Türkiyə ABŞ-dan Fəthullah Gülənin ekstradisiya edilənə qədər müvəqqəti olaraq 60 günlük həbs olunmasını tələb edib. Baki-xeber.com xəbər verir ki, bu barədə DW Türk twitter hesabında məlumat yayıb.
"CNN Türk” də iki ölkə arasındakı razılaşma çərçivəsində Türkiyənin ABŞ-a iki aydı dosya göndərdiyini və ekstradisiyası reallaşana qədər Fəthullah Gülənin həbs olunmasını tələb etdiyini bildirib.
Bildirili ki, Türkiyə ABŞ Ədliyyə Nazirliyi və Dövlət Departamentinə iki ayrı dosya göndərib. ABŞ Dövlət Departamentinə göndərilən məktubda ekstradisiya tələbi və hüquqi prosesin Türkiyə Respublikasına bildirilməsi tələb edilir. Ədalət Nazirliyinə göndərilən məktubda isə Gülənin həbs olunması tələb edilir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə baş naziri Binali Yıldırım və ədliyyə naziri Bəkir Bozdağ Gülənin qaytarılması üçün ABŞ-a müraciət edildiyini açıqlamışdı.
Türkiyə Prezidenti Administrasiyasından isə Trend-ə deyiblər ki, Türkiyə dövlət çevrilişi cəhdlərinin təşkilatçısı hesab etdiyi Fəthullah Gülənin ABŞ-dan ekstradisiyası üçün mümkün olan hər şeyi edəcək. Administrasiyadan qeyd ediblər ki, çevriliş cəhdi Türkiyənin terror hücumları təhlükəsi qarşısında olduğunu göstərir: "İndiyədək Gülən hərəkatına qarşı mübarizə Türkiyənin əsas prioritetlərindən biri olaraq qalır".
PA-dan bildiriblər ki, əgər ABŞ Türkiyənin strateji tərəfdaşıdırsa, o zaman F.Güləni Türkiyəyə ekstradisiya etməlidir: "Türkiyə ABŞ-ın tələbi ilə dəfələrlə terrorçuları Birləşmiş Ştatlara qaytarıb. ABŞ bu məqamı nəzərə almalıdır. Bundan başqa, ABŞ və Türkiyə arasında 1979-cu ilin iyun ayında imzalanmış və 1981-ci ildə qüvvəyə minmiş ekstradisiya üzrə saziş mövcuddur”.
Administrasiyadan deyiblər ki, F.Gülənin ekstradisiyası Türkiyə xalqının maraqlarına düşmən kəsilmiş terror təşkilatını zəiflədəcək: "Dövlət çevrilişinə cəhd Türkiyə dövlətinə və xalqına xəyanətdir. Hərbi texnikanın gücü xalqın iradəsini sındıra bilmədi”.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.