İlqar Vəlizadə: "Ancaq vəziyyət belə qalsa, aprel hadisələri başqa formada təkrarlana bilər"
"Hər hansı ərazilərin Azərbaycana qaytarılması məsələsi yalnız Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi şərti ilə müzakirə mövzusuna çevrilə bilər. Problemin həll paketi Ermənistanla Dağlıq Qarabağın yerüstü əlaqəsinin qorunmasının zəruriliyini təsbit edir. Heç bir anklav statusu barədə söhbət ola bilməz".
Bunu "Azadlıq" radiosunun erməni xidmətinə açıqlamasında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.
Digər tərəfdən, bu yaxınlarda "Russia Today" agentliyinə müsahibə verərkən Serj Sarkisyan bildirib ki, beş il əvvəl Ermənistan Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə referendumun keçirilməsinə qarşılıq olaraq yeddi rayonu Azərbaycana qaytarmağa hazır olub. Hətta bu şərt əks olunmuş sənəd də mövcud olub. Guya Azərbaycan Prezidenti onu imzalamaqdan imtina edib.
Bu arada Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakla keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır. O bunu onunla əsaslandırıb ki, rəsmi İrəvan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib: "Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".
Bütün bunlar onu göstərir ki, Ermənistan məqsədyönlü şəkildə münaqişənin tənzimlənməsi ilə bağlı təşəbbüsləri pozur. Eyni zamanda, hər vəchlə danışıqlarda kompromisin əldə edilməsinə mane olur.
Sözügedən məsələni şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, bu minvalla, Ermənistan vaxtı uzatmağa çalışır: "Ermənistan son danışıqların ilkin mərhələsindən uzaqlaşıb. Yəni Vyana və Sankt-Peterburqda əldə olunmuş razılığa əsasən, bir neçə rayonun boşaldılması məsələsi gündəmdə idi. Ciddi şəkildə müzakirələr gedirdi. 5 rayonun qaytarılması ilə bağlı addımlar olmalı idi. Son aylar ərzində isə daha çox təhlükəsizlik məsələlərinin müzakirəsi önə çəkildi. Danışıqlar prosesində yalnız bu məsələlər gündəmdədir. Azərbaycan tərəfinə isə bu cür gündəlik maraqsızdır. Bizim istəyimiz Vyana və Peterburq görüşündə qaldırılan məsələlərin yenidən gündəmə gəlməsidir. Almaniyada keçiriləcək görüş formal xarakter daşıyır. Çünki hər ilin sonunda ATƏT-in toplantısı olur. Digər tərəfdən, ABŞ-da prezident seçkiləri keçirilib. Köhnə administrasiya yenisi ilə əvəzlənməlidir. Bu proses isə gələn ilin yanvarından sonra başlayacaq. Ona qədər amerikalıların hansı mövqe tutacağını demək mümkün deyil. Bunu gələn ilin may-iyun aylarından sonra biləcəyik. Ən tezi apreldə məlum ola bilər. Ondan tez mümkün deyil. Belə bir vəziyyətdə Ermənistanın əlinə şans düşüb ki, yenə də vaxt udsun. Bundan məharətlə istifadə edirlər. Ermənistanın özündə də keçid dövrüdür. Sentyabr-oktyabr aylarında yeni hökumət formalaşıb. Buna keçid hökuməti də demək olar. Çünki əsas hədəf parlament seçkiləridir. Seçkilərdən sonra orada yeni hakimiyyət formalaşacaq. Ermənistandakı siyasi elitaya xarici siyasətdə, xüsusən də Qarabağ məsələsində sakitlik lazımdır. Bu prosesdə real dəyişiklik gözləyən yeganə tərəf Azərbaycandır. İstənilən halda, vəziyyət belə qala bilməz. Cəbhə xəttində proses gedir. Real proseslər danışıqlar masasında deyil, cəbhədə baş verir. Tərəflər fəal şəkildə silahlanıb müharibəyə hazırlaşır. Vəziyyət belə qalsa, aprel hadisələri başqa formada təkrarlana bilər".
Vidadi ORDAHALLI