Ruslan Həsənov: "Vahid müqavimət immuniteti yaradılmasa, enerji təhlükəsizliyi təmin oluna bilməz"
Oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konqresin açılışında iştirak edib. "Yeni üfüqlərə qucaq açmaq" devizi altında keçirilən 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Venesuela Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti əsasında iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Konqresdə çıxışı zamanı dünya enerji təhlükəsizliyi ilə bağlı fikirlər səsləndirib:
"Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olmuşdur ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici yatırımdan asılı idik. Bu gün biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik, o cümlədən qardaş Türkiyəyə bizim yatırdığımız və yatıracağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu bizim iqtisadiyyatımızı, Türkiyə iqtisadiyyatını gücləndirir. Bu bizim birliyimizi gücləndirir".
İlham Əliyevin enerji istehsalçıları, tranzit və istehlakçı ölkələrin vahid komandasının yaradılmasının zəruriliyi ilə bağlı səsləndirdiyi tezisi necə qiymətləndirmək olar?
Enerji məsələləri üzrə mütəxəssis Ruslan Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyevin təklif etdiyi model olduqca əhəmiyyətlidir: "Bilirsiniz ki, enerji resurslarına dünyanın böyük tələbatı var. Bu səbəbdən də bəzi ölkələr tələbatını ödəmək üçün heç də coğrafi cəhətdən özlərinə yaxın olmayan ölkələrdən neft və ya qaz tranzit etməyə məcbur olur. Yəni enerji sahəsindəki təhlükəsizliyin təminatı yalnız istehsalçının üzərinə düşən vəzifə deyil. Bu faktor dünyada qloballaşmanın bir modelini yaradır. Vahid müqavimət immuniteti yaradılmasa, enerji təhlükəsizliyi təmin oluna bilməz. Ölkə başçısı doğru vurğulayıb ki, istehsalçı, tranzitor və istehlakçı birləşərək ortaya vahid təhlükəsizlik strategiyası qoymalıdır. Bir anlıq təsəvvür edək ki, Azərbaycanın dünya bazarına nəql etdiyi neftin təchizatında Gürcüstan ərazisində problem yaranır. Ölkənin adını misal olaraq çəkirəm. Nə baş verəcək? Təbiidir ki, Azərbaycan tranzit üçün həmin ölkəyə pul ödəyir. Ancaq bununla problem həllini tapmır. Ümumi proses ağsayacaq. Bizim neftimizin satışı dayanacaq, istehlakçı ölkəyə neft çatmayacaq, tranzit yükünü boynuna götürən ölkə isə problemlə tək üz-üzə qalacaq. Bu vahid bir orqanizm kimi səciyyələndirilə biləcək mexanizmdir. Bu səbəbdən də İlham Əliyevin təklif etdiyi formul dəstəklənməlidir".
Məhəmmədəli QƏRİBLİ