Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqaz Dəmir Yolu ilə bağlı, Beynəlxalq Arbitraj Məhkəməsində proseslər də daxil olmaqla, hüquqi qərarlar qəbul edilə biləcəyini bildirib.
O, Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda telefon danışığı zamanı dəmir yolu ilə bağlı məsələni müzakirə etmədiyini bildirib (dəmiryolu, Rusiya Dəmir Yollarının törəmə müəssisəsi olan Cənubi Qafqaz Dəmir Yollarının konsessiya idarəçiliyindədir – red.). Lakin Baş nazir əlavə edib ki, hökumətin mövqeyi dəyişməz olaraq qalır: "Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və dövlət ondan lazım bildiyi kimi istifadə etməlidir".
Ermənistan hökuməti Rusiya ilə Cənubi Qafqaz Dəmir Yolu məsələsinin dostyana şəkildə həll olunacağını gözləyir. "Buna baxmayaraq, hüquqi problem yarana bilər və əgər (Rusiya tərəfində) fikir ayrılığı olarsa, bu, Beynəlxalq Arbitraj Məhkəməsində nəzərdən keçirilə bilər. Məsələn, 30 ildir heç nə istəmədiyimiz, amma indi ildə 2 milyard dollar tələb edəcəyimiz hallar ön plana çıxa bilər", - deyə hökumət başçısı əlavə edib.
Tahir TAĞIYEV