Hüseyn İbrahimov: “Bu dəfə Rusiya geri addım atmasa, sanksiyaların miqyası daha da genişləndiriləcək”
Birləşmiş Ştatlar Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan yeni qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyib. Senatdakı respublikaçılar və demokratların birgə dəstəklədiyi sənədin lehinə 86, əleyhinə isə 12 senator səs verib. Bu, prezident Donald Tramp 2025-ci ilin əvvəlində bu vəzifəyə qayıdandan bəri Vaşinqtonun Ukraynaya ən güclü ikipartiyalı dəstəyinin nümayişidir.
Təsdiqlənən sənəd ABŞ Prezidenti Donald Trampa Rusiya nefti və təbii qazının ən böyük alıcılarına qarşı 200 faizə qədər gömrük rüsumları (tarif) tətbiq etmək səlahiyyəti verir. Bununla yanaşı, qanun layihəsi: Rusiya maliyyə institutlarına, Siyasi elitaya və iri biznesmenlərə, neft daşınmasında istifadə olunan "kölgə donanması"na qarşı sanksiyaları kəskin şəkildə genişləndirir. Senatın Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Djim Riş sənədin doğrudan Ağ Evlə razılaşdırıldığını bildirib: “Prezident bizə kömək etdi, biz bu layihə üzərində prezidentlə birgə işlədik. Bu qanun layihəsi döyüş meydanında baş verənlərdən daha böyük təsirə malik ola bilər”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, bu, Rusiyaya qarşı çox vacib mərhələnin başlanğıcıdır: “Düzdür, bu, hələ qanunun qüvvəyə minməsi deyil. Senatdan sonra bu qanunu Nümayəndələr Palatası qəbul etməlidir. Palata tətilə çıxıb və bir də sentyabrda toplanacaq. Sanki Rusiyaya vaxt verirlər. Nəzərə almaq lazımdır ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin yaxın həftələrdə Rusiyaya səfər edə biləcəyi gözlənilir. Bu dəfəki danışıqlarda da Rusiya Ukrayna ilə bağlı mövqeyini yumuşaltmasa, Nümayəndələr Palatası tərəfindən qadağaların qəbul edilməsi qaçılmazdır. Bu, həm də Tramp administrasiyasının Rusiyaya qarşı mövqeyini sərtləşdirməsi üçün ciddi əsas yaradacaq. Tramp Prezident olandan bəri müxtəlif vasitələrlə Rusiyaya qarı ABŞ-ın sərt sanksiyalar qəbul etməsinə mane olub. Ancaq Putinin güzəştə getməməsi bu limiti tükəndirib. Üstəlik, Birləşmiş Ştatların ictimai rəyində Ukraynanın müdafiə edilməsi ilə bağlı tələblər artır. Başqa bir tərəfdən Ukraynanın cəbhədə əldə etdiyi uğurlar, Rusiyanın dərinliklərinə endirdiyi uğurlu zərbələr yeni vəziyyət yaradıb. O baxımdan hesab edirəm ki, bu dəfə Rusiya geri addım atmasa, sanksiyaların miqyası daha da genişləndiriləcək. Hətta ABŞ-ın silah yardımını artıracağı da istisna deyil. Çünki Rusiya ilə bağlı sanksiyalar nadir hadisə idi ki, hər iki partiyanın təmsilçiləri Senatda həmrəylik göstərərək layihənin lehinə səs verdilər”.
Vidadi ORDAHALLI