Sədrəddin Soltan: “Əsas nəticə ondan ibarətdir ki, İraqla Türkiyə arasında ‘İnkişaf yolu’ layihəsi təsdiqlənib”
İraqın Baş naziri Əli əl-Zeydinin Ankaraya rəsmi səfəri zamanı Türkiyə ilə sənədlərin imzalanma mərasimində qısa gərginlik yaşanıb. Rəcəb Tayyib Ərdoğan və Əli əl-Zeydi arasında keçirilən görüşdən sonra iki ölkə arasında 5 sazişin imzalanması planlaşdırılsa da, mərasimə yalnız 4 sənəd təqdim edilib. Ərdoğan çatışmazlığı dərhal fərq edərək bunun səbəbini soruşub. Məlum olub ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni "İnkişaf yolu" layihəsi ilə bağlı sazişi imzalamaqdan imtina edib. Bundan sonra Baş nazir Əli əl-Zeydi nazirə sənədi imzalamağı tapşırıb və onun göstərişindən sonra saziş imzalanaraq mərasim davam etdirilib.
İraqın Baş naziri Əli əl-Zeydinin Ankaraya rəsmi səfəri zamanı Türkiyə ilə sənədlərin imzalanma mərasimində qısa gərginlik yaşanıb.
Rəcəb Tayyib Ərdoğan və Əli əl-Zeydi arasında keçirilən görüşdən sonra iki ölkə arasında 5 sazişin imzalanması planlaşdırılsa da, mərasimə yalnız 4 sənəd təqdim edilib. Ərdoğan çatışmazlığı dərhal fərq edərək bunun səbəbini soruşub. Məlum olub ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni "İnkişaf yolu" layihəsi ilə bağlı sazişi imzalamaqdan imtina edib. Bundan sonra Baş nazir Əli əl-Zeydi nazirə sənədi imzalamağı tapşırıb və onun göstərişindən sonra saziş imzalanaraq mərasim davam etdirilib.
Hadisə, mətbuat konfransı canlı yayımlandığı üçün kameralara da əks olunub. Qeyd olunur ki, İraqın yeni nəqliyyat naziri Vəhb Həsəni İrana yaxınlığı ilə tanınan Şiə Koordinasiya Şurası və Bədr təşkilatının üzvüdür.
İraqın nəqliyyat naziri Ərdoğanla qeyd edilən sənədi imzalamaqdan nəyə görə yayınmaq istəyirdi, səbəb nə ola bilər?
Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, İraqın nəqliyyat naziri Vəhb Həsəninin "İnkişaf yolu" layihəsi ilə bağlı sazişi imzalamaqdan çəkinməsi müxtəlif informasiya manipulyasiyalarına və fərziyyələrə səbəb olub.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı nə Türkiyə, nə də İraq hökuməti tərəfindən indiyədək rəsmi açıqlama verilməyib.
"Hesab edirəm ki, burada protokol xarakterli anlaşılmazlıq baş vermiş ola bilər. Digər tərəfdən, bu addımı nazirin mənsub olduğu siyasi təşkilatdan aldığı tapşırığın icrası kimi də qiymətləndirmək mümkündür. Yəni “İnkişaf yolu” layihəsi Türkiyə ilə İraq arasında neft və neft məhsullarının Hörmüz boğazından yan keçməklə Avropa bazarlarına çatdırılması üçün nəzərdə tutulan alternativ marşrutdur. Bu layihə faktiki olaraq İranın Hörmüz boğazındakı üstün mövqeyinə və həmin regionda həyata keçirdiyi siyasətə alternativ hesab olunur.
Tamamilə normaldır ki, əgər hər hansı ölkə strateji nəqliyyat yoluna nəzarəti əlində cəmləşdirərək özünü həmin marşrutun sahibi kimi aparırsa, digər region dövlətləri ondan asılı olmadıqlarını göstərmək və riskləri azaltmaq üçün alternativ yollar axtaracaqlar. Çünki Hörmüz boğazının bağlanması ilə bağlı təhdidlər İran hakimiyyətinin siyasi iddiaları, təhlükəsizlik yanaşması və öz maraqlarını qorumaq istəyi ilə əlaqələndirilir. Belə iddiaların reallaşdırılması isə regionun digər ölkələrinin maraqları və iqtisadi təhlükəsizliyi hesabına baş verməməlidir.
Region ölkələrinin müharibəyə deyil, sabitliyə və iqtisadi əməkdaşlığa ehtiyacı var. Ancaq İranın bəzi iddiaları və siyasəti nəticəsində digər dövlətlər də müəyyən risklərlə üzləşirlər. Ola bilsin ki, Vəhb Həsəninin mənsub olduğu siyasi qüvvə də İranın mövqeyini nəzərə alaraq Hörmüz boğazından keçən marşrutlara alternativ yolların yaradılmasını məqsədəuyğun hesab etmir. Nazir də partiyasının mövqeyini nümayiş etdirmək üçün belə addım atmış ola bilər.
Ancaq əsas nəticə ondan ibarətdir ki, İraqla Türkiyə arasında “İnkişaf yolu” layihəsi təsdiqlənib. Qalan məsələlər ikinci dərəcəlidir. Güman edirəm ki, yaxın günlərdə rəsmi Bağdad bu məsələyə aydınlıq gətirəcək.
Baş nazir Məhəmməd Şiya əs-Sudaninin administrasiyasında fəaliyyət göstərən Əli əl-Zeydi heç bir siyasi partiyaya mənsub olmayan texnokrat və iş adamıdır. Onun üçün bu cür nümayişkaranə və iddialı davranışlar xarakterik deyil. Hadisələrin gedişi də göstərir ki, hazırkı İraq hökuməti siyasi intriqalardan daha çox ölkənin iqtisadi inkişafına üstünlük verir və regiondakı iqtisadi əhəmiyyətini artırmağa çalışır.
Bu hökumət nə İranı dəstəkləyən, nə də ona qarşı çıxan qüvvələrin mövqeyindən çıxış edir. Onun əsas məqsədi İraq neftinin dünya bazarlarına daha səmərəli şəkildə çıxarılmasını təmin etmək, nəqliyyat-logistika imkanlarını genişləndirmək və ölkənin iqtisadi potensialını gücləndirməkdir. Bu məqsədlərə çatmaq yolunda Vəhb Həsəni kimi nazirlərin iştirakı faydalı ola bilər. Bununla belə, Vəhb Həsəni İraq hökuməti üçün əvəzedilməz fiqur deyil".
Akif NƏSİRLİ