Xaqani Cəfərli: “Putinə müxalif qüvvələri və müharibə əleyhdarlarının dəstəklənməsi post-putin dövrünün doğuracağı qayğılardan irəli gəlir”
Avropa Parlamenti Putinin əleyhdarlarına dəstəyin davam etdirilməsinə çağış edib. “Rusiya Putin deyil”. Avropa Parlamentindəki əksər siyasi qruplar Avropa Birliyini Rusiya demokratik qüvvələrinə, müharibə əleyhinə fəallara və vətəndaş cəmiyyətinə dəstəyi davam etdirməyə çağırıblar. Avropa Parlamentindəki bütün siyasi qrupların nümayəndələri iyulun 8-də Strasburqda keçirilən müzakirədə iştirak ediblər. Onlar Rusiyanın demokratik qüvvələrinə və vətəndaş cəmiyyətinə qarşı gələcək AB siyasətinə yanaşmalarını açıqlayıblar. Yalnız ifrat sağçı siyasi qrupların nümayəndələri bu yanaşmaya qarşı çıxıblar.
Avropa Parlamentinin əsas qüvvələri Putinin əleyhinə, müharibə əleyhdarları olan vətəndaş cəmiyyəti institutlarını, demokratik qüvvələri dəstəyi gücləndirməyə çağırıb.
Avropa Parlamentinin əsas qüvvələrinin bu çağrışı nə deməkdi? Bu Rusiyada hakimiyyət dəyişikliyinə yönəlmiş növbəti cəhd kimi dəyərləndirilə bilərmi?
Politoloq Xaqani Cəfərli baki-xeber.com-a bildirdi ki, Avropa Parlamentində əksəriyyət təşkil edən qüvvələrin Avropa İttifaqını Putinə müxalif qüvvələri və müharibə əleyhdarlarının dəstəklənməsinin zəruru olması haqqında müraciətləri hakimiyyət dəyişikliyinə yönəlmiş çağrış, cəhd kimi dəyərləndirilə bilməz. “Çünki, bu qüvvələrin dəstəklənməsinin Rusiyada hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacağını ağlı başında olan hər kəs bilir. Rusiyada demokratik seçki keçirilmir ki, hansısa bir qüvvə kənar dəstəklə seçkidə qalib gələ bilsin.
Putinə müxalif qüvvələri və müharibə əleyhdarlarının dəstəklənməsi post-putin dövrünün doğuracağı qayğılardan irəli gəlir”.
X.Cəfərli qeyd etdi ki, Putinin avtoritar rejimi devrildikdən sonra 5889 nüvə başlığının taleyi hər kəsi qorxudur. “Həmin nüvə başlıqlarından bir neçəsinin terrorçu qrupların əlinə düşməsi kifayətdir ki, bütün dünya nüvə təhlükəsi ilə üzləşsin. Putinə müxalif qüvvələri və müharibə əleyhdarlarının dəstəklənməsi Putindən sonra xaosun yaranmasının qarşısını almaq üçün atılmış addımdır. Ancaq qənaətimcə, Putindən sonra Rusiyada xaos qaçılmaz olacaq”-deyə X.Cəfərli vurğuladı.
İradə SARIYEVA