Rusiyanın Tümen Neft Emalı Zavodu Ukraynanın pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra iyulun 25-dən etibarən xam neft emalı və neft məhsullarının istehsalını tamamilə dayandırıb.
“Reuters” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, RI Invest şirkətinə məxsus zavoda hücum nəticəsində ildə 2,6 milyon ton tutumlu dizel yanacağının hidrotəmizlənməsi qurğusunda, eləcə də birləşmiş yüksək oktanlı benzin istehsalı qurğusunda yanğın baş verib. Mənbələr benzin istehsalı müəssisəsində təmir işlərinin nə qədər çəkəcəyi hələlik bilmir.
İldə 9 milyon ton neft emal etmək gücünə malik Tümen Neft Emalı Zavodu Rusiyanın ən böyük müstəqil neft emalı zavodudur. Onun benzin kompleksi Amerikanın UOP şirkətinin lisenziyası ilə tikilib və 2018-ci ildə istifadəyə verilib.
İldə təxminən 500 min ton benzin və təxminən 3 milyon tona yaxın dizel yanacağı istehsal edən Tümen Neft Emalı Zavodu, ayın əvvəlindən bəri dron hücumları səbəbindən istehsalı dayandıran altıncı böyük neft emalı zavodu oldu. Bundan əvvəl, "Qazpromneftexim Salavat" Neft Emalı Zavodu (14 iyul), "Rosneft"in Sızran Neft Emalı Zavodu (12 iyul), Saratov Neft Emalı Zavodu (8 iyul), Omsk Neft Emalı Zavodu (6 iyul) və "Lukoil"in "Nijeqorodnefteorgsintez" (2 iyul) neft emalını dayandırmışdı.
“Energy Intelligence”in hesablamalarına görə, Rusiyada neft emalı həcmi iyul ayında gündə 3,58 milyon barelə düşüb ki, bu da ən azı 2002-ci ildən bəri ən aşağı səviyyə ola bilər. Ayın ikinci yarısında 40 milyon ton tutumlu zədələnmiş neft emalı zavodlarının bəziləri yanacaq satışlarını bərpa edib. Lakin, ildə 45 milyon ton tutumlu böyük neft emalı zavodları hələ də fəaliyyətsiz qalır.
Tahir TAĞIYEV