ABŞ-da yeni administrasiyanın formalaşması fonunda Donald Tramp hökumətinin Qarabağ münaqişəsinin həllində hansı rol oynaya biləcəyi də xüsusi maraq kəsb edir. İndi Amerika mediasında da fikirlər səslənir ki, Cənubi Qafqazda Tramp administansiyası fəal siyasət yürüdə bilər və bu, Qarabağ konfliktinin çözümünə də müəyyən dərəcədə təsir göstərmək iqtidarındadır.
Artıq məlumat verildiyi kimi, məsələnin bu tərəfinə nəzər salan "The American Thinker" nəşri yazır ki, Donald Trampın ABŞ prezidenti seçilməsi vəziyyəti dəyişə və o, Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri almasında Azərbaycana yardım edə bilər. Məqalənin müəllifi olan "Tool Shed Group"un rəhbəri Ceyson Kats yazır ki, seçki prosesi zamanı erməni-amerikan təşkilatları Trampa qarşı aqressiv kampaniyalar aparır və fasiləsiz onlayn-hücumlar keçirməklə dezinformasiyalar yayırdı. Məqalədə qeyd olunur ki, Amerikadakı erməni lobbisi ilə heç bir əlaqəsi olmayan və Azərbaycan barədə müsbət rəyi olan Donald Tramp Dağlıq Qarabağ məsələsinin həllində ABŞ-ın maraqlarına uyğun praqmatik yanaşma nümayiş etdirə bilər. Diqqətə çatdırılır ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri ABŞ-ın etibarlı strateji tərəfdaşı olub. Bundan əlavə, Azərbaycan beynəlxalq forumlarda ABŞ-ın mövqeyini dəstəkləyir və İsrailin müttəfiqinə çevrilib. Müəllifin sözlərinə görə, Ermənistan isə azərbaycanlıların öz ərazisində dinc şəkildə yaşamaq hüququnu kobud şəkildə pozub və Azərbaycanın ərazi bütövlüyünü pozmaqda davam edir. Müəllif qeyd edir ki, Tramp administrasiyası qarşısında çox həll olunmalı məsələlər olsa da, Dağlıq Qarabağ münaqişəsinin həlli də prioritet təşkil etməlidir.
Bölgədə növbəti dəfə gərginliyin artması isə, müəllifin fikrincə, Rusiya, İran, Türkiyə və bölgənin digər ölkələrinin qatılacağı böyük müharibəyə çevrilə bilər. Amma qarşılıqlı anlaşma şəraitində tam əks proseslər baş verə və bu fonda da Qarabağ münaqişəsi həll edilə bilər. Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarov da Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsilə bağlı irəliləyişləri istisna etmir: "Onun Dağlıq Qarabağ münaqişəsilə bağlı hansısa mövqe sərgiləməsi üçün ilk növbədə bu məsələ gündəmə gətirilməlidir. Misal üçün, aprel əməliyyatları zamanı Qarabağ məsələsi dünyanın diqqətini cəlb edə bilmişdi. Buna görə də həmin vaxt beynəlxalq təşkilatların fəaliyyətlərində canlanma müşahidə olunurdu. Ancaq ermənilərin məqsədli siyasəti nəticəsində bu məsələ gündəmdən düşdü. Yəni Donald Trampın prezidentliyi dövründə də Qarabağ münaqişəsi dünyanın gündəmində olsa, o zaman bu məsələ ilə bağlı ABŞ-ın hər hansı siyasətini müşahidə etmək mümkün olar. Ancaq indiki halda münaqişənin gündəmə gəlməsi inandırıcı deyil. Şəxsən mənə inandırıcı görünmür ki, Donald Tramp ilk gündən etibarən Qarabağ münaqişəsinin həllinə çalışacaq. Amma Qarabağ probleminin bir həlli yolu da mövcuddur. Rusiya və ABŞ Qarabağ münaqişəsini birgə həll edib, dünyaya öz əməkdaşlığını nümayiş etdirə bilər. Yəni Donald Tramp Rusiya ilə bunu birgə əməkdaşlıq modeli kimi dünyaya göstərə bilər".
Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ermənilər üçün də gözlənilməz olub və erməni lobbisi ona qarşı seçkilər zamanı təbliğat apardığından, mövqelərini də zəiflətmiş olub. "ARM" Qlobal Analitik Mərkəzinin rəhbəri, politoloq Stepan Qriqoryan da etiraf edir ki, Donald Trampın rəhbərliyi dövrü Amerika erməniləri üçün sönük keçə bilər: "Çünki o, təkəbbürlü bir siyasətçidir və onu hər hansı bir məsələdə inandırmaq o qədər də asan deyil. Bir sözlə, Tramp həmişə özünün müəyyənləşdirdiyi qaydaları tətbiq edib. Başqasının ideyası, fikri onun üçün ikinci dərəcəlidir". Stepan Qriqoryan bildirib ki, Hillari Klintondan fərqli olaraq, Tramp "erməni işi" ilə o qədər də yaxından tanış deyil: "ABŞ diplomatiyasında "erməni soyqırımı" ifadəsi "erməni işi" formasında işlədilir. Mən də bunu nəzərdə tuturam. Klinton bu məsələdə həssas olub. Senatorlardan bu haqda xeyli məlumat alıb. Tramp isə biznesmendir. Onun üçün əsas maraq predmeti iqtisadi islahatlardır. Bir sözlə, Tramp erməni lobbisi üçün yad adamdır". Həqiqətən də Tramp dövründə erməni lobbisinin ABŞ-da fəaliyyətinin o qədər də effektiv olmayacağı və bunun da Qarabağ münaqişəsinə təsir göstərəcəyi gözlənir. Onu da xatırladaq ki, daha əvvəl Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə məmur olduqdan sonrakı 5 il ərzində də maliyyə qazancı əldə etmək məqsədilə lobbiçilik fəaliyyəti ilə məşğul olmağı qadağan etməyi planlaşdırır. Bundan başqa, hökumətdən istefa verən rəsmilər özlərini zənginləşdirmək üçün belə xidmətlər təklif edə bilməyəcək. Bu addım, heç şübhəsiz, ABŞ-da dövlət inzibatçılığı təcrübəsində yenilikdir və müəyyən dərəcədə Trampın komandasını sırf özünə sadiq adamlardan qurmaq istədiyini göstərir. Bu, daimi fəaliyyəti ABŞ prezidentinin növbəti aprel ayında "soyqırım" sözünü işlədib-işlətməyəcəyinə istiqamətlənən erməni lobbisinə də aiddir. Ekspertlərə görə, Tramp çətin ki, bu dəfə erməni lobbisinin ümidlərini doğrultsun. Erməni lobbisinin bu mənada mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsi qaçılmaz sayılır və belə vəziyyət Qarabağ münaqişəsində ABŞ-ın siyasətində müəyyən dəyişikliklərə də gətirib çıxarmaq iqtidarındadır.
Tahir TAĞIYEV