İsraildə xarici işlər naziri Gideon Saarın parlament seçkilərindən əvvəl 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımaq üçün başlatdığı təxribatçı addım, Azərbaycanın güclü diplomatik müqaviməti ilə qarşılaşdıqdan sonra faktiki olaraq dayandırılıb.
İsrailin "Ynet" xəbər agentliyinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycan İsrail kabinetinin bu addımından sonra "qırmızı xəttin" keçildiyi barədə Təl-Əvivə sərt xəbərdarlıq edib. Azərbaycan Xarici İşlər Nazirliyi həmkarlarına tarixi faktların təhrif edilməsinin və məsələnin daxili siyasi məqsədlər üçün siyasiləşdirilməsinin qəbuledilməz olduğunu bildirib.
Məlum olub ki, İsrailin xarici işlər naziri Gideon Saar qərarın ictimaiyyətə açıqlanmasından sonra Azərbaycanlı həmkarı Ceyhun Bayramovla əlaqə saxlayaraq bir növ "anlayışla qarşılanmasını" istəyib, lakin Bakı bu birtərəfli faktın baş verməsinə imkan verməyib. Diplomatik kanallar vasitəsilə İsrail tərəfinə xəbərdarlıq edilib ki, əsassız iddialara əsaslanan bu proses davam edərsə, bu, İsrail-Azərbaycan strateji və iqtisadi tərəfdaşlığını birbaşa sarsıdacaq. Məhz bundan sonra İsrailin prosesi dondurduğu bildirilir.
“Haaretz” qəzeti, adı açıqlanmayan yüksək vəzifəli diplomatik mənbələrə istinadən, hökumətin bu təxribatçı addımının İsrailə heç bir strateji fayda gətirmədiyini və son dərəcə səhv bir addım olduğunu yazıb.
Prosesi qiymətləndirən siyasi analitik Yuri Boçarov isə bunun tamamilə daxili siyasətə və seçki kampaniyasına yönəlmiş bir addım olduğunu deyib: "Ermən məsələsini gündəmə gətirmək əslində Ermənistanı dəstəkləmək və ya Azərbaycanla birbaşa münasibətlərlə bağlı deyildi. Bu, xarici işlər naziri Gideon Saarın iki ay sonra keçiriləcək parlament seçkilərindən əvvəl Türkiyənin İsrail əleyhinə ritorikasına şəxsi və siyasi cavab vermək cəhdi idi. Bu, tamamilə daxili siyasətə və seçki kampaniyasına yönəlmiş bir addım idi."
Tahir TAĞIYEV