Qarabağ münaqişəsinin həlli istiqamətində cari il ərzində müəyyən dəyişikliklərin ola biləcəyinə dair yenidən diqqətçəkən fikirlər səslənməkdədir. Hesab edilir ki, artıq payızda Azərbaycan və Ermənistan arasındakı danışıqlarda müəyyən fəallaşma müşahidə olunacaq. Məhz bu zaman tərəflər münaqişənin həlli istiqamətində artıq real addımlar atmağa başlayacaq.
Bu fonda əsas diqqət tərəflər arasında yeni təmaslara yönəlib. Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü gözlənir. Bunun ardınca prezidentlərin görüşünün təşkil edilməsi nəzərdə tutulur. Politoloqlar hesab edir ki, payızda danışıqlar yenidən dayansa və heç bir irəliləyiş olmazsa, cəbhədə vəziyyət yenə də gərginləşə bilər. Bu isə Ermənistan üçün böyük faciədir.
Rusiyalı politoloq Aleksey Fenenko da xatırladır ki, aprel hadisələri Azərbaycan ordusunun gücünü ortaya qoydu və Azərbaycan göstərdi ki, Ermənistanın düşündüyünün əksinə olaraq, müharibə qaçılmaz ola bilər. Onun sözlərinə görə, Ermənistan prezidenti Serj Sarkisyanın, nəhayət, ən azı Qarabağın ətrafındakı rayonları geri qaytaracağı realdır. Politoloq hesab edir ki, Kremlin mövqeyi indi Ermənistana deyil, Azərbaycana daha yaxındır: "Rusiyanın mövqeyi üç məqama əsaslanır; biz rəsmi olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyırıq, münaqişənin hərbi yolla həllinin əleyhinəyik, nəhayət, Ermənistana Rusiya və KTMT tərəfindən verilən qarantiyaların Qarabağ münaqişəsinə münasibətdə heç bir təsiri yoxdur". Politoloq onu da deyib ki, aprel hadisələri status-kvonun saxlanmasının böyük partlayışa səbəb ola biləcəyini ortaya qoyub. Bu isə Ermənistanda da nəzərə alınmalıdır və İrəvan konkret addımlar atmalıdır. Fransanın strateji tədqiqatlar institutunun eksperti Kayts Minasyan da Ermənistanın başqa çıxış yolu olmadığını bildirir. O, həmçinin, Serj Sarkisyan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə irəli sürülmüş "üç şərt" barədə fikirlərini bildirib: "Aprel müharibəsindən sonra Serj Sarkisyan "üç şərt" irəli sürdü ki, bunlardan biri özündə münaqişə zonasında beynəlxalq nəzarət sxemlərinin tətbiqini ehtiva edir. Sarkisyan həmçinin bildirib ki, bu şərtlər yerinə yetirilməyincə danışıqlar növbəti mərhələyə keçə bilməz. Mən Minsk Qrupunun həmsədrlərinin və ümumilikdə dünya ictimaiyyətinin Serj Sarkisyana nə qədər ciddi yanaşdıqlarını bilmirəm. Birinci dəfə deyil ki, o hansısa şərtləri "irəli sürür", lakin heç bir irəliləyiş görmürük. Yadınızdadırsa, hələ 2010-cu ildə Qazaxıstanda Sarkisyan bəyan etmişdi ki, Azərbaycan "DQR"-ə qarşı hücumlarını davam etdirərsə, Ermənistan dərhal Qarabağın müstəqilliyini tanıyacaq. O vaxtdan artıq altı il keçib, bu vaxt ərzində Qarabağ ətrafında vəziyyət daha da kəskinləşib, Sarkisyanın sözləri isə söz olaraq qalıb. O özü özündən soruşmalıdır: "Mənə, mənim sözlərimə və bəyanatlarıma beynəlxalq təşkilatlar və bütövlükdə dünya ciddi yanaşırmı?" Elə indi, "üç şərt"i irəli sürməzdən əvvəl də o özünə bu sualı verməli idi. İndi o, mütəmadi olaraq hansısa qarşılıqlı güzəştlərdən danışır və heç kim bilmir bunlar olacaq, ya yox və heç kim onu da bilmir ki, onun bəyanatlarını necə qarşılasın. Bütün sual da məhz bundan ibarətdir".
Qeyd edək ki, bundan əvvəl də qondarma "DQR"-in keçmiş "müdafiə naziri", aprel döyüşlərindən sonra Moskvadan qayıdan general Samvel Babayan deyib ki, erməni tərəfi bu yaxınlarda Moskvada ərazilərin qaytarılmasına hazır olduğunu bildirib. Bildirib ki, erməni tərəfi nəinki ərazilərin qaytarılmasına, eləcə də başqa güzəştlərə hazırdır.
Onun sözlərinə görə, Ermənistan artıq xarici təzyiqlərə davam gətirmək imkanında deyil:"İstər Azərbaycan tərəfdən olsun, istər həmsədrlər tərəfdən. Biz müqavimət göstərə bilmirik və "hə" deyən obyektə çevrilirik". Babayanın sözlərinə görə, 2008-ci ildən sonra erməni tərəfi Qarabağ məsələsində çox ciddi güzəştlərə hazır olub. Beləliklə, Ermənistan Qarabağ məsələsində çıxılmaz vəziyyətdədir. Düşmən ya torpaqlardan işğalçı qüvvələri çıxarmalı, ya da yeni müharibəyə hazır olmalıdır. Yeni müharibə aparmaq üçün isə Ermənistanın heç bir resursu yoxdur və artıq əsas himayədarları da onu müdafiə etməkdən imtina edir. Bu şəraitdə müharibənin necə nəticələnəcəyini isə Ermənistan özü də yaxşı bilir.
Nahid SALAYEV