Xəbər verildiyi kimi, dünən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbi çevriliş cəhdinin arxasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı general Akın Öztürk və kürəkəni polkovnik Hakan Karakuşun olduğu xəbərləri yayılıb.
Baki-xeber.com Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, Akın Öztürk, Hərbi Hava Qüvvələri komandanlığına Balyoz əməliyyatından sonra bir çox hərbçinin həbs olunmasının ardından, 2013-ci ildə gətirilib. İki ildən sonra isə - 2015-ci ilin avqustunda vəzifəsini general Abidin Ünala təhvil verib. Öztürk qalan bir illik vəzifə müddətini Yüksək Hərbi Şura üzvü kimi davam etdirib, önümüzdəki 30 avqustda isə təqaüdə çıxmalı idi.
Bir il əvvəl edilmiş xəbərdarlıq
Keçən il Fətullahçı Terror Təşkilatı (FETO) ilə əlaqələri olduğu iddia edilən Akın Öztürkün çevriliş edə biləcək gücə sahib olduğu keçən il bir qrup zabit tərəfindən Baş Qərargah rəhbərliyinə bildirilib.
Türkiyə Silahlı Qüvvələrindəki FETO ilə əlaqələri olan general və admiralların yaxın günlərdə keçiriləcək Yüksək Hərbi Şurada təqaüdə göndəriləcəyi məlum olandan sonra, general Öztürkün Quru Qoşunları Təhsil və Doktrina Komandanlığı (EDOK) Rabitə və Dəstək Təhsil komandiri general-leytenant Mətn İyidil ilə birlikdə düyməyə basdığı iddia edilir. Əgər çevriliş müvəffəqiyyətli olsaydı, Akın Öztürk baş qərargah rəisi olacaqdı.
Çevriliş gecəsi toyda tək o yox idi
Dünən gecə Eskişehirdə Hava Qüvvələrinin bütün əsas güclərinin komandiri Hücum Hava Qüvvələri və Hava Raket Müdafiə Komandanlığının komandiri general-leytenant İlhan Şanverin qızının İstanbulda toyu olub. Moda Deniz Klubundakı toya Hərbi Hava Qüvvələrinin bütün yüksək rütbəli zabitləri dəvət olunub. Başda Hərbi Hava Qüvvələri komandanı general Abidin Ünal olmaqla bütün təyyarəçi generallar və yüksək səviyyəli hərbçilər İstanbula gəlib. Toya qatılmayan yeganə yüksək rütbəli hərbçi isə general Akın Öztürk olub.
Düymə Ankarada basıldı
Akın Öztürk, dünən gecə 22.00-da Ankaradakı Akıncı hərbi hava bazasından F-16 qırıcı təyyarələrinin havaya qaldırılması ilə əməliyyatlara start verdi. Bu əməliyyat, Öztürkün kürəkəni polkovniki Hakan Karakuşun komandiri olduğu Akıncı bazasındakı 141-ci alaydan başladı. Polkovnik Karakuş, iki il əvvəl Ankarada kuveytli diplomatlarla mübahisə etmiş və döyülərək adı gündəmə gəlmişdi.
141-ci alayın personalı dünən günortadan sonra "Bu gün alay komandirinin əmri ilə erkən istirahət ediləcək” deyilərək kazarmaya göndərilib.
İncirlikdən tanker təyyarələrlə dəstək
F-16-ların uzun müddət havada qala bilməsi üçün İncirlik Hava bazasından KC135R tipli iki tanker təyyarəsi də havaya qaldırılıb. Bu təyyarələr əvvəl Ankarada sonra da İstanbul səmasında F-16-ların saatlarla havada qalmasını təmin edib.
Toy məclisinə helikopterlə basqın
General-leytenant İlhan Şanverin qızının toy mərasiminin keçirildiyi kluba bir Sikorsky S-70 tipli helikopter endi. Hərbi Hava Qüvvələri komandiri Abidin Ünal başda olmaqla bütün yüksək rütbəliklər helikopterlə naməlum istiqamətə aparılıb. Hava qüvvələrinin yüksək rütbəli zabitlərinin çevrilişçilər tərəfindən qaçırılması, hərbi baza və alayların hadisələrə çevik reaksiya verməsinin də qarşısını aldı.
Ankaradakı bəzi aviasiya birliklərindən çevrilişə dəstək
Çevriliş cəhdinə Hərbi Hava Qüvvələrindən Akıncı bazası ilə İncirlik Hava bazasından qaldırılan iki tanker təyyarəsindən əlavə Ankaradakı bəzi aviasiya birliklərindən də dəstək verdiyi bildirilir. Havaya qalxan Sikorsky S-70-lərin Ankarada, AH-1 "Cobra” helikopterlerinin uçduğu fərqli bölgələrdə atəş açdığı müşahidə edilib.
Bu hadisələrin ardından Hərbi Hava Qüvvələri, hər an uçişa hazır olan bütün bazalardakı F-16 təyyarələrini havaya qaldıraraq İstanbul və Ankarada uçan çevrilişçilərin əlindəki F-16-ların arxasına düşüb. Prezident Ərdoğan tərəfindən çevrilişçilərin F-16-larının vurulması əmri verildi. Bundan sonra bir S-70 helikopteri Hərbi Hava Qüvvələrinə aid bir F-16 tərəfindən vurulub.
Ərdoğan təyyarəsi enərkən üzərindən F-16-lar keçdi
Prezident Ərdoğan VIP təyyarə ilə İstanbul Atatürk hava limanına enərkən çevrilişçilərin F-16-larının təyyarəyə yaxınlaşmaq cəhdinin qarşısı onu müşayiət edən F-16-lar tərəfindən alınıb.
Çevriliş cəhdlərinin ardından ağla gələn suallardan biri də 24 noyabr 2015-ci ildə sərhəd pozulması səbəbilə vurulan Rusiya təyyarəsinin arxasında çevrilişçilərin olmasıdır.