Akif Nağı: "Ermənistanla birgə ordu yaradaraq bölgədəki varlığını sənəd üzərində rəsmiləşdirir"
Rusiya və Ermənistan arasında Cənubi Qafqazda birləşmiş qoşun formalaşdırılması barədə razılaşma əldə edilib. Rusiya prezidenti Vladimir Putinə təqdim olunan saziş layihəsində ordunun "Qafqaz bölgəsində tərəflərin təhlükəsizliyini təmin etmək məqsədilə" yaradıldığı qeyd olunub. Hər iki dövlət arasında imzalanacaq müqavilənin 5 illik olduğu və tərəflər müqavilədən çıxmaq istəmədiyi təqdirdə, müddətinin uzadılacağı qeyd olunur.
Qurulacaq ordunun əsas vəzifəsinin bu iki ölkədən birinə silahlı hücum ediləcəyi halda, sərhədləri qorumaq olduğu bildirilir. Orduya Ermənistan prezidenti komandanlıq edəcək, amma bütün işləri Rusiya Ali Baş Komandanı ilə koordinasiya edəcək. Bildirilir ki, qurulacaq bu qoşun birləşməsinin fəaliyyəti yalnız Rusiya və Ermənistanın sərhədləri ilə yekunlaşacaq. Analitiklər Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ Azərbaycanın ərazi vahidi olduğu üçün, bu qoşun birləşməsinin orada fəaliyyət göstərə bilməyəcəyini deyir. Lakin, bununla belə, ordunun Dağlıq Qarabağ, yaxud bu bölgəyə yaxın ərazilərdə başqa adla yerləşdiriləcəyi də istisna olunmur. Ermənistan KİV-də yayılan məlumatlara görə, bununla bağlı rəsmi İrəvandan Moskvaya müəyyən təkliflər artıq olunub. Rusiya məsələyə müsbət cavab verəcəyi halda, birləşmiş qoşunlar işğal ərazilərində, yaxud bura yaxın Ermənistan bölgələrində yerləşəcək. Ermənistanın birgə ordunun yaradılmasına böyük həvəs göstərməsi başadüşüləndir. Çünki iqtisadi və hərbi cəhətdən güclü olmayan Ermənistanın güclü havadara ehtiyacı var. Əks halda o, işğal etdiyi torpaqları əlində saxlaya bilməz. Bəs regionda sülhün bərqərar edilməsində maraqlı olduğunu bəyan edən Rusiya üçün onun neytralitetinə zərbə vuran bu ordunun yaradılması hansı səbəbdən lazım olub?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı hesab edir ki, Rusiyanın bu məsələdə marağını anlamaq o qədər də çətin deyil: "Hesab edirəm ki, Rusiya bu addımı ilə regionda öz mövqelərini möhkəmlətməyə çalışır. Kreml bütün vasitələrdən istifadə edərək bölgədəki maraqlarını müdafiə edir. Təəssüflər olsun ki, Rusiyanın bu addımlarına qarşı təsir mexanizmləri zəifdir. İndi Ermənistanla birgə ordu yaradaraq, bölgədəki varlığını sənəd üzərində rəsmiləşdirir. Bu, Azərbaycanla yanaşı, Türkiyə və İrana qarşı da təhdiddir. Rusiyanın mövqeyi bəllidir, bunu gizlətmir. Bildiyim qədər, ordunu Ermənistanın dördüncü korpusu ilə birlikdə formalaşdırır. Dinc dövrdə bu ordu Ermənistana, hərbi əməliyyatlar zamanı Rusiyanın Cənub Komandanlığına tabe olacaq. Yerləşmə ərazisi Ermənistanda, Naxçıvan yaxınlığıdır. Həmin ərazi Dağlıq Qarabağa da yaxındır. Bu, Azərbaycan əraziləri, eyni zamanda Türkiyə üçün təhlükə deməkdir".
QAT sədrinin fikrincə, Azərbaycan öz tədbirlərini görməlidir: "Azərbaycan və Türkiyə arasında da ortaq bir ordu yaradılmalıdır, saziş imzalanmalıdır. Çünki bu təkcə Azərbaycanın yox, bütün regionun problemidir. Başqa yolu yoxdur, baş verənləri sakitliklə izləmək nə Azərbaycanın, nə də Türkiyənin lehinə deyil".
Məhəmmədəli QƏRİBLİ