Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) həyata keçirdiyi “Kalkınma Elçiləri” proqramı çərçivəsində 350 universitet tələbəsindən 10 nəfərinin agentliyin Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfərini təşkil edib.
TİKA-nın Bakı Korrdinatorluğundan verilən açıqlamaya görə, tələbələr səfər çərçivəsində öncə TİKA-nın dəstəyi ilə Azərbaycanda təşkil edilən 5-ci Milli Yaylaq Festivalında iştirak ediblər: “Həmçinin TİKA tərəfindən inşa edilən Gəncədəki Nuri Paşa Muzey Evini ziyarət edib, Tərtərdəki Heydər Əliyev Parkında açıq hava səhnəsi layihəsi, Ucar Mərkəzi Xəstəxanasında dializ mərkəzi, Göyçayda meyvə istixanası layihəsi, Sumqayıtda bal qablaşdırma zavodu və ASAN Radio və Veb TV-nin layihələri ilə tanış olublar”.
Məlumata əsasən, səfər çərçivəsində rəsmilərlə də görüş təşkil olunub. Belə ki, tələbələr Türkiyənin Bakıdakı səfirliyini, Türkiyənin Gəncədəki Baş Konsulluğunu, “Anadolu” Agentliyinin Asiya və Qafqaz üzrə Ofisini, TRT Bakı Bürosunu və Yunus Əmrə İnstitutunun Bakı Koordinasiya Mərkəzini ziyarət ediblər.
Görüş və ziyarətlərdən razı qalan tələbələr bundan sonrakı fəaliyyətlərində də “Bir millət iki dövlət” fəlsəfəsinə sadiq qalacaqlarını bəyan ediblər.
Onu da xüsusi olaraq qeyd edək ki, “Kalkınma Elçiləri” proqramının bir hissəsi olaraq, 350 universitet tələbəsi TİKA-nın 35 ölkədəki layihələrində və sahə fəaliyyətlərində iştirak edəcək. Gənclər layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edə biləcəklər ki, bu da onlara müxtəlif cəmiyyətlərin ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verəcək.
Proqramın iştirakçılara yalnız peşəkar təcrübə qazandırmaqla yanaşı, həm də ölkələr arasında həmrəylik və bilik mübadiləsini təşviq etməsi gözlənilir.
SAMİRƏ