"Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Doroxin Vladimir Dmitriyeviçə
Açıq Məktub
Hörmətli səfir!
Ermənistan uzun müddətdir ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək torpaqlarımızı işğal edib, bir milyondan artıq insan doğma yurdlarından didərgin düşüb. Atəşkəs haqqında 1994-cü ildə bağlanan Bişkek protokolu hər gün məhz elə Ermənistan hərbiçiləri tərəfindən dəfələrlə pozulur, itkilər var. Lakin TŞ-nin daimi üzvləri, daha dəqiq ifadə etsəm, Azərbaycanın ərazi bütövlüyünün bərpasında müstəsna rola malik ATƏT-in Minsk Qrupu sözün həqiqi mənasında hərəkətsizlik edir, vasitəçilik missiyasını ya həyata keçirmək istəmirlər, ya da bacarmırlar. Mən bir vətəndaş kimi Azərbaycan dövlətinə mənsub olsam da, bir insan kimi özümü bütün dünyanın vətəndaşı olaraq qəbul edirəm. Düşünürəm ki, başqa millətin, dinin, qrupun və xalqın nümayəndəsi olan hər bir sağlam düşüncəli şəxs bu sayaq davranmalı, beynəlxalq aləmin marağını öz marağından üstün tutmalıdır. Bu mənim subyektiv mülahizələrim olsa da, yanılmıram və inşaallah məni qınamazlar da. Sizə müraciət etməyimin səbəbi var. Sizə, bu gün dünya siyasətçilərinin və diplomatların sırasında öndə duran Rusiya dövlətinin strateq baş komandanı Vladimir Putin cənablarına çox böyük hörmət və ehtiramım var. Amma məni narahat edən Azərbaycanın suverenliyinin gələcəyi üçün söndürülməmiş ocaq qədər təhlükəyə çevrilən bir məsələ var.
Cənab səfir!
RF prezidenti V.Putin Ermənistanla Rusiya hərbçilərinin birləşmiş qrupunun yaradılması barədə akt imzalayıb. Hələlik layihə şəklində olan həmin razılaşmaya görə, "birləşmiş hərbi qrup tərəflərə yönəlmiş hərbi hücuma (aqressiyaya) və hər hansı bir hərəkətə qarşı tərəflərin (Rusiya və Ermənistanın) təhlükəsizliyini təmin etmək məqsədilə yaradılır." Rusiya prezidentinin qeyd etdiyim sərəncamı mahiyyət etibarı ilə Azərbaycanı hədəfə götürüb. Əgər dünyanın siyasi xəritəsi qarşınızda ikən Ermənistana qarşı hansı dövlət müharibə vəziyyətindədir - soruşsalar, tərəddüd etmədən Azərbaycanı göstərəcəklər. Bu baxımdan hüquqşünas düşüncəm mənə belə deməyə əsas verir ki, Rusiya nə etdiyini çox yaxşı anlayır, ona şüurlu şəkildə yol verir və nəticəsini də arzulayır.
Sülh dövründə bu birləşmə Ermənistan ordusunun baş qərargahına, müharibə dövründə isə, razılaşmada ehtiva olunduğu kimi, "yaranmış vəziyyətdən asılı olaraq" Rusiyanın Cənub dairəsinin hərbi komandanlığına da tabe olacaq.
Razılaşma 5 il müddətinə bağlanacaq. Müddət bitdikdə, tərəflərdən biri əməkdaşlığa son vermək istəyini bildirməsə, avtomatik olaraq daha 5 il müdətinə uzadılacaq.
