ABŞ Senatında prosedur səsverməsindən keçən Rusiya əleyhinə sanksiyalar qanun layihəsi Prezident Donald Trampın administrasiyasına “ayı xidmətidir”.
Bu barədə Vaşinqtondakı Rusiya səfirliyinin TASS-ın sorğusuna cavab olaraq verdiyi açıqlamada bildirilir. "28 iyulda Senat tərəfindən ilkin səsvermə zamanı təsdiqlənən mərhum rusofob senator Lindsi Qrehemin adını daşıyan qanun layihəsi mövcud ABŞ administrasiyasına ayı xidmətidir", - diplomatik nümayəndəlik vurğulayıb. Onlar qeyd ediblər ki, "hətta bu ilin əvvəlində, Qrehem və onun əməkdaşları Kiyevlə Vaşinqton arasında hərəkət edərək Moskvadan enerji alan ölkələrə 500%-ə qədər tariflər də daxil olmaqla, mümkün olan ən sərt anti-Rusiya sanksiyalarını tələb edərkən, Ağ Ev "Karfagen məhv edilməlidir" prinsipi ilə hərəkət edən qanunvericilərin həddindən artıq canfəşanlığını yumşaltmağa çalışırdı və iddia edirdi ki, prezidentin Kremlə iqtisadi və digər təzyiq göstərmək üçün bütün imkanları var və əlavə qanunvericilik tələbləri onun manevr imkanlarını yalnız daraldır". ABŞ-ın İran bataqlığına batması və enerji bazarlarının çökməsinin real perspektivi fonunda bunun birbaşa Amerika yanacaqdoldurma məntəqələrində qiymətlərin artmasına və noyabr ayında keçiriləcək Konqres seçkiləri ərəfəsində inflyasiyanın sürətlənməsinə gətirib çıxaracağı bildirilən açıqlamada deyilir ki, Trampın partiya yoldaşları bununla prezidentin xarici siyasət “təkərlərinə çomaq soxurlar”.
Diplomatik missiya bildirib ki, "Rusiyaya qarşı sanksiya təzyiqlərinin səmərəsizliyi praktikada sübut olunub və administrasiyanın dəstəyi ilə bağlı bizə nifrət edən qanunvericilərin qələbə dolu hesabatları nəzərə alınmaqla, mövcud vəziyyətdə yeni qisas tədbirləri ilk növbədə ABŞ-ın özünə zərər verəcək". "Ümid etmək olar ki, Ağ Ev bundan xəbərdardır, çünki Donald Trampın ilk prezidentlik dövründə Konqres tərəfindən oxşar məntiqlə qəbul edilmiş Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Qanunu (CAATSA) artıq icra hakimiyyəti üçün ciddi bir çərçivə yaradıb və mövcud sanksiyaların ləğvi və ya yumşaldılması ilə bağlı hər hansı mümkün "razılaşmaları" qanunvericilik orqanının təsdiqi ilə şərtləndirib"- Rusiya diplomatları vurğulayıblar.
SAMİRƏ