Associated Press-in İsrail mənbələrinə istinadən yaydığı məlumata görə, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Vaşinqtonun tələbi olmadan İsrailin öz təşəbbüsü ilə İrana hücum etməyəcəyinə söz verib.
Netanyahu bildirib ki, İran İsrailə hücum edərsə, Təl-Əviv cavab vermək hüququnu özündə saxlayır. O, həmçinin İsrailin İranla bağlı yeni kəşfiyyat məlumatlarını ABŞ-la paylaşmağa davam edəcəyini və Vaşinqtonun İran siyasətində ərəb müttəfiqlərinin mövqeyini nəzərə almasını müsbət qiymətləndirdiyini qeyd edib. Baş nazir Trampın İranla bağlı verəcəyi istənilən qərarı dəstəkləyəcəyini də vurğulayıb.
Bundan əvvəl Al-Monitor nəşri yazmışdı ki, Netanyahu Trampla görüşdə İranın sənaye obyektləri, körpüləri və dəmir yolu infrastrukturuna mümkün yeni zərbələr planını müzakirə etməyi nəzərdə tutur.
Məqalədə xatırladılır ki, ABŞ-İran qarşıdurmasının son mərhələsi 8 iyulda yenidən alovlanıb. ABŞ İran ərazisinə zərbələr endirib, Tehran isə buna cavab olaraq Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini hədəfə alıb. Tərəflər 24 iyuldan etibarən hücumları dayandırıblar.
Netanyahunun Donald Trampa Vaşinqtonun razılığı olmadan İrana qarşı yeni hərbi əməliyyata başlamayacağına dair təminat verməsi ABŞ-İsrail münasibətlərində və İran siyasətində hansı yeni mərhələdən xəbər verir? Bu, İsrailin İran məsələsində hərbi təşəbbüslərini artıq daha çox Vaşinqtonla koordinasiya etməyə məcbur olduğunu göstərir, yoxsa regionda daha genişmiqyaslı eskalasiyanın qarşısını almaq üçün ABŞ-ın Təl-Əviv üzərində təsirinin artdığını deməyə əsas verir?
Netanyahunun Donald Trampa ABŞ-ın razılığı olmadan İrana qarşı yeni hərbi əməliyyata başlamayacağına dair təminat verməsi, əgər bu məlumat doğrudursa, ilk növbədə onu göstərir ki, İsrail İran məsələsində ABŞ-la hərbi-siyasi koordinasiyaya əvvəlkindən daha çox ehtiyac duyur. İsrail İranı öz milli təhlükəsizliyi üçün əsas təhdid hesab etsə də, genişmiqyaslı hərbi əməliyyatların siyasi, hərbi və iqtisadi nəticələrini ABŞ-ın dəstəyi olmadan idarə etmək çox çətindir. Buna görə də Təl-Əviv Vaşinqtonun mövqeyini nəzərə almağa məcburdur.
Bu, eyni zamanda, ABŞ-ın İsrail üzərində təsir imkanlarının artdığını da göstərir. Vaşinqton Yaxın Şərqdə yeni genişmiqyaslı müharibənin başlanmasında maraqlı deyil. Çünki belə bir münaqişə təkcə İran və İsraillə məhdudlaşmaya, bölgənin digər dövlətlərini də prosesə cəlb edə bilər. Bu isə enerji bazarlarında ciddi dalğalanmalara, beynəlxalq ticarət marşrutlarının təhlükə altına düşməsinə və ABŞ-ın regiondakı hərbi yükünün artmasına səbəb ola bilər.
Digər tərəfdən, bu vəziyyət İsrailin hərbi təşəbbüs imkanlarını tam itirdiyi anlamına gəlmir. Netanyahu da açıq şəkildə bildirib ki, İran İsrailə hücum edərsə, cavab vermək hüququnu özündə saxlayır. Bu isə göstərir ki, söhbət daha çox preventiv və birtərəfli hücumlardan gedir. Yəni İsrail özünümüdafiə hüququndan imtina etmir, sadəcə olaraq, əvvəlcədən planlaşdırılan genişmiqyaslı əməliyyatları ABŞ-la razılaşdırmağa üstünlük verir.
Bu yanaşma ABŞ və İsrail arasında fikir ayrılığının deyil, əksinə, daha sıx koordinasiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Vaşinqton İranın nüvə proqramı və regional fəaliyyəti ilə bağlı təzyiq siyasətini davam etdirsə də, bunu hərbi eskalasiyadan çox diplomatik, iqtisadi və siyasi vasitələrlə həyata keçirməyə çalışır. İsrail isə təhlükəsizlik risklərini daha sərt qiymətləndirir. Buna görə də, tərəflər arasında taktiki fərqlər olsa da, strateji məqsədlər böyük ölçüdə üst-üstə düşür.
Bununla yanaşı, Netanyahu administrasiyasının ABŞ-la yeni kəşfiyyat məlumatlarını paylaşmağa davam edəcəyini bildirməsi də göstərir ki, qərarların qəbulunda məlumat mübadiləsi və birgə qiymətləndirmə mexanizmləri daha da gücləndiriləcək. Bu, gələcək addımların təkcə hərbi deyil, həm də siyasi baxımdan koordinasiya olunacağını göstərən mühüm siqnaldır.
Bütövlükdə bu proses regionda gərginliyin tam aradan qalxdığını göstərmir. Əksinə, tərəflər mümkün hərbi ssenariləri nəzərdən keçirməyə davam edirlər. Lakin ABŞ-ın İsrailə təsir imkanlarının artması və hərbi addımların əvvəlcədən razılaşdırılması ehtimalı nəzarətsiz eskalasiya riskini müəyyən qədər azalda bilər. Buna baxmayaraq, İranın nüvə proqramı, regional silahlı qruplarla əlaqələri və İsrailin təhlükəsizlik narahatlıqları aradan qalxmadığı üçün Yaxın Şərqdə gərginliyin tam bitdiyini söyləmək hələ tezdir. Mövcud vəziyyət daha çox qarşıdurmanın idarə olunan və koordinasiya edilmiş mərhələyə keçməsi kimi qiymətləndirilə bilər.
Akif NƏSİRLİ