Qabil Hüseynli: "Amma qarşılıqlı gizli dəstək mümkündür"
Siyasi arenada maraqları Suriya məsələsində toqquşan Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açılır. Yaxınlaşma Qərbin üz döndərdiyi iki ölkəni yenidən bir araya gətirib. Rusiya KİV-i bu yaxınlaşmanın məqamlarını belə işıqlandırıb. Türkiyə-Rusiya münasibətlərinin normallaşması prosesinin başlanmasından sonra ilk dəfə RF prezidenti Vladimir Putin Türkiyəyə səfər etdi. İstanbulda keçirilən Beynəlxalq Enerji Konqresinin işində iştirak etməyə gedən prezident Putinin bu səfərinə Rusiya mətbuatı müxtəlif aspekdən yanaşıb.
"Moskovskiy Komsomolets" qəzeti Putinin İstanbul səfərinin Çerçilin "Siyasətdə dost və düşmən yoxdur, sadəcə qarşılıqlı maraqlar var" - məşhur deyiminin həqiqiliyini bir daha təsdiqlədiyini qeyd edərək, bu görüşün hər iki dövlətin maraqlarına xidmət edəcəyi məqamları sadalayır. Kremllə genişmiqyaslı münasibətlərin bərpa edilməsi marağında olan Ankara bəzi gözlənilməz addımlar atmağa hazırdır. Ərdoğan artıq Bəşər Əsədin dərhal istefaya getməsini tələb etmir və güman ki, suriyalı etirazçılara dəstəyini azaltmaq məsələsində də güzəştə gedəcək. Bu faktor Rusiya ilə Türkiyənin məhz Suriya konflikti əsasında ortaq mövqedən çıxış edəcəyini şərtləndirir.
Bu əməkdaşlıq hərbi sahəni də əhatə edə bilərmi? Suriya məsələsində Türkiyə ilə Rusiyanın hərbi əməkdaşlığı mümkündürmü?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Suriya məsələsində Rusiya ilə Türkiyənin mövqeləri yaxınlaşıb: "Göründüyü kimi, Ərdoğanın özü də Əsədin istefasını əvvəlki təkidlə tələb etmir. Bu məsələdə Türkiyədə hərbi çevriliş cəhdinin dönüş nöqtəsi olduğunu demək mümkündür. Həmin hadisədə Amerikanın əlinin olması haqqında kifayət qədər informasiyalar gedib. Vaşinqton bunu inkar edir. Ankara isə başqa mövqedədir. Bu səbəbdən də Ankaranın Rusiya ilə yaxınlaşma siyasətini davam etdirəcəyi gözlənir. Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanılaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir. İranın xarici işlər nazirinin Ankaraya səfəri zamanı bu aspektdə danışıqlar apardığını da nəzərə almaq lazımdır. Hesab edirəm ki, Türkiyə ilə Rusiyanın Suriyadakı hərbi əməkdaşlığı açıq müstəvidə ola bilməz. Amma qarşılıqlı gizli dəstək mümkündür. Türkiyə açıq müstəvidə bunu etsə, öz müttəfiqlərinə silah çəkmiş kimi görünər".
Məhəmmədəli QƏRİBLİ