Xəzər Teyyublu: "Belə olan təqdirdə, Qarabağ münaqişəsi bizim iştirakımız olmadan necə müzakirə oluna bilər?"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. O, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüşün keçirilməyəcəyini, münaqişənin nizamlanması yollarının toplantı çərçivəsində müzakirəsinin mümkün olduğunu söyləyib.
Məlumdur ki, Azərbaycan KTMT-də təmsil olunmur. Azərbaycanın təmsil olunmadığı bir tədbirdə Dağlıq Qarabağla bağlı müzakirənin aparılması nə dərəcədə doğrudur?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, İrəvanda Dağlıq Qarabağ probleminin müzakirəsi yolverilməzdir: "Bilirsiniz ki, Azərbaycan həmin təşkilatın üzvü deyil. İrəvandakı toplantıda təşkilata üzv olan ölkələr iştirak edəcək. Belə olan təqdirdə, Azərbaycanın iştirakı olmadan KTMT-də bu məsələnin müzakirəsinə nə lüzum var? Bilirik ki, KTMT Ermənistanın başını bir az da dik tutmağa əsas verən qurumdur. Həmin təşkilat çərçivəsində, demək olar ki, Rusiyanın hərbi bazaları Ermənistan ərazisindədir. Bu yaxınlarda "İsgəndər" raketlərilə bağlı yaranan qalmaqal bir daha sübut etdi ki, Ermənistan Rusiyanın tam himayəsi altındadır. Bir fakta da diqqət edək. Bəyəm tərəflərin tam iştirak etdiyi və münaqişənin həlli üçün mandata sahib olan qurumların tərkibində aparılan müzakirələr hansısa effekti verib ki, İrəvənda da nəsə olsun? Rusiya nəsə etmək istəyirsə, elə Minsk Qrupunun həmsədri kimi ciddi təpki göstərsin. Ermənistana istənilən vasitə ilə təzyiq etmək Rusiyanın əlində problem olan məsələ deyil. Bunu etmirsə, aidiyyəti olmayan bir məclisdə bu mövzunu formalizm xatirinə müzakirəyə çıxarırsa, demək, niyyət ciddi deyil. Hesab edirəm ki, Azərbaycan bu məsələyə ciddi etiraz etməlidir. Çünki münaqişəyə zorla cəlb olunan ən vacib tərəf bizik. Bizim torpaqlarımız işğal altdadır, onların yox. Belə olan təqdirdə, Qarabağ münaqişəsi bizim iştirakımız olmadan necə müzakirə oluna bilər?"
Məhəmmədəli QƏRİBLİ