Rusiya və Türkiyə arasında son təmaslar iki ölkə münasibətlərinin sürətlə normallaşmaqda, hətta bu dövlətlərin mühüm müttəfiqə çevrilmək üzrə olduğunu aydın göstərir. Ekspertlər isə baş verənlərin Qafqaz regionuna, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət mənada təsir göstərmək iqtidarında olduğunu bildirir.
Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Əli Resul Usula da bildirir ki, Rusiya-Türkiyə amünasibətlərinin yaxşı olması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərə bilər. O qeyd edib ki, Rusiya və Türkiyə arasında müəyyən məsələlərlə bağlı fikir ayrılıqlarının olduğu sirr deyil: "Məsələn, Suriya, Ukrayna məsələsində mövqelərimizin fərqli olduğu, anlaşa bilmədiyimiz sirr deyil. Ancaq hər iki ölkənin bir-birinə ehtiyacı var". Qarabağ məsələsində isə tərəflərin ortaq məxrəcə gəlməsi mümkün sayılır.
İstisna deyil ki, qarşılıqlı münasibətlər dərinləşdikcə, tərəflər Qarabağ konflikti üzrə daha fəal şəkildə ortaq mövqe nümayiş etdirəcək. Hazırda Qərb ölkələrinin, xüsusən də ABŞ-ın Türkiyəyə qarşı siyasəti fonunda isə Ankara Moskva ilə daha sürətlə yaxınlaşır. Bu yaxınlaşma hətta hərbi müstəvidə də özünü göstərir və məsələ prezident Vladimir Putinin Türkiyəyə son səfərində də əsas müzakirə predmetlərindən biri olub. Türkiyə Baş Qərargahının Kəşfiyyat Komitəsinin keçmiş sədri, general İsmayıl Haqqı Pekin isə deyir ki, bu fonda Ankaranın Rusiyadan havadan müdafiə sistemləri alması Türkiyənin təhlükəsizliyi üçün önəmli olar. O, NATO-nun Türkiyəyə müdafiə qabiliyyətini itirmiş köhnə sistemləri verdiyini bildirib: "ABŞ və Qərb ölkələri daha əvvəl istifadə etdikləri və texnoloji cəhətdən geri qalan modelləri bizə verirlər. Eyni zamanda şifrəli sistemləri verməkdən imtina edirlər. Bu səbəbdən biz sözügedən sahədə texnoloji cəhətdən inkişaf əldə edə bilmirik. Rusiya bizə S-400 və yaxud digər sistemləri verərsə, NATO-nun nə deyəcəyi önəmli deyil. Onsuz da NATO-nun müdafiə sistemləri bir-birilə inteqrasiya olmur".
Qeyd edək ki, Türkiyə hökuməti sözügedən havadan müdafiə sistemlərini Çindən almağı planlaşdırsa da, sonradan NATO-nun təkidilə bundan imtina etmişdi. Hazırda həmin modern silahları Ankaranın Rusiyadan alacağı ilə bağlı məlumatlar yayılıb. Rusiya isə belə əməkdaşlıqda maraqlıdır.
Türkiyə-Rusiya Araşdırmalar Mərkəzinin rəhbəri Aydın Sezər tərəflərin mövqeyinin Suriyada da yaxınlaşmaqda olduğunu bildirir. O, "Vestnik Kavkaza" portalına açıqlamasında vurğulayıb ki, Vladimir Putinin İstanbulda keçirilən Dünya Enerji Forumunda iştirak etmək üçün Türkiyəyə getməsi böyük tarixi hadisə idi. Aydın Sezər bildirib ki, bu, iki ölkə arasındakı münasibətlərin bərpasından sonra baş tutan sayca üçüncü görüşdür: "Putin və Ərdoğan İstanbulda ikitərəfli əməkdaşlığın bütün sahələrini ətraflı müzakirə etdi. Bu onu göstərir ki, iki ölkə arasındakı münasibətlərin böyük potensialı var. Düşünürəm ki, tərəflər arasındakı böhran dövrü sona çatdı. Bundan sonra ölkələrin başının üzərini alan qara buludlar dağılacaq".
Onun fikrincə, Moskva və Ankara tədricən Suriya üzrə razılığa gələcək: "Türkiyə ordusu Suriyaya daxil olduqdan sonra Rusiya və Türkiyənin Suriya mövqeyi yaxınlaşmağa başlayıb - indi Türkiyə də Rusiya kimi Suriyanın bütövlüyünün qorunub saxlanmasını istəyir. Ankara və Vaşinqton arasındakı münasibətlər günü-gündən mürəkkəbləşir. Düşünürəm ki, ABŞ-da prezident seçkilərinin sonuna qədər artıq Türkiyə və Rusiya dəfələrlə görüşüb Suriya böhranını müzakirə edəcək".
Aydın Sezər Rusiya-Türkiyə dialoqunda Azərbaycan prezidenti İlham Əliyevin iştirakını müsbət qiymətləndirib: "Rusiya təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev iki tərəf arasındakı konfliktə son qoymaq üçün əlindən gələni etdi. İlham Əliyevin sözügedən ölkələr arasındakı problemin aradan qaldırılmasında rolu əvəzedilməzdir".
Stratejik Outluk İnstitutunun eksperti Məhməd Fatih Öztarsu isə qeyd edir: "İki ölkə arasındakı böhranın start götürməsindən təxminən bir il keçdikdən sonra liderlər İstanbulda görüşdü. Forumda prezidentlərin bir-birinə münasibəti, jestləri onu göstərdi ki, hazırkı münasibətlər gözləniləndən daha yaxşıdır və iki lider, iki ölkə arasında heç bir problem qalmayıb".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirir ki, Türkiyə Moskva və Ankara arasında münasibətlərin normallaşması prosesinin tam sürətlə davam edəcəyinə əmindir: "Türkiyə-Rusiya münasibətləri baxımından biz çox səmərəli işlər gördük, sazişlər imzaladıq. Əminəm ki, Rusiya ilə münasibətlərin normallaşması prosesi tam sürətlə davam edəcək".
Tahir TAĞIYEV