Aydın Mirzəzadə: "Bizim göstərəcəyimiz yol bundan ibarətdir"
Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bir sıra vacib məqamlara toxunub.
Onun sözlərinə görə, bağlı qapılar arxasında Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı Azərbaycana təzyiqlər olur: "İndi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, - referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, - heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".
Qarabağ danışıqları ilə əlaqədar bağlı qapılar arxasında Prezidentə təzyiq göstərildiyi bir vaxtda Azərbaycan xalqı hansı mövqe tutmalıdır?
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, xalq, hər zamankı kimi, qətiyyətli mövqeyini qoruyub saxlamalıdır: "Azərbaycan müstəqilliyini bərpa edən dövrdən indiyəcən torpaqlardan imtina edilməsi ilə bağlı müxtəlif təzyiqlər olub. Dövlət müstəqilliyini formal etmək, ölkəni kimlərinsə forpostuna çevirmək cəhdləri olub. Bu istiqamətdə təkliflər və hətta təzyiqlər kifayət qədər çox olub. Ancaq Azərbaycan xalqının kimliyi məhz bu cür təzyiqlərə davam gətirməyimizdə, mövqelərimizi müdafiə etməyimizdə və öz qətiyyətimizi göstərməkdə mühüm rol oynayıb. O baxımdan hesab edirəm ki, yeni heç nəyə ehtiyac yoxdur. Qətiyyətlə müstəqilliyimizi möhkəmləndirmək, torpaqlarımızın geri qaytarılması ilə bağlı mübarizə aparmaq, heç kimdən asılı olmadığımızı hər dəfə, hər bir kəsə sübut etmək - bizim göstərəcəyimiz yol bundan ibarətdir".
Vidadi ORDAHALLI