ABŞ və İran arasında ötən həftəki qarşılıqlı zərbələr Yaxın Şərqdə daha genişmiqyaslı müharibə qorxusunu artırıb. ABŞ Ordusu Hərbi Kollecinin Yaxın Şərq üzrə təhlükəsizlik araşdırmaları professoru Yakob Ştoyl bu münaqişədə hələlik baş verməyən məqamlardan danışıb. O, böhranın daha geniş regional münaqişəyə çevriləcəyini, yoxsa yenidən danışıqlar müstəvisinə qayıdacağını göstərən əlamətləri izah edib.
Y.Ştoyl bildirir ki, yenilənmiş atəşkəsə baxmayaraq, Vaşinqton İranın ABŞ obyektlərinə qəfil hücumuna zərbələrlə cavab verdi. Burada vacib məqam Birləşmiş Ştatların cavabının məhdud olması idi: "ABŞ kampaniyanı İran rejimini devirmək məqsədilə genişləndirmədi. İran da əvvəlkindən fərqli olaraq, regiondakı bütün ABŞ müttəfiqlərinə və tərəfdaşlarına eyni vaxtda hücum etmədi. İran məhdud zərbə endirdi, ABŞ da məhdud cavab verdi. Hər iki tərəf daha böyük gücdən istifadə etməyə, daha geniş hədəf siyahısını vurmağa qadir idi. İndiki eskalasiyada diqqət çəkən digər məqam İranın İsrailə birbaşa hücum etməməsidir". Təhlilçi yada salır ki, İran əvvəllər eyni vaxtda regionun bir neçə ölkəsindəki, hətta İsrailə qədər uzanan hədəfləri vura bilib: "O, münaqişəni xeyli böyüdə bilərdi, amma hazırda bunu etmir. Bu isə göstərir ki, qarşı tərəf indiki mərhələdə münaqişəni genişləndirmək niyyətində deyil. Eyni qaydada, ABŞ da İrana qarşı istifadə etmədiyi böyük hərbi potensiala malikdir. Son cavab zərbələrində belə, bu imkanların hamısından yararlanmayıb. Bu isə Vaşinqtonun hazırda münaqişəni genişləndirmək istəmədiyini göstərən başqa bir əlamətdir". Ştoyl deyir ki, İranın strategiyası Hörmüz boğazını bağlamaq və bununla dünya iqtisadiyyatına zərbə vurmaq imkanını danışıqlarda təsir rıçağına çevirməkdir: "Tehran istəyir ki, bu vəziyyət yeni normal hal kimi qəbul edilsin. Buna görə də qonşularına, ABŞ qüvvələrinə və Hörmüz boğazındakı gəmiçiliyə qarşı hücumlarını davam etdirərək bu davranışını Yaxın Şərqin gündəlik reallığının bir hissəsinə çevirməyə çalışır". Bu arada İran qlobal ticarət və enerji marşrutlarına təzyiqin nəticədə Donald Trampı güzəştə getməyə məcbur edəcəyinə ümid edərək, ABŞ-la uzunmüddətli qarşıdurmaya da getməyə hazırdır. Tehran böhranı genişləndirməyə çalışaraq, lakin tammiqyaslı müharibədən yayınaraq nəzarətli eskalasiya strategiyası həyata keçirir. “Reuters” agentliyinin məlumatına görə, Fars körfəzi ölkələrindəki mənbələr hesab edir ki, İran rəhbərliyi ABŞ və müttəfiqlərindən daha uzun müddət qarşıdurmaya davam gətirə biləcəyinə əmindir. Həyati əhəmiyyətli enerji təchizatı yollarının keçdiyi Hörmüz boğazı əsas təzyiq vasitəsi olaraq qalır. Son həftələrdə Tramp dəfələrlə İrana qarşı qaçılmaz zərbə ehtimalı və danışıqlarda irəliləyiş barədə danışıb. Lakin Tehran birbaşa dialoq barədə məlumatları təkzib edib və bundan sonra tərəflər qarşılıqlı ittihamlara və təhdidlərə qayıdıblar. İran strategiyası tez bir zamanda hərbi qələbə qazanmağa yönəlməyib. Tehran ABŞ-ı inandırmağa çalışır ki, gəmiçilik, enerji infrastrukturu və regional müttəfiqlərini qorumaq Vaşinqtona İranın bəzi tələbləri ilə razılaşmaqdan daha baha başa gələcək. İran liderləri Ağ Evin mövqeyini tədricən zəiflətmək üçün artan xərclərə, ticarət pozuntularına və müttəfiqlərin yorğunluğuna güvənirlər. Regional mənbənin məlumatına görə, iranlılar böhranın şiddətlənməsi və onun qarşısının alınması xərclərinin artması halında Trampın yumşalacağına əmindirlər. Bununla belə, İran güclü bir zərbənin ölkəni təslim olmağa məcbur etməyəcəyinə inanır. İran rəsmiləri, həmçinin, əvvəlki çeviklik nümayiş etdirmək cəhdlərinin yalnız ABŞ-ın təzyiqinin artmasına səbəb olduğu qənaətinə gəliblər. Tehran hesab edir ki, Vaşinqton güzəştləri zəiflik əlaməti kimi qəbul edir və yalnız real təsir gücü yaratmağa cavab verir.
Samirə SƏFƏROVA