Sultan Vəhdəddin xan Osmanlı sultanlarının otuz altıncısı (sonuncusu), İslam xəlifələrinin yüz birincisidir. Sultan Vəhdəddin xan 2 fevral 1861-ci ildə anadan olub. Atası Sultan Əbdülməcid xan, anası Gülistu sultandır. Kiçik yaşlarında ata və anasını itirib. Böyük qardaşı II Əbdülhəmid xan tərəfindən böyüdülərək himayə edilib. 1918-ci il iyul ayının 4-də Sultan Rəşad xan vəfat etdiyi gün taxta çıxarılıb.
Sultan Vəhdəddin xan səltənətə keçdiyi zaman ordu və donanmaya bir yazı göndərərək Baş komandanlığı öz üzərinə aldığını bildirib. Taxta keçməsi səbəbilə hazırlanan Xətti-Humayunda padşah Nazirlər Kabinetində ədalətin dağılımı və təhlükəsizliyin təmini üçün daha artıq səy göstərilməsini, zəruri qida maddələrinin ucuzlaşdırılmasını, istehsalın artırılmasını, siyasi günahkarların əfv edilməsini, müharibə davam edən bölgələrin xaricindəki yerlərdə fövqəladə halın qaldırılmasını, dövlət xidmətində çalışacaq insanların namuslu kəslərdən seçilməsini, qanuni bir səbəb olmadıqca heç kəsin işdən azad edilməməsini tələb edib.
Bu tələblər və yeni icraatlar padşahın dövlət işlərində və məmləkət məsələlərində aktiv rol oynayacağının bir dəlili idi. Ancaq bu zamanlarda I Dünya Müharibəsinin qorxunc nəticələri alınırdı. Nəticədə, 1918-ci il oktyabr ayının 30-da "Mudros razılaşması" imzalanaraq I Dünya Müharibəsi osmanlıların məğlubiyyətilə bitdi. Razılaşmadan sonra Osmanlı dövlətini I Dünya Müharibəsinə sövq edən Tələt, Ənvər və Camal paşalar 3 noyabr gecəsi xaricə qaçdılar.
Razılaşmaya imza atan nümayəndələr 1918-ci il noyabr ayının 10-da saraya məlumat vermək üçün gəldiklərində Sultan Vəhdəddin xan onları qəbul etmədi. O, 1918-ci il noyabr ayının 24-də "Daily Mail" qəzetinin müxbirinə bəyanat verdi. Daha sonra "Times" qəzetində yayımlanan bu bəyanatda osmanlıların I Dünya Müharibəsinə girmələrinin məsuliyyəti "İttihad və Tərəqqi Cəmiyyəti"nə yüklənir, baş verən fəlakətə səbəb kimi onlar göstərilirdi. Sultan Vəhdəddin xan bu bəyanatında: "Osmanlı dövlətinin müharibəyə qatılması bir qəza nəticəsidir. Əgər siyasi vəziyyətimizlə coğrafi vəziyyətimiz və milli mənfəətlərimiz ciddiyyətlə nəzərə alınsaydı, irəli sürülən təşəbbüsün doğru olmadığı ortaya çıxardı. Təəssüflər olsun ki, o zamankı hökumətin bəsirətsizliyi bizim bu fəlakətimizə səbəb oldu. Əgər mən səltənətdə olsaydım, bu əlim qətiyyətlə razılığa gəlməzdi", - deyib.
1920-ci il mart ayının 16-da İstanbul ittifaq dövlətləri tərəfindən işğal edildi. Yunanlar İzmirə, italyanlar cənub-qərbə, fransızlar da cənubi Anadoluya girdilər. Sultan Vəhdəddin xan 11 may 1920-ci ildə düşmənlərin hazırladığı və Anadolunun işğalını ehtiva edən "Sevr müqaviləsi"ni, bütün təzyiqlərə baxmayaraq, imzalamadı. Osmanlı ordusu tamamilə ləğv edildi. Mədinə mühafizi Fəxri paşa, XII Ordu komandanı Əli İhsan paşa və Müdafiə naziri, mərsinli Camal paşa kimi dəyərli komandanlar Malatiyaya sürgün edildilər. Ancaq sultanı qorumaq üçün yeddi nəfərlik bir dəstənin qalmasına izn verildi.
İşğal altındakı İstanbuldan Vətənin azad edilməsinin mümkün olmayacağını anlayan Sultan Vəhdəddin xan inandığı komandanları Anadoluya göndərmək istədi. Ancaq onlar: "Dünyaya qarşı müharibə edilməz. Bu iş müsbət həll olmaz", - deyərək Anadoluya getməyi rədd etdilər. Sultan Vəhdəddin xan qurtuluşun Anadoludan ortaya çıxacağından əmin idi. Bir ara özü Anadoluya getmək istədi. Fəqət ingilislər: "Əgər Anadoluya keçsən, İstanbulu rumlara işğal etdirər, daş üstündə daş buraxmarıq" - deyərək, ona mane oldular. Belə olduqda sultan Saraya Mustafa Kamalı çağırdı və ona: "Paşa! İndiyə qədər dövlətə çox xidmət etdiniz. Bunları unudun. İndi görəcəyiniz işlər hamısından daha mühüm ola bilər. Siz dövləti qurtara bilərsiniz," - dedikdən sonra böyük səlahiyyətlərlə onu Anadoluya göndərdi.
