Rusiya hökumətinin Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) satmaq ehtimalına açıq olduğu bildirilir.
“Middle East Eye” mənbələrə istinadən danışıqların hələ başa çatmadığını bildirib. Mənbələr əlavə ediblər ki, Rusiya S-400-lərin Körfəz ölkəsinə satışına qarşı çıxmayıb və üstünlük olaraq onların BƏƏ-yə satışını dəstəkləyir.
Rusiyalı bir mənbə Türkiyənin BƏƏ-yə S-400 satması ideyasına "Niyə də yox?" cavabını verib. Türkiyə mənbələri isə BƏƏ-nin artıq "Pantsir" kimi Rusiya hava hücumundan müdafiə sistemlərindən istifadə etdiyini və müdafiə qabiliyyətlərini gücləndirmək üçün silah təchizatını şaxələndirmək istədiyini bildirib.
Qeyd edilib ki, satış baş tutarsa, razılaşma birbaşa Rusiya ilə deyil, Türkiyə ilə BƏƏ arasında olacaq və buna görə də ABŞ sanksiyalarına məruz qalmayacaq.
Kremlin sözçüsü Dmitri Peskov Rusiya və Türkiyənin S-400-lərin yenidən satışı ilə bağlı danışıqlar apardığını açıqlayıb. "Rusiya və Türkiyə Ankaranın inventarında olan S-400 komplekslərinin yenidən satışı ilə bağlı danışıqlar aparır. Bu sistemlərin satılması ehtimalı həssas məsələdir. Bu məsələ ilə bağlı Türkiyə ilə müzakirələr davam edəcək" – deyə Peskov bildirib.
NATO Liderlər Zirvəsi üçün Ankaraya gələn ABŞ prezidenti Tramp, Prezident Ərdoğanla görüşündən əvvəl CAATSA sanksiyalarını ləğv edəcəyini bildirib. Tramp həmçinin Türkiyəyə F-35 qırıcı təyyarələri verməyə açıq olduğunu da bildirib.
NATO Zirvə Toplantısının sonunda mətbuat konfransında “Reuters” müxbirinin "Türkiyənin F-35-ləri əldə etməsinin qarşısındakı S-400 maneəsini necə aşacaqsınız?" sualına "Bizimlə qalın" cavabını verib.
Bundan başqa Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini Körfəz ölkəsinə satdığı bildirilir. Rəsmi açıqlamanın tezliklə veriləcəyi qeyd edilir.
Tahir TAĞIYEV