HƏMAS rəhbərliyi Qəzza zolağının tam tərksilah edilməsi və silahsızlaşdırılması ilə bağlı razılaşmanın şərtlərini qəbul edib. Bu barədə Axios mənbələrə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, HƏMAS hələlik razılaşmanı imzalamayıb, lakin Ağ Ev qrupun yaxın günlərdə razılaşmanı təsdiqləyəcəyinə əmindir. İsrail rəsmiləri və Qərb diplomatları HƏMAS-ın silahsızlaşdırılmasına şübhə ilə yanaşırlar. Axios mənbələri razılaşmanın hələ də uğursuz ola biləcəyi barədə xəbərdarlıq edir. Təl-Əviv yaraqlıların silahları yerə qoymağa hazır olduqları barədə bəyanatlarının sadəcə hərbi, siyasi və maliyyə təzyiqindən fasilə üçün yararlanma taktikası olmasından ehtiyat edir. Axios-a görə, HƏMAS-ın razılığa gəlməsi Ağ Ev və Sülh Şurasının son aylarda qrupun maliyyələşdirilməsini dayandıran səylərinin nəticəsidir. "İnanırıq ki, HƏMAS-ı sadəcə "yox" deyə bilməyəcəkləri bir vəziyyətə gətirə bilmişik", - HƏMAS ilə danışıqlarda iştirak edənlərdən biri deyib. Donald Tramp daha öncə sosial media hesablarında "tarixi razılaşma"nı elan etmişdi. Lakin o zaman silahsızlanma ideyasını qəti şəkildə rədd edən HƏMAS rəhbərliyinin özü hələlik bu məlumatlara münasibət bildirməyib.
SAMİRƏ