Sultan Vəhdəddin xan İstanbuldakı işğal komandanlarını yayındırmaq və Anadoludakı mücadiləni gözdən uzaq tutmaq məqsədilə cürbəcür siyasi manevrlər etdi. İngilislər də türk birliyini parçalamaq üçün padşahın əleyhinə çalışmaqdan geri durmadılar, hətta bu iş üçün bir kampaniya başlatdılar. Onların yeganə arzusu sultanı gözdən salmaq idi. İngilis qüvvələri 1922-ci il oktyabr ayının 17-də cümə günü sultanı silah gücü ilə Dolmabağça sarayından Malatyaya gedən hərb gəmisinə mindirdilər. Bu gəmi son Osmanlı sultanını və İslam xəlifəsini ingilislərin türk ziyalılarını sürgün etdikləri Malta adasına apardı. Sultan Vəhdəddin xan acılar və sıxıntılar içərisində keçən bir sürgün həyatından sonra 1926-cı il may ayının 16-da İtaliyada vəfat etdi. Sultanın cənazəsi Şama gətirilərək Sultan Səlim camisi qəbristanlığına dəfn edildi.
Sultan Vəhdəddin xan çox ağıllı və zəka sahibi bir insan idi. Sultan Rəşad xan olmasa idi, II Əbdülhəmid xandan sonra taxta Vəhdəddin xan çıxsa idi, İttihad və Tərəqqi hökumətinin xatalarının və baş verən fəlakətlərin qarşısını ala bilərdi. O, bu qüdrət və bilgiyə sahib bir insan idi. Onun dünya malına düşkün olmadığı, gözəl əxlaqlı və tayı az görülə biləcək qədər namuslu olduğu vəsiqələrindən bəlli olur. Sultan Vəhdəddin xan çox sevdiyi vətənindən qoparkən yanında şəxsi mal varlığından başqa bir şey götürmədiyi taxtdan ayrıldıqdan dörd il keçmədən vəfat etdiyində qəssaba, baqqala və çörəkçiyə borclu olmasından aydın olur.
Sultan Vəhdəddin xanın vətəninin və millətinin uğradığı fəlakətlər qarşısında nələr düşündüyü və nələr hiss etdiyi qeydlərə keçmiş bu hadisədən aydın ola bilər: 1919-cu ilin ramazan ayında bir sabah Ulduz sarayında yanğın çıxır. Qısa bir zamanda böyüyən alovlar sultanın gecələr qaldığı evi də bürüyür. O gecəni təsadüfən köşkündə keçirmiş olan Vəhdəddin xan yanğın xəbərini aldıqda paltosunu çiyninə ataraq çölə çıxır. Heç bir təlaş göstərmədən köşkün önündə yanğını seyr edərkən ətrafda ağlayanları gördükdə gözləri yaşarır, "Mənin Vətənim od içərisindədir, onun yanında bunun nə dəyəri var," - deməkdən özünü saxlaya bilmir.
Bəli, Osmanlı imperatorluğu türkün qüdrətini dünya tarixinin səhifələrinə qeyd etdikdən sonra məğlub olanlar arasında yer almaq məcburiyyətində qalıb. Beləcə, I Dünya Müharibəsinin nəticəsində yaranan vəziyyətə qarşı 1 noyabr 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilən bir qərara əsasən səltənətin ləğv edilməsilə Osmanlı İmperatorluğu sona çatıb. Beləliklə, yerini Türkiyə Cumhuriyyətinə verən Osmanlı İmperatorluğu 623 il boyunca Böyük Türk Millətinin tarixi və yüksək mədəniyyəti ilə Türk dünyasının şanlı bir varlığı olaraq tarixə düşüb.
Tarixçilərin Osman qazi və qurduğu dövlət haqqında ortaq fikirləri qısaca belədir:
Türklərin və İslam tarixinin ən möhtəşəm dövrü osmanlıların əsəridir. Onlar milli və islami məfkurələrin əsası olan siyasi istiqrar və sosial ədalətləri sayəsində üç qitənin ortasında bəşər tarixinin ən qüdrətli təmsilçiləri olmuşlar. Osmanlı xanədanı dünyada heç bir millətə nəsib olmayan, sadəcə böyük bir dövlət bəxş etmədi, onu milli və insani çərçivələrdə millətin qəlbini qazanaraq cahan hakimiyyəti düşüncəsinin ən sağlam təşkilatı halına gətirdi.