Hansı sülh dövründən söhbət gedə bilər?! Sizə yaxşı məlumdur ki, Bişkek protokolunun təşəbbüsü və tərəflərə təklifin verilməsi bilavasitə Rusiya tərəfindən olub. Həmin protokol hüquqi sənəd olmadığından, "papirus" kağızına çevrilib. Rusiyanın beynəlxalq himayəyə götürdüyü Ermənistan tərəfi hər gün hamılıqla tanınmış beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik edir, bəşəriyyət və sülh üçün təhlükə yaradır, atəşkəsi pozmaqla regionda məhz elə Rusiyaya güvənərək həddini aşır, güc tətbiq edir, silahla hədələyir, beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmir, insan və vətəndaş hüquq və azadlıqlarına müstəsna həyasızlıqlar edir, ölənlər, yaralananlar və evsiz-eşiksiz qalanlar var. Bunlardan, şübhəm yoxdur ki, xəbəriniz var. Ona görə də, Qafqazda guya təhlükəsizlik məqsədilə Ermənistanla hərbçilərin birləşmiş qruplarının yaradılması hüquqi məntiqə sığmayan bir razılaşmadır. Bu sərəncam zahirən Qafqazda kollektiv təhlükəsizliyə yönəlsə də, batində Azərbaycan üçün təhdiddən başqa bir şey deyil. Azərbaycana qarşı bulanıq bir siyasətin təcəssümü, ciddi bir siyasətçinin və diplomatın qeyri ciddi diplomatiyaya xas hərəkətidir. Bulanıq siyasətin günahsız qurbanları isə daha çox olur, cənab səfir!
Haqsızlığa baxın: "..Rusiya Federasiyası Müdafiə Nazirliyinə tapşırılır ki, Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparılsın və müvafiq razılaşma imzalansın." Guya Ermənistan tərəfi bu təklifə naz edəcək?
Bəs, işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul olunan dörd qətnaməyə Rusiya niyə heç bir etiraz bildirmədən səs verirdi? Sərəncamın pərdəarxası leytmotivi ərazi bütövlüyümüzün bərpasını əngəlləməyə səmtlənib! Əgər məlum sərəncam hüquqi qüvvəsini alarsa, onda Rusiyanın ATƏT-in Minsk Qrupunda iştirakına və münaqişənin həllində vasitəçilik missiyasına avtomatik xitam verilməlidir və ya Rusiya tərəfi ATƏT-i tərk etməlidir! Qənaətim belədir.
Beynəlxalq hüququn prinsipləri məhz elə dominant dövlətlər tərəfindən pozulduğundan, həmin normalar yazıq, tövsiyə xarakterli akta çevrilib, danışan alət təəssüratını yaradır. Bizi torpaqlarımızdan əl çəkməyə məcbur edə bilməzlər!!!
Sonuncu əsgər dəfn olunmayanadək müharibə qurtarmayıb! Azərbaycan Xalqı, Baş Komandan heç vaxt işğalçılıq siyasəti ilə barışmayacaq! "Zülmün topu varsa, haqqın da bükülməz qolu vardır!"
Hörmətli Səfir!
Sonda sizə kosmopolit bir Azərbaycan vətəndaşı kimi bir neçə sualım var: Siz bu sərəncamı necə şərh edərdiniz? Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyü daxilində tanıyırsınızmı? İşğal olunmuş ərazilərimizin boşaldılması ətrafında hansı təklifləri verərdiniz? Prezidentinizin imzaladığı bu akt nəyə istiqamətlənib? Ermənistan tərəfi bu himayəyə dəyərmi? Sərəncam məzmun etibarı ilə nə dərəcədə beynəlxalq hüquq normalarının tələblərinə və kollektiv təhlükəsizliyin təmin olunmasına uyğundur? Burada Azərbaycan Respublikasının, Putinin dediyi kimi, dost dövlətin ərazi bütövlüyünün bərpasına və Azərbaycan xalqının təhlükəsizliyinin təmin olunmasına hər hansı bir silahlı müdaxilə və ya məhdudiyyət yarana bilərmi?
Vladimir Dmitriyevi?! Bakıda diplomatik missiyanız bitərsə, Yerevanda işləmək istərdinizmi?
Sağ olun! Müraciətimin zərurətdən yarandığını qəbul edin".
Şəmsəddin Əliyev, "Polisə Dəstək" İB-nin sədri