Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinin ardından, ötən il noyabrın 24-də Türkiyə-Suriya sərhədində vurulan Rusiya təyyarəsilə bağlı yeni iddialar ortaya atılıb. Baki-xeber.com xəbər verir ki, xüsusilə rus siyasi ekspertlər Rusiya təyyarəsinin hərbi çevrilişçi qrup tərəfindən vurulduğunu bildirirlər.
Onların fikrincə, sözügedən qüvvələr 24 noyabrda Rusiya döyüş təyyarəsini prezident Rəcəb Tayyib Ərdoğandan xəbərsiz vurublar. Ekspertlər hətta bunu sübut etmək üçün ortaya ciddi arqumentlər də qoyurlar. Onlar, son çevriliş cəhdində xüsusilə Türkiyə Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərinin yer almasını göstərirlər. Onların fikrincə, son hadisələr onu göstərdi ki, ölkənin Hərbi Hava Qüvvələrinin Komandanlığı daha çox onların nəzarətində olub. Onların planı isə Rusiya-Türkiyə münasibətlərini pozmaq olub.
Rusiyanın Yaxın Şərq mütəxəssislərindən Nadana Fridrixson çevriliş cəhdinin Türkiyə Hərbi Hava Qüvvələri zabitləri tərəfindən edildiyinə diqqət çəkərək, hələ bir müddət əvvəldən Rusiya döyüş təyyarəsinin Ərdoğandan xəbərsiz vurulduğunu dediyini xatırladır: "İyunda qatıldığım bir televiziya proqramında Rusiya təyyarəsinin Ərdoğandan xəbərsiz vurulmuş ola biləcəyini söyləmişdim. Çevriliş cəhdini Türkiyə Hava Qüvvələrinin zabitləri, jandarma ilə birlikdə təşkil etdi. Su-24 tipli rus döyüş təyyarəsini də Ərdoğandan xəbərsiz onlar vurmuş ola bilərlər".
Rusiyanın Cənubi Qafqaz üzrə mütəxəssisi Andrey Yepifantsev də bənzər açıqlama verib. O, Rusiya təyyarəsini vuran pilotun da çevrilişçilərdən biri ola biləcəyini deyib: "Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Melih Gökçek, 2015-ci ilin noyabrında təyyarəni vuran F-16 pilotunun çevrilişçilərdən biri olduğunu dedi. Bu iddia doğru ola bilər. Rusiya ilə əlaqələr düzələndən sonra qorxuya düşdülər. Çevriliş edərək cəzadan xilas olmağa çalışmış ola bilərlər".
Orta Şərq mütəxəssisi Maksim Şevçenko isə çevriliş cəhdi planının ABŞ-da hazırlandığını iddia edir. Onun fikrincə, bunun səbəbi Ərdoğanın Qərbdən üz dönərək Rusiya, Çin və İranla yaxınlaşmasıdır: "Rus döyüş təyyarəsinin Ərdoğandan xəbərsiz vurulduğu iddiası artıq doğru da ola bilər".
Rusiyalı mütəxəssisə görə, məqsəd Ərdoğanın Rusiya ilə münasibətlərini pozmaqdır.