Ötən həftə Ukraynanın Xəzər dənizində İran gəmisini vurması nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. İran bunun ticarət gəmisi olduğunu desə də, Ukrayna gəminin hərbi təyinatlı yük daşıdığını bildirir.
Bütün bunlar göstərir ki, Xəzər artıq münaqişə zolağına çevrilib. İranın xarici işlər naziri Abbas Əraqçi bu hücumu sərt şəkildə qınayıb, cavabsız qalmayacağını bildirib. Hərbi ekspert Səxavət Məmməd isə düşünür ki, İran Ukraynaya cavab verməyəcək, çünki hazırda bu addım Tehran üçün effektiv deyil: "Ukrayna tərəfi avropalı və amerikalı müttəfiqlərinə İran ərazisinə də zərbə endirmək imkanına malik olduğunu göstərməyə çalışır. Amma hava hücumundan müdafiə sistemlərinin olmaması və Vaşinqtonun bu səbəbdən İranla birbaşa toqquşmanı davam etdirmək istəməməsi onu göstərir ki, bu tip əməliyyatlar sadəcə xarici müttəfiqlərə hesablanmış göstəri xarakteri daşıyır. Bunların ciddi bir effektiv nəticə verəcəyini şəxsən mən gözləmirəm". İsraildən hərbi ekspert Sergey Miqdal "Current Time"a bildirib ki, Ukrayna İran gəmisi ilə yanaşı, Rusiyanın iki yük və bir hərbi gəmisini də vurub: "Bu, Rusiyanın logistika zəncirlərini, o cümlədən onun hərbi sənayesini dəstəkləyən zəncirləri pozmağa yönəlik daha geniş kampaniyanın bir hissəsidir, çünki İran hücum dronları üçün müəyyən komponentləri Xəzər dənizi vasitəsilə Rusiya silahlı qüvvələrinə daşıyır".
S.Miqdal vurğulayır ki, gəmilər vasitəsilə həm İrandan Rusiyanın Xəzərdəki limanlarına, həm də Rusiyadan geri istiqamətə müxtəlif yüklər, xüsusilə radioelektron mübarizə vasitələri ilə bağlı müəyyən komponentlər daşınır. Onun sözlərinə görə, bu gəmilərin məhv edilməsi hazırda İranla müharibə aparan ABŞ-a birbaşa yardımdır: "Ukrayna indi təkcə Avropadan yardım almır, həm də Avropaya müasir dron qüvvələrinin inkişafında kömək edir. O, Avropa tərəfdaşları ilə birgə layihələr gerçəkləşdirir, bu çərçivədə hazırlanan müxtəlif növ dronlar təkcə Ukraynaya verilməyəcək, onlardan həm də müxtəlif Avropa ölkələrinin silahlı qüvvələri istifadə edəcək. Bildiyim qədər, ukraynalılar Birləşmiş Ştatlara müxtəlif formalarda kəşfiyyat dəstəyi də təklif edir və artıq göstərirlər. Buraya İran ərazisi də daxildir, çünki Birləşmiş Ştatlardan fərqli olaraq, Ukrayna İranla uzun illərdir diplomatik əlaqələr saxlayıb və bu əlaqələri davam etdirir".
Tahir TAĞIYEV