Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan kütləvi təmizləmələrə Xarici İşlər Nazirliyi də qoşulub. APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, nazir Mövlud Çavuşoğlunun rəhbərliyi ilə aparılan araşdırmaların nəticəsində ilk olaraq səfir rütbəsinə malik 4 diplomat XİN sistemindən qovulub. Onların arasında Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və keçmiş prezident Abdulla Gül ilə sabiq baş nazir Əhməd Davudoğlunun müşaviri olmuş Gürcan Balık da var. G. Balık Ə. Davudoğlu xarici işlər naziri olarkən onu ABŞ-da Fətullah Gülənlə görüşdürüb.
Səfirlərlə birlikdə 2-ci katib rütbəsində və daha aşağı səviyyəli onlarla diplomatın da sistemdən xaric edildiyi bildirilir.
Barəsində həbs qərarı verilmiş məşhir jiurnalist Nazlı Ilıcak da tutulub. Jurnalist Muğla vilayətinin Bodrum rayonunda bir avtomobildə yaxalanıb.
Qeyd edək ki, "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) media ayağına qarşı əməliyyat başlayıb. İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan aparılan istintaq çərçivəsində 42 media mənsubunun yaxalanması haqqında təlimat verib. Onların arasında N. Ilıcak da var.
1944-cü il təvəllüdlü Nazlı Ilıcak Demokrat Partiyanın hakimiyyəti dövründə nazir vəzifələrində çalışmış Muammer Çavuşoğlunun qızıdır. Onun ilk həyat yoldaşı bir zamanlar Türkiyənin populyar mətbuat orqanlarından biri - "Tərcüman” qəzetinin sahibi Kamal Ilıcak olub. Mühafizəkar kəsimin tanınmış simalarından olan Nazlı Ilıcak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib.
Türkiyənin dini işlər üzrə idarəsində də Fəthullah Gülənin 100-dən artıq tərəfdarı işdən uzaqlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti xəbər verib.
Daha öncə həmin idarədə təxminən 150 əməkdaş eyni səbəbdən işdən azad edilmişdi.
Bu arada Gülən hərəkatı ilə mübarizə çərçivəsində "Türk Telekom" dövlət telekommunikasiya şirkətinin 3 yüksək vəzifəli əməkdaşı da saxlanılıb.
Məlumata görə, hərbi çevrilişə cəhddən sonra ümumilikdə 9 min nəfər saxlanılıb. Onların arasında hərbçilər, vəkillər və polislər var.