Türkiyə Silahlı Qüvvələri (TSK) ölkədə baş verən son hadisələrlə bağlı açıqlama yayıb. APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, FETÖ terror təşkilatının iyulun 15-də axşam saatlarında başladığı dövlət çevrilişi cəhdinin qarşısı iyulun 17-də günorta saatlarında tam alınıb: "Hazırda Türkiyə Silahlı Qüvvələrində nəzarət tam ələ keçirilib. Türkiuə Cümhuriyyətinə, Silahlı Qüvvələrə və türk millətinə bu rəzaləti, zülmü yaşadan alçaqlar ən ağır şəkildə cəzalandırılacaqlar".
Bu arada, hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılmış generallardan biri sərbəst buraxılıb. Məlumata görə, iyulun 16-da səhərə yaxın polis tərəfindən saxlanılan, Çanaqqala vilayətində dislokasiya olunmuş 18-ci mexanikləşdirilmiş diviziyanın komandiri, general İsmayıl Gürgən azadlıqdadır.
Polis tərəfindən məhkəmə önünə çıxarılan İ. Gürgən azadlığa buraxılıb. O, istintaq dövründə azadlıqda qalacaq.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hərbi çevrilişə cəhdlə əlaqədar Türkiyə Nazirlər Kabinetinin 257 əməkdaşı işdən azad edilib. Azad edilənlər xidməti vəsiqələrini təhvil veriblər.
Bundan başqa, Diyanət Vəqfinin 492 əməkdaşı da vəzifəsindən azad edilib. Onların "paralel dövlət” adlandırılan "Fətullahçı Terror Təşkilatı”na yaxın şəxslər olduğu bildirilir.
Türkiyənin əsas kəşfiyyat qurumu – Milli İstihbarat Təşkilatının (MİT) da bir qrup əməkdaşı işdən uzaqlaşdırılıb. Məlumata görə, hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan "təmizləmə” əməliyyatları çərçivəsində MİT daxilində 100 əməkdaşın fəaliyyətinə son qoyulub. Bu şəxslər təşkilatda passiv vəzifələrdə çalışırmış.
Türkiyənin Baş naziri Binəli Yıldırım isə dövlət qulluqçularının illik məzuniyyətinin ləğv edilməsi barədə sərəncam imzalayıb. Məlumata görə, məzuniyyətdə olan dövlət qulluqçuları və tibb işciləri də geri çağırılıb.
Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.