Ramil Məmmədli: “Ukrayna ilə qarşıdurma fonunda İran Rusiyaya silah, PUA dəstəyini daha da artıracaq”
İran Məclisinin (parlamentin) vitse-spikeri Əli Nikzad bəyan edib ki, İran hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizindəki İran ticarət gəmisinə endirdiyi zərbəni cavabsız qoymayacaq.
Əli Nikzad bildirib ki, ölkə ərazisinə qarşı təcavüzün törədildiyi istənilən nöqtə silahlı qüvvələrin qanuni hədəfinə çevriləcək və Ukrayna hökumətinin qeyri-düşünülmüş addımları cavabsız qalmayacaq. Parlament sədrinin müavini, həmçinin Ukrayna, Böyük Britaniya və Bolqarıstanı ABŞ-ın hərbi əməliyyatlarına dəstək verməkdən çəkinməyə çağırıb.
Maraqlıdır, ümumiyyətlə hərbi nöqteyi-nəzərdən İran Ukraynaya zərbə endirə bilərmi? Axı bu ölkələr arasında həm ümumi quru və su sərhədi yoxdur, həm də aralarında məsafə uzaqdır. İran Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədi ilə ora əsgərlərini göndərə bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli baki-xeber.com-a açıqlamasında bunu istisna etdi: “Əvvəla, İran Şimali Koreya deyil. Şimali Koreya ona görə Rusiyaya əsgərlərini döyüşməyə göndərdi ki, tamamilə qapalı bir dövlət idi. Üstəlik Şimali Koreya coğrafi olaraq Çin və Rusiya ilə sərhədlərə malikdir. Şimali Koreyanın ayaqda qalmasında bu iki dövlətin rolu böyükdür. İrana gəldikdə isə, vəziyyət fərqlidir. Ən azından ona görə ki, İran müsəlman, Rusiya və Ukrayna xristian dövlətləridir. Bu səbəbdən əsgəri yardım İranda narazılığa səbəb olacaq. Üstəlik, ABŞ-la müharibə şəraitində olan İranın ümumi vəziyyəti yaxşı deyil. Ən nəhayət, İran əsgərlərini Rusiya cəbhəsinə göndərsə, bu, Avropa İttifaqının Tehrana yönəlik siyasətini daha da sərtləşdirməsinə gətirib çıxaracaq. Hətta Aİ ABŞ-a bununla bağlı hərbi dəstək verə bilər. Ona görə də İranın Rusiyaya əsgəri dəstək formasında yardım etməsi real görünmür. Ukrayna ilə qarşıdurma fonunda İran Rusiyaya silah, PUA dəstəyini daha da artıracaq. Düzdür, indiyə qədər İran bununla bağlı Rusiyaya yardım edirdi. Hesab edirəm bundan sonra bu yardım daha da artacaq. Çünki bir sıra məsələlərdə Rusiya İrana ciddi hərbi yardım göstərir. Söhbət Rusiyanın kosmik peykləri vasitəsi ilə İrana verdiyi kəşfiyyat dəstəyindən gedir”.
Vidadi ORDAHALLI