Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində cari il ərzində atılan addımlar hələ də istənilən nəticəni vermir. Elə bu səbəbdən bölgədə müharibənin yenidən başlanma ehtimalı kifayət qədər yüksək qiymətləndirilir.
Hesab edilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə 8-9 dekabr tarixində Hamburqda görüşündən sonra hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi daha dəqiq bəlli olacaq.
Hesab edilir ki, bu görüşdə Qarabağ münaqişəsinin nizama salınma prosesinin sürətlənəcəyinə ümidlər özünü doğrultmasa, münaqişə ətrafında vəziyyət yenidən gərginləşə bilər. Elə rusiyalı politoloq Stanislav Tasarov da bildirir ki, dekabr görüşündə hansısa irəliləyiş olmasa, bu, bölgədə yeni müharibəyə səbəb ola bilər: "2017-ci ilin may ayında ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçəcək. 2016-cı ilin dekabr ayından 2017-ci ayın mayına qədər olan aralıq müddət gərgin dövr olacaq. Bu dövrdə Azərbaycan yaranmış fasilədən istifadə edərək Qarabağı qaytarmaq üçün bütün gücü ilə çalışacaq. Buna nail olacaqmı? Aprel döyüşləri, regiondakı proseslər, eləcə də hazırda qızğın silahlanma bu suala müəyyən mənada cavab verir". Bu açıqlamadan bir daha aydın görünür ki, Azərbaycan işğal altındakı əraziləri güc yolu ilə azad etməyə qadirdir. İndi sülh yolu ilə ərazilərin qaytarılmasına regionda maraqlı qüvvələr, o cümlədən Minsk Qrupu tərəfindən start verilməsə, müharibə qaçılmaz sayılır. Sadəcə, indi əsas diqqət Donald Trampın prezidentliyi dövründə regionda ABŞ-ın hansı siyasət yürüdəcəyinə yönəlib. Ekspertlərə görə, ABŞ bu halda Rusiya ilə qarşılıqlı anlaşma şəklində hərəkət edərsə, konfliktin çözümü mümkünləşə bilər. Eyni zamanda, Qərb bölgədə mövqelərini gücləndirmək üçün Rusiyasız da Qarabağ konfliktinin həllini tezləşdirə bilər. ABŞ Milli Maraqlar Mərkəzinin icraçı direktoru Pol Sanders də bunu istisna etmir. Onun sözlərinə görə, ABŞ hər zaman Cənubi Qafqazda mövcudluğunu saxlayacaq: "Əvvəllər bu regionda gərgin mübarizələr müşahidə edilirdi, indi isə Qərb çalışır ki, Rusiya ilə qarşıdurmaya getməsin və Şərqi Avropa ölkələrinin NATO-ya davamlı inteqrasiyasını təmin etsin. Hazırda ABŞ Şərqi Avropanın məsuliyyətini Avropa Birliyinin üzərinə atıb və kənarda qalaraq Rusiya planlarının bu regionlarda necə məhv olacağını gözləyir. Avropa Birliyi isə Şərqi Avropa ölkələrinin inteqrasiyası üçün effektiv mexanizm idi, amma Ermənistandakı hadisələr nümayiş etdirdi ki, ABŞ olmasa, Rusiya bu proseslərdə istənilən avantüra, təzyiq və şantaja hazırdır. Ermənistan hələ anlamır ki, hansı çətin situasiyaya düşüb. Belə vəziyyətdə əsas oyunçular İrəvanı cəzalandırmayacaq, sadəcə, üstünlüyü digər region ölkələrinə verməklə Ermənistana məhəl qoymayacaqlar. Qərb ictimaiyyəti Ermənistanı Qarabağ probleminə böyük diqqət ayırmayaraq qoruyurdu. İndi isə Rusiyaya qarşı təzyiq siyasəti artacaq və Qarabağ məsələsi də ona qarşı istifadə edilən rıçaqlardan biri olacaq. Buna görə Ermənistan əziyyət çəkəcək". Belə vəziyyətdə ekspert Qarabağ münaqişəsinin həllinin tezləşməsini istisna etmir. Qeyd olunur ki, Rusiya da məsələyə loyal yanaşsa, Ermənistana təzyiqləri artırsa, konfliktin çözümü daha sürətli hala gələcək.
Almaniyalı politoloq Vilfrid Furman da ABŞ-da Donald Trampın prezident səlahiyyətlərinə başlamasından sonra Dağlıq Qarabağ münaqişəsində qeyd olunan istiqamətdə yeniliklər olacağını istisna etmir.
Onun fikrincə, əsas həll ssenarisində Rusiya və ABŞ müasir sərhədləri tanıyaraq Dağlıq Qarabağ, eləcə də işğal olunmuş yeddi rayon məsələsini Azərbaycan və Ermənistanın öhdəsinə buraxmağa da meyllənə bilər: "Bu, məsələnin avtomatik olaraq hərbi yolla həllini gündəmə gətirmir. Lakin Ermənistan qeyri-konstruktiv yanaşmanı davam etdirərsə, hərbi seçim gündəmə gələcək". Aydındır ki, hərbi seçim zamanı böyük dövlətlər işə qarışmayacaqları halda Azərbaycan qısa müddətdə ərazi bütövlüyünü bərpa edəcək. Hələlik isə hər şey xeyli dərəcədə regionda Rusiya və ABŞ-ın sonrakı münasibətlərindən asılı olacaq. Donald Tramp isə, Qafqaz da daxil olmaqla, bütün istiqamətlərdə Rusiya ilə çalışmağın tərəfdarıdır. Tramp "The New York Times"a müsahibəsində yenidən bildirib ki, Rusiya ilə əlaqələri normallaşdırmaq niyyətindədir: "Mən doğrudan da Rusiya ilə münasibətlərin normallaşmasına inanıram. Bu pozitiv addımdır. Yalnız Rusiya ilə deyil, digər ölkələrlə də əlaqələri normallaşdırsaq yaxşı olar. Rusiya ilə münasibətləri qaydasına salmaq istərdim və hesab edirəm ki, onlar da bunu istəyir. Bu, ümumi maraqların xeyrinədir".
Nahid SALAYEV