Natiq Cəfərli: “Türkiyə və Suriyanın razılığı olmasa, bu layihəni həyata keçirmək çətindir”
Livan İraqa Hörmüz boğazından yan keçən neft tranziti marşrutu təklif edib. "The National" qəzeti hər iki ölkənin rəsmilərinə istinadən bildirib ki, Bağdadda keçirilən danışıqlar zamanı Livan Hörmüz boğazından keçərək Aralıq dənizinə neft tranziti marşrutu təklif edib.
İraq Baş naziri Əli əl-Zeydinin maliyyə müşaviri Mudir Məhəmməd Salihin sözlərinə görə, Livan Baş naziri Nəvaf Salamın Bağdada səfərinin əsas məqsədi "enerji sektoruna əsaslanan iqtisadi münasibətləri yenidən qurmaq" cəhdi olub.
O əlavə etdi ki, nümayəndə heyəti Livan ərazisindən İraqın Aralıq dənizinə əlavə çıxış yolu kimi istifadə etməyi təklif edib.
"Əgər bu ideya gerçəkləşərsə, Livan əhəmiyyətli logistika rolunu qazanacaq və İraq üçün dünyaya yeni ticarət pəncərəsi açacaq", - deyə o bildirib.
Livan enerji naziri Co Saddi öz növbəsində müzakirələri "çox müsbət" adlandırıb. O bildirib ki, iki ölkə birgə texniki qrup yaratmaq barədə razılığa gəliblər və İraq nümayəndə heyətinin bu planların mümkünlüyünü araşdırmaq üçün tezliklə Livana səfər etməsi gözlənilir.
"Bu mərhələdə bunlar sadəcə niyyət bəyanatlarıdır", - deyə o qeyd edib.
Saddinin sözlərinə görə, müzakirələrin əhatə dairəsi sadəcə köhnə xəttin bərpasından daha genişdir.
Xüsusilə, planlara Suriyadan Livanda Tripoliyə uzanan boru kəməri qolunun tikintisinin araşdırılması, eləcə də Livanın neft məhsullarına olan daxili tələbatı ödəməsinə kömək edə biləcək neft emalı zavodunun tikilməsi imkanları daxildir.
Bu nə dərəcədə baş tutan məsələyə oxşayır? Bu necə ola bilər? İraq ilə Livanın heç bir quru sərhədi yoxdur. Ortada Türkiyənin və Suriyanın ərazisi var. O ya Suriyadan keçməlidir, ya da İraqdan, Türkiyədən keçməlidir. Türkiyədən necə keçəcək? Türkiyə onlara deməyəcək ki, sənin mənim ərazimdən keçən neft kəmərin var. Kərkükdən Ceyhana gedir. Təbii ki, Türkiyə onun üzərindən gəlib neft aparılmasını istəməz. Türkiyənin özünün Ceyhanda limanı olduğu halda buna necə razı ola bilər? Yaxud da ki, Suriya nə təhər razı ola bilər ki, mənim ərazimdən Livanın limanlarına neft aparın. Bəs Suriyanın özünün limanları yoxdur Aralıq dənizində? Deməyəcək ki, gətir mənim öz limanlarıma. Yəni bu planın baş tutma ehtimalı nə qədərdir? Bir halda ki, İraq ilə Livanın birbaşa bağlılığı yoxdur, o ya Türkiyədən, ya da Suriyadan keçməlidir. Amma Türkiyə ilə Suriya buna razı olacaq?
İqtisadi ekspert Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, əslində Hörmüz boğazının bağlanması və orada problemlərin olması alternativ marşrutları gündəmə gətirib. “İndi hər bir ölkə bu vəziyyətdən özü üçün pay almağa çalışır. O cümlədən də Livan. Əslində Livan yox, Fransa demək lazımdır. Çünki Livanın addımlarının arxasında çox zaman Fransa dayanır. Buna görə də düşünürəm ki, bu layihənin həyata keçirilməsi təbii, Suriya ilə Türkiyədən çox asılı olacaq. Türkiyə və Suriyanın razılığı olmasa, bu layihəni həyata keçirmək çətindir. Həm də bu çox bahalı bir layihədir. Əsas məsələ odur ki, bunun maliyyələşməsini kim həyata keçirəcək. Həddindən artıq bahalı layihədir. Bu bir. İkincisi də İraq neftinin zatən Türkiyə ərazisinə Bakı-Tbilisi-Ceyhan limanına Kərküк-Yumurtalıq xətti ilə gəlməsi var. O xəttin genişləndirilməsi daha ucuz başa gələ bilər və İraq neftinin Türkiyə ərazisindən Ceyhan limanından satılması daha məntiqlidir. Çox güman ki, buna gediləcək”.
N.Cəfərlinin sözlərinə görə, başqa önəmli layihələr də var və Hörmüz boğazının ətrafında baş verən problemlər, ümumiyyətlə, marşrutların çoxşaxəli olmasını özündə ehtiva edir: “Çox güman ki, biz yeni marşrutlar görəcəyik. Amma nə qədər də yeni marşrutlar olsa da, Türkiyənin önəmi də artır. Yəni bu da çox yaxşıdır. Çünki Ceyhan limanının işlədilməsində Azərbaycanın, SOCAR-ın da iştirakçılığı var. Ona görə də yeni layihələrin olması Azərbaycana da sərfəlidir”.
İradə SARIYEVA