Azərbaycandakı hər kəsə, xüsusilə ölkə Prezidenti İlham Əliyevə göstərdikləri dəstək üçün minnətdarlığımı bildirirəm. Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, mediada dezinformasiya yaşandığını gördük və belə bir tədbirin keçirilməsini lazım bildik: "Türkiyə Silahlı Qüvvələrinin içindəki kiçik qrupun başladığı hadisəyə 80 milyon insanın necə münasibət göstərdiyinə, vətəndaşların həmrəyliyinə, siyasi partiyaların necə dəstəklədiyinə, Türkiyənin seçilmiş hökumətinin daim vəzifəsinin başında olmasına baxsanız, 15 iyulun demokratiya bayramı olduğunu görərsiniz".
Səfir sonra bildirib ki, Silahlı Qüvvələrin içərisində bir qrup şəxs arasında yaşanan dirəniş Silahlı Qüvvələrin rəhbərliyi tərəfindən gerçəkləşməyib: "Turkiyə uzun müddətdir terror qrupları ilə mübarizə aparır. Türkiyədə Fətullahçı terror örgütü heç bir izi qalmayana qədər təmizlənəcək. Hadisələrdə 246 şəhid verilib, 1500-dən çox yaralı var. 60 minə yaxın şəxs vəzifəsindən azad edilib".
Səfir deyib ki, Türkiyədə fövqəladə vəziyyətin tətbiqi terroristlərin təmizlənməsini tezləşdirəcək. O, qeyd edib ki, alınan tədbir yerli və xarici vətəndaşların azadlıqlarını sıxışdırmayacaq, səyahətlərinə maneə törətməyəcək: "Azərbaycan vətəndaşları əvvəllər Türkiyəyə necə gedirdilərsə, indi də eyni qayda ilə gedə biləcəklər".
İ. A. Coşkun çevriliş cəhdinin Türkiyə Silahlı Qüvvələrinin əmr-komandanlıq sistemi daxilində baş vermədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, ordu tərkibindəki kiçik qrupun təşəbbüsü olub və onlar qanuna müvafiq şəkildə cəzalandırılacaqlar. Türkiyənin terrorla mübarizə böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat həmin terror qruplarından birinin də Fətullahçı Terror Təşkilatı – FETÖ olduğunu bildirib: "15 iyul çevriliş cəhdi bu terror təşkilatının indiyə qədər bildiyimiz terror fəaliyyətlərinin zirvəsini təşkil edir. Hazırda onların təmizlənməsi davam etdirilir. Bu qruplaşmanın təkcə Türkiyə daxilində deyil, həm də ölkə xaricindəki strukturlarına qarşı mübarizəmizi davam etdiririk”.
Səfir deyib ki, hər mübarizəmizdə olduğu kimi, FETÖ ilə mübarizəmizdə də tərəddüdsüz yanımızda duracaq tək dostumuz Azərbaycandır (APA).
Səfir bildirib ki, hüquq çərçivəsində ölkə daxilində bu təşkilata qarşı mübarizə davam edəcək: "Lakin ölkə xaricində də təşkilatlanmağa və yayılmağa çalışırlar. Ona görə də bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Türkiyə Azərbaycanla hər mövzunu açıqlıqla danışır. Biz bu təcrübəmizi Azərbaycanla uyğun kanallarla paylaşmağa davam edirik”.
"15 iyul gecəsi Türkiyədə gerçəkləşən hərbi çevriliş cəhdinin arxasında Fətullahçı Terror Təşkilatı dayanır. O şəxsin ekstradisiyası ilə lazımi sənədlər ABŞ-a göndərilib” – deyə səfiri bildirib.
Səfir bildirib ki, ABŞ-dan əsas gözlənti göndərilən sənədlərə lazımi reaksiyanın verilməsidir.