Türkiyənin ən aparıcı siyasi təşkilatlarından biri olan Cümhuriyyət Xalq Partiyası (CHP) parçalanıb. Bəzi millət vəkilləri, rəsmilər və adi tərəfdarlar Kamal Kılıçdaroğlunun yanında qalıblar. Digərləri Özgür Özelin rəhbərlik etdiyi Yeni Partiya adlı yeni siyasi partiyaya qoşulublar. Onlarla CHP bələdiyyə sədri də eyni addımı atıb.
Türkiyədə baş verən dəyişikliyin tam əhəmiyyətini anlamaq üçün ölkənin tarixinə bir az dərindən nəzər salmaq lazımdır. CHP Mustafa Kamal Atatürkün partiyasıdır. Müasir Türkiyənin qurucusu, həm sol, həm də sağlar tərəfindən hörmət edilən, keçmişə deyil, gələcəyə yönəlmiş dünyəvi, avropalı bir ölkə qurmağı vəsiyyət etmişdi. CHP bir əsrdən çox davam edən tarixi boyunca (1923-cü ildə təsis edilib) Kamalizmin bu əsas prinsipinə qətiyyətlə sadiq qalıb. İkinci Dünya Müharibəsinin sonuna qədər Türkiyə mahiyyət etibarilə təkpartiyalı millətçi diktatura idi. Daha sonra partiya Avropa sosial demokratları ilə müqayisə edilərək solçuluğa doğru irəliləməyə başladı. 1980-ci illərdə, hərbi antikommunist diktatura dövründə, hətta qadağan edildi. Əsrin əvvəlindən CHP yeni bir "sima" qazandı: özünü demokratiyanın təməllərinin keşikçisi və eyni zamanda siyasi İslamın əleyhdarı kimi təqdim edir. İndi partiyada əhəmiyyətli dəyişikliklər baş verib. Bəlkə də əsas an 2022-ci il olub. Həmin il partiyanın ən populyar siyasətçisi, potensial prezidentliyə namizədi, İstanbul meri Əkrəm İmamoğlu seçki komissiyasının üzvünü təhqir etdiyinə görə iki il həbs cəzasına məhkum edilib. Hökm heç vaxt icra olunmayıb. Lakin buna görə də İmamoğlu 2023-cü il prezident seçkilərində iştirak edə bilməyib. CHP digər namizəd Kamal Kılıçdaroğlunu irəli sürməyə məcbur olub. Hətta o zaman belə, siyasi analitiklər seçkilərdən sonra partiyanın problemlərlə üzləşəcəyini proqnozlaşdırırdılar. Və belə də oldu. 2025-ci ilin mart ayında İmamoğlu özünü dəmir barmaqlıqlar arxasında tapdı və o, tək deyildi. Yüzlərlə CHP rəsmisi korrupsiyadan tutmuş açıq-aşkar siyasi ittihamlarla həbs edilib. Özel İstanbul meri tərəfindən həbsxanadan partiyaya rəhbərlik etmək və onu seçkilərə aparmaq üçün səlahiyyətləndirilən İmamoğlunun ortağı və tələbəsidir. Bunların ardınca məhkəmə Özelin qanunsuz olaraq partiya lideri olduğuna qərar verdi. Prezident seçkilərindən sonra keçirilən partiya qurultayının nəticələri ləğv edildi. 2026-cı ilin may ayında 77 yaşlı Kılıçdaroğlu İmamoğlu və Özelin qəzəbli tərəfdarlarından qorunmaq üçün polis nəzarəti altında CHP-nin Ankaradakı qərargahına girdi. Bir neçə ay ərzində ölkə daxilində partiyadaxili münaqişə yaşandı və hər iki tərəf bir-birinə ittihamlar yağdırdı. Və sonra, 24 iyulda kulminasiya nöqtəsi gəldi. Özel CHP-nin liderliyi üçün seçimlərini tükətdiyini və buna görə də Yeni Partiya adlı siyasi qurumu yaratdığını bildirdi: "Yeni Partiyanın əsas məqsədi hakimiyyətə gəlməkdir. Biz hamını xilas etmək üçün hakimiyyətə gələcəyik. Başqa yol yoxdur”.
İndiyə qədər yeni siyasi qüvvənin yaxşı perspektivləri olduğu görünür. CHP-nin 139 parlament üzvündən 95-i dərhal Yeni Partiyaya keçib. Amma bunlar fonunda müxalifətin parçalanması da dərinləşir.
Əli TURABOV