Ölüm hökmünü tətbiq edəcəyi təqdirdə, heç bir ölkə Avropa İttifaqına (Aİ) üzvlüyə ümid etməsin. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini deyib.
O, bunu Brüsseldə ABŞ-ın dövlət katibi Con Kerri ilə Aİ ölkələrinin XİN rəhbərlərinin işçi naharının yekununda deyib: "Ölüm hökmünü tətbiq edəcəyi təqdirdə, heç bir ölkə Avropa İttifaqına üzv ola bilməz. Bu, bizim qanunvericiliyimizdə nəzərdə tutulub".
Avstriya xarici işlər naziri Sebastyan Kurts da deyib ki, Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının tətbiq edilməsi ilə bağlı çağırışlar edilməsi Avropa İttifaqı üçün qəbuledilməzdir. Onun sözlərinə görə, edam cəzasının tətbiq edilməsi tam qəbuledilməzdir: "Türkiyə aydın başa düşməlidir ki, edam cəzasının saxlanılması tərəfimizdən amansız və qeyri-insani cəza forması kimi rədd edilir”.
S.Kurts qeyd edib ki, Avstriya Xarici İşlər Nazirliyi vasitəsilə Avropanın Türkiyədən müəyyən hədlərə riayət edilməsini tələb etməsini təkid edir.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ölkədə dövlət çevrilişinə cəhddə iştirak edənlər barəsində ölüm hökmünün verilməsi ehtimalını istisna etməyiblər.
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer isə bildirib ki, regionda sabitlik demokratik Türkiyənin davamlı daxili siyasəti olmadan ağlasığmazdır. O, Türkiyədə demokratiyanın və qanunun aliliyinin qorunması çərçivəsində əmin-amanlığın bərpasının vacibliyini vurğulayıb.
Almaniya XİN rəhbəri ölkəsinin Ankara ilə dostluq və sıx münasibətlərinin olduğunu və hazırda Türkiyədə 200 min alman turistin olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hərbi çevrilişə cəhd edilib.