Bəhruz Quliyev: “Erməni dairələri, lobbisi Azərbaycanın güc və imkanları ilə hesablaşmağa məhkumdur”
Qüds Erməni Patriarxlığı İsrail parlamentinin gündəliyindən qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin çıxarılmasını dərin məyusluqla qarşıladığını bəyan edib.
Patriarxlıq vurğulayıb ki, xarici dövlətin (Azərbaycanın) İsrailin “daxili məsələlərinin müzakirəsinə” belə bir təsir göstərə bilməsi narahatlıq doğurur: “Azərbaycanın Knessetdə hansısa məsələnin müzakirəsini gecikdirməsi və hətta ləğv edə bilməsi diqqətçəkən faktdır. İlham Əliyevin həm İsrail rəsmilərinin siyasi hesablamalarına, həm də Knessetin müzakirə etməyə hazır olduğu mənəvi məsələlərə təsir göstərə bilməsi bizim üçün çaşdırıcıdır”.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin “Haaretz” qəzeti rəsmi Bakının təzyiqindən sonra İsrailin qondarma “erməni soyqırımı”nın tanınması prosesini dayandırdığını yazıb. Qüds Erməni Patriarxlığı etiraf edir ki, məhz Azərbaycanın müdaxiləsi sayəsində Knesset geri addım atıb.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən “SƏS” qəzetinin baş redaktoru, politoloq Bəhruz Quliyev hesab edir ki, Qüds Erməni Patriarxlığının açıqlaması əslində mühüm bir siyasi reallığı ortaya qoyur: “Azərbaycanın mövqeyinin Knessetdə qondarma “erməni soyqırımı” ilə bağlı təşəbbüsün gündəlikdən çıxarılmasına təsir etdiyini Ermənistan tərəfinin özü etiraf edir. Məsələyə ilk növbədə Azərbaycan-İsrail münasibətlərinin strateji xarakteri kontekstində yanaşmaq lazımdır. Azərbaycan İsraillə yalnız iqtisadi və enerji sahəsində deyil, təhlükəsizlik və siyasi istiqamətlərdə də mühüm tərəfdaşlıq münasibətləri qurub. Təbii ki, belə münasibətlər fonunda Azərbaycan öz milli maraqlarına zidd olan siyasi təşəbbüslərə münasibət bildirmək hüququna malikdir. Burada söhbət İsrailin daxili işlərinə müdaxilədən deyil, Azərbaycanın öz diplomatik mövqeyini və tarixi həqiqətləri müdafiə etməsindən gedir. Azərbaycan heç bir dövlətə qarşı tarixdən siyasi silah kimi istifadə edilməsini qəbul etmir. Fikrimcə, bu hadisənin ən diqqətçəkən tərəfi odur ki, Azərbaycanın beynəlxalq siyasi çəkisinin artmasını bu dəfə Azərbaycan özü deyil, Ermənistanın dini-siyasi institutu etiraf edir. Bu, Azərbaycanın diplomatik imkanlarının və İsraillə münasibətlərdə formalaşmış qarşılıqlı etimadın ciddi göstəricisidir. Eyni zamanda, bu fakt bir daha göstərir ki, müasir beynəlxalq münasibətlərdə dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, siyasi nüfuzu, tərəfdaşlıqları və diplomatik təsir imkanları ilə də ölçülür. Erməni dairələri, lobbisi Azərbaycanın güc və imkanları ilə hesablaşmağa məhkumdur. İsraildə qondarma “erməni soyqırımı” ilə bağlı yaşananlar bunun göstəricisidir”.
Vidadi ORDAHALLI