"Bu da gələcəkdə bir çox dövlətlərin ərazi bütövlüyünü pozan qeyri-sabitlik mənbəyinə çevrilə bilərdi"
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına münasibət bildirib. Toner təzyiqin yüksəlməməsi üçün çalışdıqlarını deyib:
"Türkiyə YPG və İŞİD-i toplarla atəşə tutub. Bu barədə türk rəsmilər və Suriya Demokratik Qüvvələrinin rəhbər heyəti ilə əlaqə saxlayırıq. Hər iki tərəfə burada əsl düşmənin İŞİD olduğunu xatırlatmağa çalışırıq".
Qeyd edək ki, Rusiya da Türkiyənin hərbi əməliyyatlara başlamasına müsbət reaksiya verib. Rəsmi Moskva Türkiyəyə Əsədlə koordinasiyalı şəkildə fəaliyyət göstərməyi tövsiyə edib. Göründüyü kimi, dünyanın fərqli qütblərdə dayanan iki fövqəlgücü Türkiyə ilə həmrəylik nümayiş etdirib. Maraqlıdır ki, bir müddət öncə ABŞ-la Rusiyanın Suriyaya baxış məsələsində təzadlı münasibət mövcud idi. Hazırda bu məsələ ilə bağlı Rusiya ilə ABŞ-ın eyni mövqedən çıxış etməsi nə ilə bağlıdır?
Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyənin qarşısında duran əsas məsələ sərhədləri boyunca yaranan təhlükəni aradan qaldırmaqdır: "Türkiyə böyük kürd məntəqələrinin yaradılmasına yol vermək niyyətində deyil. YPG böyük bir ərazidən türkmənləri qovub çıxarmışdı. Həmin əraziləri əlinə keçirmişdi. Cerablus eyni zamanda YPG-nin nəzarətində idi. Onlar Aralıq dənizinə qədər olan ərazidə kürd zolağı yaratmaq istəyirdilər. Bu da gələcəkdə bir çox dövlətlərin ərazi bütövlüyünü pozan qeyri-sabitlik mənbəyinə çevrilə bilərdi. Buna görə də Türkiyə haqlı olaraq Suriyada həm İŞİD-ə, həm də PKK-ya qarşı əməliyyatlara başladı.
Hesab edirəm ki, Suriyadakı əməliyyatlar Bəşər Əsədə təhlükə yaratmır. Çünki Rusiya Bəşər Əsədi dəstəkləyir. Onsuz da Türkiyənin keçirdiyi əməliyyatlar Rusiyanın icazə verdiyi qırmızı xətlər çərçivəsində həyata keçirilir. Bəşər Əsədin qorxmağa səbəbi olmamalıdır. Onsuz da həmin ərazilər Suriya qüvvələrinin nəzarətində deyildi.
Türkiyə dəfələrlə bəyan edib ki, rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü tanıyır və onun pozulmasına yol verməyəcək. Bəşər Əsəd bununla fəxr etməlidir. Sadəcə, Bəşər Əsədi qıcıqlandıran odur ki, əməliyyatlarda Suriya Azadlıq Ordusu da iştirak edir. Bütün bu faktorlar dünya güclərinin etiraz etməməsinə səbəb olub. Bir sözlə, Türkiyənin Suriyada apardığı əməliyyatlar həm Rusiya, həm də ABŞ üçün sərfəlidir".
Məhəmmədəli QƏRİBLİ