Azər Həsrət: “Avropa İnsan Haqları Məhkəməsi bizə artıq lazım deyil”
Avropa İnsan Haqları Məhkəməsində erməni məhbusların maraqlarının müdafiəçisi, vəkil Siranuş Saakyan yenə də öz “ənənəsindən” kənara çıxmayıb obyektivlikdən və reallıqdan kənar açıqlama verib. Hazırda Bakıda həbsdə olan məhbuslar arasında guya “işgəncələr” nəticəsində “ağır xəsarətlər alan”, “sınıqları” olan şəxslər haqda danışan Saakyan deyib ki, “bu məsələ” ilə bağlı müraciətlər hazırlanır, lakin onların nə vaxt və hara göndəriləcəyini açıqlamağı məqsədəuyğun hesab etmir.
Onlar Bakıda saxlanılan erməni məhbusların səhhətinin vəziyyəti və saxlanma şəraiti barədə guya obyektiv məlumat əldə edə bilmirlər. O, bir tərəfdən onların “işgəncələrə” məruz qaldıqlarını (?) deyir, o biri tərəfdən də bildirir ki, Ermənistan vətəndaşı olan məhbuslar həftədə bir neçə dəfə ailə üzvləri ilə telefon vasitəsilə əlaqə saxlayırlar.
Fikir verin, bu adam həm iddia edir ki, Bakıda saxlanılan separatçılarla guya baxılmır, onlara işgəncə verilir, guya bədənlərinə sınıqlar var, həm də deyir ki, onların həftədə bir neçə dəfə İrəvana, evlərinə zəng vurmaq imkanları var.
Saakyan daha sonra deyir ki, Azərbaycan avqustun 31-nə qədər Avropa İnsan Haqları Məhkəməsinə onlarla bağlı hesabat verməlidir.
Təbii ki, Azərbaycan beynəlxalq təşkilatlarla qanun çərçivəsində əməkdaşlıq edir. Amma Azərbaycan AŞPA-da fəaliyyətini dayandırıb. Prezident İlham Əliyev də bəyan edib ki, biz Avropa Şurasının bütün digər təşkilatları ilə əməkdaşlığı dayandırırıq və o məhkəmə qərarlarını da icra etməyə məcbur deyilik. Belə bir şəraitdə Azərbaycan nə üçün Avropa İnsan Haqları Məhkəməsinə hesabat təqdim etməlidir?
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a “Birincisi, ermənilər əlbəttə, heç vaxt dinc durmayıblar. Bundan sonra da duran deyillər. Yəni onlar Azərbaycana qarşı şər-böhtan, qaralama kampaniyasını həmişə aparacaqlar. Biz buna öyrəşmişik və bunu adi qəbul etməliyik. İkincisi, bir tərəfdən də onların irəli sürdüyü iddialara, ümumiyyətlə, reaksiya verməyə dəyməz. Çünki bəllidir ki, bu adamlar nələrsə uydurub dünya çapında onu tirajlayırlar. Sadəcə Avropa Məhkəməsi ilə bağlı məsələyə gəlincə, düşünürəm ki, nə qədər ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanın mandatını tanımır, bizim səs hüququmuz əlimizdən alınıb, Azərbaycan artıq Avropa Şurası Parlament Assambleyasına da daxil olmaqla, Avropa Şurasına aid bütün qurumlardan çıxmaq haqqında qərar qəbul etməlidir. Mən düşünürəm ki, bundan sonra bizim o quruma ehtiyacımız yoxdur. Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsi ilə də yolumuzu ayırmalıyıq”-deyə bildirdi.
A.Həsrətin sözlərinə görə, yəni, özəlliklə də Azərbaycan ərazisinə soxulmuş işğalçının öldürülməsi nəticəsində ermənilərin həmin məhkəməyə müraciət etməsi və Azərbaycandan kompensasiya tələb etməsi və bu tələbin məhkəmədə təsdiqlənməsi artıq bizə qarşı hörmətsizliyin zirvəsidir. “Ona görə də düşünürəm ki, Azərbaycan bu prosesi başlatmalıdır. Biz Avropa Şurasından uzaqlaşmalıyıq. Avropa İnsan Haqları Məhkəməsi bizə artıq lazım deyil. Azərbaycan müstəqil bir dövlətdir, özünün hüquq sistemi var, məhkəmə sistemi var. Bizim bir dövlətimiz var və bu dövlət hər şeyi ən ədalətli şəkildə etmək bacarığına da sahibdir. Ona görə ermənilərin də bu cür üstümüzə gəlmələrini nəzərdə tutaraq, biz yavaş-yavaş Avropa Şurasından uzaqlaşmalıyıq. O təşkilatdan bir fayda görmədik. Bundan sonra da görəcəyimizə əmin deyilik. Bizim səsimizi kəsirlərsə, bizim orada nə işimiz var? Azərbaycanın haqqı tanınmayan yerdə bizim dövlətimiz təmsil olunmamalıdır”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA