğu kimi, Ermənistan konstuktiv müstəvidə məsələnin həllindən mümkün qədər yayınmağa çalışır. Bunu Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyanın açıqlamaları da təsdiq edir. O, "Azadlıq Radiosu"na açıqlamasında bildirir: "Hər hansı ərazilərin Azərbaycana qaytarılması məsələsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti ilə müzakirə mövzusuna çevrilə bilər. Problemin həll paketi Ermənistanla Dağlıq Qarabağın yerüstü əlaqəsinin qorunmasının zəruriliyini təsbit edir. Heç bir anklav statusu barədə söhbət ola bilməz". Halbuki, Azərbaycan Dağlıq Qarabağa muxtariyyət statusu verməyə hazır olduğunu bildirir. Amma yaranmış vəziyyət ermənilərin üzündən müharibənin qaçılmaz olduğunu göstərir.
Xatırladaq ki, məlum aprel müharibəsindən sonra ərazilərin qaytarılması və münaqişənin həll olunması istiqamətində ciddi irəliləyişin olacağı gözlənirdi. Amma Akopyanın açıqlamaları fərqli bir durumun olduğunu göstərir. Hesab olunur ki, Ermənistan Rusiyadan aldığı son hərbi dəstək fonunda belə cürətli mövqe sərgiləyir. Amma erməni ekspertlərinin əksəriyyəti bu qənaətdədir ki, Azərbaycan Rusiya amilini də məharətlə neytrallşdırır və bu da Qarabağ münaqişəsinə təsirsiz ötüşməyəcək.
Erməni politoloq Riçard Kirakosyan qeyd edir ki, Rusiya Azərbaycanla münasibətlərini yaxşılaşdırmaqda davam edir: "Bu, Qarabağ üçün təhlükəlidir. Xüsusilə ABŞ-la münasibətlərin yoluna qoyulması Rusiyanın əl-qolunu açacaq. Amerika və Rusiya qarşılıqlı güzəştə gedə və müəyyən ərazilərdə bir-birinin hakimliyini tanıya bilər. Belə olarsa, Rusiyanın Cənubi Qafqazda təkbaşına hərəkət etməsinə Amerika razı olacaq. Bu isə Moskvanın Qarabağ məsələsində birtərəfli təşəbbüslərlə çıxış etməsinə imkan yaradacaq. Xüsusilə münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək istəyəcək. Son nəticə Azərbaycanın xeyrinə olacaq". Kirakosyan hesab edir ki, regionda yeni eskalasiya da baş verə bilər: "Baş verənlər Ermənistanın regionda təklənməsinə səbəb ola bilər. Bu isə ərazilər qaytarılmayacağı halda müharibənin tezliklə başlanması deməkdir. Biz Qarabağda yeni müharibəni gözləməli və buna hazırlaşmalıyıq".
ABŞ-ın xarici siyasət üzrə Məsləhət Şurasının əməkdaşı, məşhur ekspert Stiven Blank da hesab edir ki, Rusiya Qarabağ münaqişəsinin həllinə start verəcək: "Sadəcə olaraq, müəyyən istəkləri var. Misal üçün, Azərbaycandan Avrasiya İqtisadi İttifaqına üzv olmasını istəyə bilər, yaxud başqa bir şey. Lakin görünən odur ki, münaqişənin həlli qaçılmazdır və ruslar bunu edəcək".
Ermənistan mediası isə Akopyanın açıqlamalarının əslində blef olduğunu yazır. Məsələn, "lragir" saytı qeyd edir: "Əslində hakimiyyətin ərazilərin qaytarılmasını müzakirə etməyə razı olduğu məsələsi yeni deyil. Serj Sarkisyanın özü də təsdiq edib ki, 2011-ci ildə Kazanda razılaşmanı imzalayırdı, lakin sonda Bakı razılaşmadı. Aprel müharibəsindən sonra isə vəziyyət dəyişdi. Aprelə qədər qaytarılacaq rayonların sayı 5, yaxud 3 idisə, apreldən sonra erməni tərəfi 7 rayon haqqında danışır. Akopyanın sözlərindən belə anlaşılır ki, aprel müharibəsindən sonra "Qarabağda əhalinin təhlükəsizliyi nəzərə alınaraq, ətrafdakı ərazilərin qaytarılması" nəzərdə tutulur. Hətta o, Qarabağın statusunun müəyyən edilməsi məsələsini əsas tutsa da, görünən odur ki, Ermənistan rəhbərliyi ərazilərin qaytarılmasına razıdır". O da vurğulanır ki, Qarabağ müharibəsi yenidən alovlansa, Ermənistan döyüş meydanında tək qalacaq. Bu vəziyyətdə isə Azərbaycan istəyinə nail olacaq.
Hərbçi ekspert, general-leytenant Yaşar Aydəmirov isə bildirir ki, təkcə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordumuz bütün Ermənistana yetər: "Naxçıvandakı Ordumuz onlara elə problem yarada bilər ki, Ermənistanın gələcəyinin hansı vəziyyətə düşəcəyi bəlli olmaz. Bizim ordumuz Qafqazda yeganə ordudur ki, müharibə vəziyyətində güclənə bilib və döyüş hazırlığını artırıb. Azərbaycan bu gün nə tam, nə də qismən səfərbərlik aparmadan da düşmən üzərində qələbə çala bilər. Özü də bunun üçün heç o biri birliklərə ehtiyac yoxdur, Naxçıvandakı ordumuz yetər". Aydındır ki, bütün bunları ermənilər özləri də bilməmiş deyil.
Nahid SALAYEV