Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həmsədr ölkələr sırasında əsas fəallığın Rusiyaya məxsus olması danılmaz həqiqətdir. ABŞ və Fransa isə indiyə qədər proseslərin inkişaf axarından özlərini bir qədər kənarda tutmağa çalışıblar.
Amma belə fikirlər də səslənir ki, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Vaşinqton Qarabağ münaqişəsinin həllinə daha fəal şəkildə cəlb oluna bilər. Xatırladaq ki, bu günlərdə verdiyi açıqlamada Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bunu istisna etməmişdi: "Dağlıq Qarabağ məsələsi ilə bağlı respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir. ABŞ-da seçkilərdən sonra həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçılar üstünlük əldə edib. Demokratlar insan haqları, demokratiya məsələlərini daha çox öndə tutduqları üçün erməniləri hər yerdə dəstəkləyirlər, orada yaşayan erməni diasporunun təsirinə məruz qalırlar. Lakin son seçkidə Senat və Nümayəndələr Palatasındakı bəzi güclü ermənipərəst şəxslər kənarda qalıb. Bu da mühüm hadisədir. Respublikaçılarla bizim anlaşmamız daha yaxşı olur".
Elə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovskinin fikrincə də, Donald Trampın prezidentliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın fəallaşması mümkündür. V.Jirinovski "Moskva-Baku" portalına açıqlamasında bildirib: "Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp, ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini versin. Belə olarsa, ümid edək ki, onun töhfəsi həlli uzanmış münaqişənin nizamlanmasında müsbət nəticələr verəcək". Trampın Azərbaycan, Türkiyə və İranla bağlı yürüdəcəyi siyasətə gəlincə, Vladimir Jirinovski hesab edir ki, Rusiya, Azərbaycan, Türkiyə, İran, Suriya və İraqın daxil ola biləcəyi "Şərq ittifaqı" deyilən qurumun yaradılması ABŞ və bu ölkələr arasında dialoqa kömək edərdi. Aydındır ki, vasitəçi ölkələr qismində ABŞ və Rusiya münaqişənin çözümü istiqamətində real addımlar atmayacaqları təqdirdə bu, konfliktin alovlanmasına gətirib çıxaracaq. Bu müharibədə isə qalib tərəf qismində Azərbaycanın çıxış edəcəyinə dair kifayət qədər beynəlxalq rəylər var. Hətta bu günlərdə ABŞ-ın "Bloomberg" agentliyi belə bir maraqlı məqama da diqqət çəkmişdi ki, Azərbaycan son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməklə Avropada ən iri hərbi texnika idxalçısına çevrilib. Onun illik hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini üstələyir. Böyük Britaniyanın "Chatham House" Tədqiqat Mərkəzinin ekspertləri silahlanma yarışının daha ciddi hal aldığını və bunun gələcəkdə toqquşma ehtimalını artırdığını hesab edir. "Bloomberg" onu da bildirmişdi ki, Azərbaycan və Ermənistan son on ildə hərbi xərclərə ümumilikdə 27 mlrd. dollar vəsait sərf edib. Silah alışına ayrılan vəsaitə gəldikdə isə, Azərbaycan liderdir. O da qeyd olunur ki, məlum aprel müharibəsindən sonra silahlanma yarışı yeni vüsət alsa da, Ermənistan Azərbaycandan çox geridə qalır. ABŞ-ın "The National İnterest" dərgisi isə diqqəti həm də ona yönəldir ki, 20 ildən çoxdur həllini tapmayan bu münaqişənin tərəfləri arasında kəskin de moqrafik fərqlər var. Ermənistan əhalisi cəmi 3 milyon nəfərə yaxındır, Azərbaycan əhalisinin sayı isə 10 milyona yaxınlaşır. Bundan əlavə, Azərbaycanın öz neft sərvətləri sayəsində adambaşına düşən ÜDM həcmi Ermənistana nisbətən iki dəfə çoxdur. Burada da qeyd olunur ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün dövlət büdcəsini keçir: "Deməli, istənilən normal analiz Ermənistanın silahlanma baxımından əhəmiyyətli dərəcədə zəif olduğunu göstərməli idi, təbii, Rusiya olmasaydı... ". Dərgi Rusiyanın Ermənistanla ənənəvi müttəfiqlik münasibətlərinə malik olduğunu, bu ölkə ərazisində 5 min hərbçinin yerləşdirildiyi hərbi baza saxladığını və İrəvana böyük həcmdə silahlar verdiyini xatırladır. Qeyd olunur ki, Azərbaycan özü də silahlarının 85 faizini Rusiyadan alır. Rusiya 2010-2014-cü illərdə Azərbaycana 4 milyard dollarlıq silah satıb. Bura T-90S tankları, "Smerç"lər, TOS-1A odsaçanları, haubitsalar, zenit-raket sistemləri və sair daxildir. "The National İnterest" aprel döyüşləri haqda da bəhs edərək xatırladır ki, Azərbaycan ordusu təmas xəttində iki istiqamətdən həmlə edərək 4 gün davam edən döyüşlərdən sonra müəyyən əraziləri geri qaytara bilib. İtkilərə baxmayaraq bu, münaqişənin dondurulmasından bu yana Azərbaycan ordusunun ən uğurlu əməliyyatı hesab olunur: "Əksər müşahidəçilər hesab edir ki, situasiya dəyişməsə, iki ölkə döyüş əməliyyatlarının növbəti raundunu başladacaq. Çünki ABŞ və Rusiyanın vasitəçilik etdiyi danışıqlar nəticəsiz qalıb, bunun əvəzində tərəflər hərbi imkanlarını genişləndirir". Belə vəziyyət isə müharibə ehtimalını daha da artırır.
Nahid SALAYEV