Osmanlı sultanları elmi və elm adamlarını məmləkətə sahib olmaqdan üstün tutdular; kamal sahibi elm ərbabını təqdir edib rəğbət göstərdilər; müharibə və sülh zamanı müqəddəs dinimizin bildirdiyi hökmlərə sadiq qalıb gücləndilər; işlərində alimlərlə istişarə etdilər, dövlət nizamnaməsini onlara hazırladıb idari məsuliyyətlərə onları da daxil etdilər. Buna görə də Osmanlı dövlətində elm adamları hörmətli mövqelərdə olub.
Osmanlı dövləti qövmlər, dinlər və məzhəblər arasında sağlam bir ahəng yaratmaqla, xalq kütlələri arasında heç bir fərq və təzada yol vermədən dünya tarixində ən qüdrətli bir varlıq təşkil edib. Üç qitə, doqquz iqlim, müxtəlif irq, dil, din, məzhəb fikir və mədəniyyətləri birləşdirən Osmanlı dövləti XIII əsrdən XX əsrə qədər nəsilləri idarə edib. Bu böyük siyasi varlıq, qədim və yeni dövlətlərdən fərqli olaraq, nə xarici istila təhdidlərinə, nə də daxildəki müxtəlif irq, din və məzhəb mənsublarının təşvişinə məruz qalıb, əsrlər boyu maddi və mənəvi gücünü insanlıq üçün xərcləyib. Bu da bir həqiqətdir ki, dünyanın ən uzunömürlü və ən böyük dövlətlərindən biri Osmanlı dövləti olub.
Osmanlı dövlətinin qurucusu Osman bəy gəncliyində könül sultanlarından biri olan Şeyx Edabalinin söhbətlərinə qatılmaqla mənəviyyatını yüksəldib. O, Şeyx Edabaliyə qonaq olduğu bir gecə qəribə bir röya görüb. Görüb ki, şeyxin böyründən çıxan bir ay onun sinəsinə girdi, sonra sinəsindən çıxan bir ağac bütün üfüqü, göy üzünü bürüdü. Dağların, dərələrin, meşələrin, şəhərlərin, çayların, dənizlərin bu ağacın kölgəsi altında qaldığını və insanların ondan faydalandığını görüb. Ertəsi gün Osman bəy röyasını Şeyx Edebaliyə danışdıqda şeyx çox həyəcan keçirib və: "Oğul! Haqq-Təala sənə və sənin övladlarına səltənət verdi. Sən padşah olacaqsan. Sənin dövlətin bütün cahanı bürüyəcək, bütün dünya sənin övladlarının himayəsi altında olacaq, mənim qızım Mal xatundan sənin nəslin törəyəcək. Artıq qızım sənə halaldır"- deyərək, Osman bəyin röyasını izah edib. Beləliklə, Osman bəy 1277-ci ildə, on doqquz yaşında ikən Edebalinin qızı ilə evlənib. Osman qazinin cəsarəti, zəkası, comərdliyi, İslam dininə olan sədaqəti hər kəs tərəfindən təqdir edildiyinə görə o, Kayı boyu bəyliyinə namizəd göstərilib və 1281-ci ildə atası Ərtoğrul bəy vəfat etdikdə Kayı bəyi olub.
Altı əsrdən artıq yaşamış bu dövlətə adını verən Sultan I Osman qazi 1258-ci ildə Söyüdlüdə dünyaya gəlib. Atası oğuzların Bozok qolunun Kayı boyundan olan Ərtoğrul bəy, anası Halime xanımdır. Sultan I Osman qazi islam tərbiyəsilə yetişdirilib, dövrün adət-ənənəsilə mükəmməl hərbi təlim alıb. Ərtoğrul bəyin oğlanlarının ən kiçiyi olan Osman bəy atasının yaxın dostlarından qılıncla döyüşməyi, ata minməyi öyrənib. Onlardan ibrət alaraq gəncliyindən etibarən döyüşlərə qatılıb zəfərlər qazanıb, komandanlıq vəsflərini inkişaf etdirərək güclənib. O zamanlar o bölgədə çox sayda mücahid, dərviş və hər biri bir könül sultanı olan şeyx və alimlər var idi. Osman bəy Anadolunu islamlaşdırıb türkləşdirmə fəaliyyətlərinə qoşulan bu könül sultanlarından biri olan Şeyx Edabalinin söhbətlərinə qatılıb mənəviyyatını yüksəldib, Yenişəhəri mərkəz halına gətirib. Burada idarə, iqtisadiyyat və sosial müəssisələrini qurdurub. Hər bölgənin rəhbərliyinə inandığı qabiliyyətli və adil komandanlar təyin edib. Nəticədə, 1299-cu ildə 623 il boyunca davam edən Osmanlı xanədanını və dövlətini qurub.
Fazil QARAOĞLU professor